Bakı Beynəlxalq Film Festivalının münsiflər heyətinin üzvlərindən biri İranın tanınmış aktrisası, rejissoru və ssenaristi Niki Kərimi idi. Bu, Niki xanımın Bakıya ilk səfəridir və onun gəlişi münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında geniş auditoriyalı master-klass təşkil olundu. Master-klass zamanı o, həm gənc kino mütəxəssislərinin, həm də kinoinfo.az portalının suallarını cavablandırdı.
– Gənc qadın rejissorlara nə məsləhət verərdiniz?
– Çox həssas bir məsələyə toxundunuz. Mən hazırda politologiya üzrə təhsil alıram və bu gün yaşadığımız dövrdə dünyanın hələ də çox patriarxal olduğunu açıq şəkildə görürəm. Bir çox sahələrdə mühüm mövqelər əsasən kişilərin əlindədir. Kino sahəsində çalışan qadınlara edilən təzyiq bəzən kişilərlə müqayisədə 4–5 dəfə çox olur. Amma hər şey qadının özünə olan inamından başlayır. Çünki çəkiliş meydançasına gedəndə yüz nəfərlik qrupun səksən faizi kişi olur və sən öz sözünü demək, fikirlərini ifadə etmək üçün kifayət qədər güclü olmalısan. Bu, təkcə kinoya aid deyil; hüquqdan tutmuş iqtisadiyyata qədər bütün sahələrdə eynidir. Qadınların səslərinin eşidilməsi üçün daha çox enerji sərf etmələri tələb olunur.
– Siz həm aktrisasınız, həm rejissorsunuz. Bu iki rol sizdə necə bir-birinə qarışır?
– Kino elə bir sahədir ki, özündə çətinlikləri və ziddiyyətləri daşıyır. Aktyorluqdan rejissorluğa keçid müəyyən qədər çətin ola bilər, amma insan öz təcrübələrini yaşadıqdan sonra bu yükün bir hissəsi yüngülləşir. Mən uzun illərdir kino mühitində olduğum üçün yaradıcılığa yad heç nə yox idi. Rejissorluğa başlayanda bu proses mənim üçün doğma və zövqlü oldu, ciddi bir çətinlik yaşamadım. Kino mənim üçün doğma bir məkandır.
– Festivalda izlədiyiniz filmlərdə ən güclü tendensiya nə idi: forma cəsarəti, mövzu seçimi, yoxsa yeni nəsil müəlliflərin şəxsi dil axtarışı?
– Bəzi ölkələrdən elə filmlər var idi ki, mən düşünmürdüm ki, orada hər hansı bir məsələni belə həssaslıqla qabarda bilsinlər. Bu mənim üçün çox gözlənilməz idi.
– İran kinosu məhdudiyyətlərə baxmayaraq, necə olur ki, dünyada tanınır və öz sözünü deyə bilir?
– Məncə bunun əsas səbəbi İranın qədim mədəniyyəti və ədəbiyyatıdır. Əgər bir xalqın kökü güclüdürsə, heç bir hakimiyyət onu tam dəyişdirə bilməz. Məhdudiyyətlər hər zaman olub, olacaq, amma mədəniyyət güclüdürsə, öz ifadə yolunu tapır. Məhdudiyyət artdıqca yaradıcı insanın mübarizə aparmaq və çıxış yolu tapmaq ehtiyacı da artır. Abbas Kiarostami də demişdi ki, məhdudiyyətlər olmasaydı, İran kinosu indiki kimi formalaşmazdı.
– İran kinosu artıq öz üslubunu yaradıb. Azərbaycan kinosunun da öz üslubunu formalaşdırması üçün nə vacibdir?
– Kino çoxqatlı və dolaşıq bir sənətdir. Hollivud hər il yüzlərlə film çəkir, amma bizə toxunanları barmaqla saymaq olur. İndi hər kəsin telefonu var, hər kəs nəsə çəkə bilir. Yəni texniki olaraq asanlaşıb, amma eyni zamanda çətinləşib. Məsələn, Kiarostamidən əvvəlki nəsildən olan Söhrab Şahid-Saless var – o, əslində İran müəllif kinosunun banilərindən biridir. Bu yaxınlarda onun Almaniyada çəkdiyi filmə baxdım, illər öncə çəkilməsinə baxmayaraq çox təsirli idi. Sosial medianın dövründə insanların diqqətini toplaması çətinləşib, yaradıcılıqda duyğuların orijinallığını qorumaq isə daha da çətin olub. Müəllif filmi çəkmək üçün özünə aid, səndən qaynaqlanan bir dil olmalıdır – bu gün isə onu qorumaq əvvəlkindən qat-qat çətindir.
