Əsas FOTOSESİYAOKSANA RƏSULOVA: “TEATR MƏNİM ÜÇÜN HƏR ŞEYDƏN ÖNƏMLİDİR”

OKSANA RƏSULOVA: “TEATR MƏNİM ÜÇÜN HƏR ŞEYDƏN ÖNƏMLİDİR”

by editor

Kinoinfo.az aktrisa, prodüser Oksana Rəsulova ilə müsahibəni təqdim edir.

– Həkim, xoreoqraf, aktrisa, prodüser. Bu peşələrin bir-birinə hansısa təsiri varmı?

– Əslində, ilk baxışda elə görünür ki, bu sahələrin bir-biri ilə əlaqəsi yoxdur. Xoreoqrafiya və aktyorluq incəsənətə aiddirsə, prodüserlik və həkimlik tamam başqa sahələrdir. Amma mən deyərdim ki, hamısının bir-birinə faydası var. Tibb Akademiyasında oxuyarkən incəsənətlə də məşğul olurdum. Kursumuzun incəsənətlə bağlı fəaliyyətlərində iştirak edirdim, yəni, bu maraq hələ tələbəlik illərimdən vardı. Xoreoqrafiya və aktyorluğa meylim çox idi, öz üzərimdə çalışırdım və müəyyən nailiyyətlərim də vardı. Tibbi əla qiymətlərlə bitirdim, amma hər zaman aktrisa olmaq istəmişəm. 2012-ci ildə Hindistana üz tutdum və aktyorluq məktəbini bitirdim. Zee TV kanalında yayımlanan “Hindistanın ən yaxşı aktrisası” adlı şouda iştirak edib qalib oldum. Bu qələbə mənə göstərdi ki, yerim məhz bu sahədir. Xoreoqrafiya isə aktyorluqda çox kömək etdi — səhnə plastikasını, bədən dilini daha yaxşı anlamağa imkan verdi. Prodüser kimi isə mən, əsasən, kino və seriallarla məşğulam, yəni, yenə də incəsənətə bağlı işdir. Amma teatr mənim üçün tamam başqa bir dünyadır. Son illərdə anladım ki, teatr mənim gizli və ən dərin hisslərimin ifadəsidir. Teatr indi mənim üçün hər şeydən — həkimlikdən, xoreoqrafiyadan, prodüserlikdən və aktyorluqdan daha önəmlidir. Artıq dərk etmişəm ki, hər bir insanın həyatda bir missiyası olur, mənim missiyam isə teatr və dram aktrisalığıdır.

– Teatr tamaşaları ilə ölkə sərhədlərindən kənara qastrollara gedirsiniz. Bu səfərlər haqqında danışa bilərsiniz?

– Bizim teatr “M teatrı” adlanır və Xalq artisti Vidadi Həsənov tərəfindən təsis olunub. Müstəqil teatrdır və biz mütəmadi olaraq beynəlxalq festivallarda iştirak edirik. Konyada, Moldovada, Qazaxıstanda teatr festivallarında olmuşuq. Kommersiya məqsədli tədbirlərdə yox, yalnız dövlət dəstəyi ilə keçirilən festivallarda iştirak etmişik. Konya Teatr Festivalına iki il ardıcıl qoşulmuşuq. Birinci il “Yad qadının məktubu”, ikinci il isə “Ovod” və “İmmiqrantlar” tamaşalarını təqdim etdik. Moldovada isə “Yad qadının məktubu” tamaşamızı nümayiş etdirmişik. Sonra Qazaxıstanın Taldıqorqan şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak etdik. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Tatarıstan və Azərbaycan teatrları çıxış edirdi. Orada “Ən yaxşı aktrisa” nominasiyasında qalib oldum. Bu təkcə mənim üçün yox, bütün teatrımız üçün böyük uğurdur. Teatrımızın bu səviyyəyə çatmasında Vidadi Həsənovun rolu misilsizdir. O, həm pedaqoq, həm dramaturq, həm rejissor, həm də ssenaristdir. Onun sənətə və aktyorlara verdiyi dəyər bizə böyük stimul verir.

– Xarici həmkarlarınızla işləmək, ünsiyyətdə olmaq imkanınız olur. Azərbaycan kinosu nə qədər tanınır?

