– Həm ssenaristsiniz, həm də rejissor. Sizin üçün hansı birinci yerdə gəlir? Yazmağı, yoxsa çəkməyi daha çox sevirsiniz?
– Mənim ixtisasım kinorejissorluqdur, eyni zamanda ssenari yazmağı da sevirəm. Bəlkə də müəllif kinosunu sevdiyim üçün özüm danışmaq istədiyim hekayələri həm yazıram, həm də çəkirəm. Düzünü desəm, mənə dramaturgiya daha yaxındır, çünki beynimdə qurduğum hekayəni yazmaqdan daha çox zövq alıram. Amma çəkiliş dövrü mənim üçün əziyyətlidir. Çəkilişdən sonra materiala baxanda və ya montaj zamanı nisbətən daha çox zövq alıram. Bəziləri çəkiliş zamanı əylənir, amma mən o hissəni psixoloji olaraq ağır keçirirəm. Məsələn, “Ata və oğullar” filmini çəkəndə bu proses mənə çox təsir etmişdi. Özümə yaxın mövzunu filmə çevirmək çətin hisslər doğurur.
– Rejissor kimi imtina etdiyiniz layihələr olubmu? Maddi səbəblər buna təsir edibmi?
– İmtina etdiyim layihələr çox olub, amma əsas səbəb maliyyə yox, ssenarilərin məni qane etməməsi olub. “Hədiyyə” filmini “Azərbaycanfilm”də çəkəndən sonra mənə bir tammetrajlı layihə təklif olunmuşdu, ssenarini bəyənmədiyim üçün qəbul etmədim. Həmçinin bəzi serial ssenarilərindən də imtina etmişəm. Hətta eləsi olub ki, “bu serialın uğur qazanmaq potensialı yoxdur” demişəm, amma həmin serial sonradan kult layihəyə çevrilib. Bu da onu göstərir ki, bəlkə də düzgün analiz etməmişdim. Sadəcə o hekayə mənə yaxın deyildi.
– Müasir kinomuzda yeni nəsil rejissorların əsas problemi nədir? Nəyə daha çox ehtiyac var – maliyyə, hüquqi dəstək, yoxsa başqa bir şey?
– Ən böyük problem maliyyə mənbəyidir. Bəli, pitçinqlər keçirilir, istehsalçı şirkətlərə dəstək var. Əvvəllər filmləri, əsasən, “Azərbaycanfilm” kinostudiyası istehsal edirdi, indi bu prosesdə rəqabət var və bu, çox müsbət haldır. Amma əsas problem xaricdən maliyyə cəlb edə bilməməyimizdir. Maliyyə, əsasən, dövlətdən gəlir. Özəl sektorun və başqa investisiyaların bu sahəyə daxil olması kino üçün böyük üstünlük olardı.
– Qlobalda tanınmaq üçün yaxşı film çəkmək yetərlidirmi? Yoxsa Mədəniyyət Nazirliyi, ARKA kimi qurumlar da bu prosesdə rol oynamalıdır?
– Qlobal uğur üçün yalnız yaxşı film çəkmək kifayət deyil. Film hələ çəkilməmişdən əvvəl tanıdılmalıdır. Rəqabət çox böyükdür, yaxşı film çəkənlər çoxdur. Ona görə PR işi əvvəldən başlamalıdır. Ən vacibi isə, koproduksiya, yəni, müştərək layihələrdir. Xarici prodüserlər və bazarlarla birgə işləmək vacibdir. Bu bizim kimi kiçik ölkələr üçün artıq sınaqdan keçmiş və effektiv bir yoldur.
– Ssenari yazarkən ən çətin mərhələ hansıdır – ideya tapmaq, yoxsa onu inkişaf etdirmək?