– Aktrisa kimi işlədiyiniz rejissorlardan kimlərlə işləmək çətin, kimlərlə zövqlü olub? Bundan sonra kimlə işləmək istərdiniz?
– Daryuş Mehcuri ilə işləmək mənim üçün çox rahat olub. İran art-kino məktəbini dünyaya tanıdan rejissorlardan biridir. İlk böyük aktrisalıq mükafatımı da onun “Sara” filmi ilə almışam.
– Bir film çəkmək və ya tamaşa hazırlamaq üçün insanı nəsə ağrıtmalıdırmı?
– Duyğular daim hazır vəziyyətdə olmalıdır. Yazı və ya kino intuitiv bir sahədir. Ona görə də hər zaman yanınızda qeyd dəftəri və ya noutbuk olmalıdır ki, gələn fikirləri itirməyəsiniz. Şərt deyil ki, ağrı olsun; bəzən sadəcə sizin üçün maraqlı olan bir hiss sizi yaratmağa sövq edə bilir. Əsas məsələ daim hazırlıqlı olmaqdır. Sonradan həmin qeydə qayıdanda özünüz üçün yenə maraqlı olub-olmadığını görürsünüz.
– Necə oldu ki, Xoy və Urmiya gölü ətrafında Azərbaycan türkcəsində „Atabai” filmini çəkdiniz?
– Azərbaycan bölgəsi kino üçün çox toxunulmamış və eyni zamanda çox gözəl təbiətə malik bir yerdir. Çox film Tehranda və ya İranın şimalında çəkilir, amma Azərbaycan bölgəsi sanki kənarda qalıb. Düşündüm ki, bu yerlərdən niyə də istifadə edilməsin. Mənə görə çox cazibədar və vizual olaraq güclü məkanlardır.
– İndiyədək çəkildiyiniz filmlərdə ssenarilərə nə qədər müdaxilə edə bilmisiniz?
– Tamamilə ssenarist və rejissora tabe olmaq bəzən nəticəni zəiflədir. İran aktrisalarının şansı ondadır ki, biz daha çoxqatlı və çətin personajlarla işləyirik. Karyeramın əvvəlində gələn təkliflərin çoxuna “yox” demişdim. Mənim üçün maraqlı olmayan rolları qəbul etmirdim. Düşünürəm ki, bu seçimlər düzgün yola çıxmağıma kömək etdi.
– Abbas Kiarostaminin təsiri sizin yaradıcılığınıza necədir?
– Mən daha çox ədəbiyyatdan təsirlənirəm. Uşaqlıqdan ədəbiyyatla iç-içə olmuşam. “Atabai” filminin ssenarisini də Əli Əşrəf Dərvişiyanın bir romanından ilhamlanmışam. Səməd Behrənginin hekayələri də mənə hər zaman təsir edib.
– Aktrisa kimi ilk addımlarınızı necə atmısınız və bu sənəti necə seçmisiniz?
– İslam inqilabı olanda yeddi yaşım var idi. Mən də bir çox iranlı kimi çətin bir gənclik dövrü keçirdim. Amma başqa yol yox idi – davam etmək lazım idi. Hamı kimi yaradıcı insanlar da bu çətin yollardan keçiblər.
– Rejissorluq və aktrisalıq – hansı daha çətindir?
– Rejissorluq aktrisalıqdan daha çətindir.
– Öz sahənizdən kənarda təhsil almağınıza baxmayaraq, yenidən kinoya qayıtmaq fikriniz varmı?
– İki ssenari yazmışam, amma hələ hansını çəkmək istədiyimə qərar verməmişəm.
– Aktrisa kimi Azərbaycan filmində çəkilmək istərdinizmi?
– Buraya ilk dəfə gəlirəm və Bakı məni çox təsirləndirdi. Elə bu səfərdən sonra düşündüm ki, hətta burada film də çəkə bilərəm.
Aynur Kazımova