– Xarici həmkarlarım çoxdur, amma etiraf etməliyəm ki, Azərbaycan kinosu hələlik dünyada lazımi qədər tanınmayıb. Nə yaxşı ki, “Tağıyev” filmi kimi genişmiqyaslı layihələr var. O, artıq beynəlxalq səviyyədə nümayiş olunur və bu, sevindirici haldır. Amma ümumilikdə baxsaq, belə nümunələr azdır. Bəli, bəzi qısametrajlı filmlər beynəlxalq festivallarda iştirak edir və uğur qazanır, amma bu, çox nadir hallarda olur. Bizim ölkədə çox istedadlı rejissorlar və aktyorlar var. Arzum odur ki, Azərbaycan teatrı və kino sənəti dünya səviyyəsində tanınsın. Bunun üçün daha çox beynəlxalq festivallarda iştirak etmək, əlaqələr qurmaq və sənətimizi tanıtmaq lazımdır.

– Prodüser kimi hazırda hansı layihələr üzərində çalışırsınız?

– Hazırda “Qönçəbəyim” adlı qısametrajlı bədii-sənədli film üzərində işləyirik. Bu film Naxçıvanın sonuncu xanı Ehsan xanın qızı Qönçəbəyim haqqında dramatik hekayədir. Layihəni ARKA-ya təqdim etmişdik və artıq nəticələr açıqlanıb. Bədii-sənədli filmlər kateqoriyasında qalib layihələrdən biri də bizim “Qönçəbəyim”dir, dövlət dəstəyi ilə çəkiləcək. Ümid edirik ki, uğurlu olacaq.

– Bir prodüser olaraq layihə seçərkən hansı meyarlara üstünlük verirsiniz?

– Layihə seçərkən mənim üçün əsas məsələ onun məqsədidir. Vidadi müəllim bizə həmişə deyir: “Hər tamaşanın ali məqsədi olmalıdır.” Bu mənim üçün də əsas prinsipdir. Layihə maarifləndirici və düşündürücü olmalıdır. Cəmiyyətdə mövcud olan problemləri göstərməli, insanları empatiya qurmağa və düşünməyə sövq etməlidir. Filmlər və tamaşalar tamaşaçını həm emosional, həm də intellektual olaraq oyatmalıdır. Mən hər zaman düşünürəm: “Bu işi görəndə tamaşaçıya nə çatdırmaq istəyirəm? Onlar bu əsərə baxanda nə hiss edəcəklər?” Yaradıcı katarsis yaşatmaq əsas məqsəddir.

– Gələcək planlarınız nələrdir?

– Gələcək planlarım, əsasən, teatrla bağlıdır. Hazırda yeni tamaşalar üzərində işləyirik. 24 oktyabrda Heydər Əliyev Sarayında “Dorian Qrey” tamaşası nümayiş olunacaq. “White Roof Production”un təsisçisi Ziya Ağa bu gözəl tamaşanın prodüseridir, rejissoru isə Şimali Makedoniyalı Gjorgji Rizeskidir. Hazırda o bizimlə məşğul olur. Tamaşada Vidadi Həsənov, Firdovsi Atakişiyev, Dorian Qrey rolunda Ziya Ağa, eləcə də İlhamə Qasımova, Tural Rza, mən, Nicat Məmmədov və Firudin Seyidbəyli çıxış edirlər. Qeyd etməliyəm ki, bu tamaşanın həm bəstəkarı, həm də rəssamı Şimali Makedoniyadandır, lakin bütün xoreoqrafiyanı və balet hissəsini bizim sənətkarımız Etibar Məmmədov hazırlayır. Hazırda həm rəqs, həm də səhnə məşqləri intensiv şəkildə davam edir. Bu ayı tamamilə bu tamaşaya həsr etmişik. Daha sonra isə yeni tamaşalar qurmaq niyyətindəyik. Özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində ikinci kurs tələbəsiyəm — bu, artıq üçüncü təhsilimdir. Ustadım Vidadi Həsənovun dəstəyi ilə ilk tamaşamı — İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini səhnələşdirmişəm. Tamaşa artıq “M teatr”ın səhnəsində nümayiş olunur və çox yaxşı rəylər alıb. Aktyor heyətində Nicat Məmmədov, Aydan Həsənzadə, Pərvin Dadaşov, Əfqan Sultanov var, bəstəkar isə yaxın dostum və məşhur müğənni Sevinc Ağasıyevadır (Sivva).

Müsahibəni aldı:

Aynur Kazımova

Əlaqədar Yazılar