– Ən çətin mərhələ ideya tapmaqdır. Film nədən bəhs edir və nə demək istəyirəm – bu suallara cavab tapmaq əsas məsələdir. Bundan sonra personajları və onların motivasiyasını qurmaq daha asan olur. Təəssüf ki, bu, müasir kinematoqrafiyamızda ən zəif tərəflərdən biridir. Bir çox filmin müəllifindən “nə demək istəyirsiniz?” deyə soruşanda konkret cavab ala bilmirsiniz. Bu da ssenarilərin zəif qurulmasına səbəb olur.
– Yazı prosesi sizdə necə gedir? Planlı şəkildə yazırsınız, yoxsa ideya gəlməsə, başlamırsınız?
– Mənim gündəlik iş rejimim var. Hər gün səhər saat 9-da masa arxasına oturub saat 12 və ya 1-ə qədər qeydlər aparıram, düşünürəm. Bu, illərdir formalaşdırdığım bir vərdişdir. Təbii ki, bəzən yazdıqlarım konkret hadisə və ya eşitdiyim hekayələrdən qaynaqlanır. Araşdırma aparıram və sonra yazmağa başlayıram.
– Adətən, hansı mövzulardan və ya hisslərdən ilham alırsınız?
– Konkret mövzu yoxdur. Əsas odur ki, insan faktoru ön plandadır. İnsanın yaşadıqları, hissləri – ailə, sevgi, dostluq, məişət problemləri – bütün bunlar mənə yazmaq üçün ilham verir.
– Azərbaycan tamaşaçısının kino ilə münasibəti son illərdə dəyişibmi? Tələbləri artıb, yoxsa daha sadə yanaşırlar?
– Tələblər daim artır. Ümumilikdə isə dünya kinosunda da müşahidə olunur ki, tamaşaçılar daha yüngül, dramatik yükü az olan filmlərə üstünlük verirlər. Çünki gündəlik həyat onsuz da kifayət qədər çətindir. Müharibə, sosial problemlər insanları daha rahat, düşünmək tələb etməyən filmlərə yönəldir.
– İndiyə qədər çalışdığınız ən yaddaqalan komanda təcrübəsi hansı filmə aiddir və niyə?
– İlk filmim “0:1” olub. Gənc Film İstehsalçıları Assosiasiyasında çəkilmişdi və bəyənilmişdi. Sonra “Buta Film”lə yaxından işlədim, bir çox layihələrdə iştirak etdim. “Hədiyyə”, “Yuva”, “Tənha insanın monoloqu” kimi filmlər çəkdim. Hər film bir təcrübədir. “Nar bağı” filmində tanıdığım rəssam Arifi sonradan öz filmimə dəvət etdim. Kino komandası ilə işləmək həm öyrənmək, həm də paylaşmaq deməkdir.
– Azərbaycan kinosunun regional xüsusiyyəti nədir? Bizim kino digər ölkələrdən nə ilə fərqlənir?
– Kino vizuallıqdan əlavə personajlar üzərində qurulur. Mənim üçün əsas məsələ azərbaycanlı obrazını tapmaqdır. Biz kimik, hansı dəyərləri daşıyırıq – bu suallara cavab vermək vacibdir. Məsələn, biz danışmağı sevən xalqıq. Ona görə dialoqlarımız və obrazlarımız da buna uyğun olmalıdır. Tamaşaçı filmə baxanda deməlidir ki, bu personaj onun məhləsindəki insana bənzəyir.
– Sənət adamı üçün “kompromis” nə deməkdir? Müsbət və ya mənfi təsirləri varmı?
– Kompromis bu sahədə qaçılmazdır. Amma mən bəzi hallarda kompromisə getməyi sevmirəm. Məsələn, səhnənin keyfiyyəti üçün lazım gəlsə, öz qonorarımı verməyə hazıram. Amma bu, sənətin keyfiyyətinə mənfi təsir edəcəksə, o kompromisə getmək olmaz. Bəzi prinsipial məsələlər var ki, dəyişilə bilməz.
Müsahibəni aldı Aynur Kazımova






