Bir çox məşhur filmlərin ssenaristi və produseri olan Fariz Əliyevin qorxu-komediya janrında yazdığı “Cin atı” filminin imza günü 10 dekabrda Dəniz Mall Cinemaplusda baş tutdu. Tədbirdə tamaşaçılar yaradıcı heyətlə birlikdə filmi izlədilər.
Filmdə əsas rollarda Əməkdar artist Dilarə Əliyeva, Müşviq Şahverdiyev və Nərmin Xankişiyeva yer alıb.
Filmin məzmununa görə, sirk təlimçisi olan Xilafə atın vurduğu zərbə nəticəsində ölür. Ölmədən öncə isə əri Ələşrəfdən xahiş edir ki, “heç olmasa, ilimi gözlə, sonra evlən!”. Ələşrəf Xilafəyə söz versə də, vədinə əməl etmir və 40 gün sonra Arifə ilə evlənir. Lakin Xilafə onların qovuşmasına imkan vermir.
Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov və İsmayıl Zeynalov, ssenari müəllifləri Fariz Əliyev, Əlibəy Məmmədli və Əcəmi Əsədulla, prodüseri Fariz Əliyevdir.
Film “Soy production” istehsalıdır.