1 may 2026-cı il tarixində Ağstafa rayonunda Azərbaycan Kinematoqrafçılar İttifaqı, Milli Kino Mərkəzi, Ağstafa İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr edilmiş tədbir keçirilib.
2010-cu ildən başlayaraq Azərbaycan Respublikası prezidentinin sərəncamıyla Mədəniyyət Nazirliyinin Salnamə studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş Milli Qəhrəmanlarımız haqqında sənədli filmlər çəkilməyə başlandı. 2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra bu silsilə çərçivəsində Vətən Müharibəsi Qəhrəmanları haqqında filmlərin çəkilişləri davam etdirildi. Bu silsilədən artıq 115 sənədli film çəkilib.
Bu silsilənin növbəti filmi Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsində qulluq etmiş baş gizir Azər Yusifli haqqında “Vətənin Azəri” sənədli filmidir. Filmin ssenari müəllifi və rejissoru Kamalə xanım Musazadə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü və Milli Kino Mərkəzinin rəhbəridir. Filmin çəkilişləri Azər Yusiflinin doğulub boya-başa çatdığı Ağstafa rayonunda, Böyükkəsik kəndində, həmçinin Azərin döyüşdüyü Cəbrayıl, Füzuli rayonlarında və şəhid olduğu Zəngilan şəhərində aparılıb. Azər Yusifli Zəngilana ilk bayraq sancan qəhrəmanımızdır.
28 Mart 2024-cü il tarixində Milli Kino Mərkəzinin və Ağstafa İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azər Yusiflinin 30 illik yubileyi Ağstafa şəhər Heydər Əliyev Mərkəzində keçirilmişdir. Tədbirdə Ağstafa İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal, Azər Yusiflinin döyüş yoldaşı Cavidan Səfərov, filmin rejissoru və ssenari müəllifi, Azərbaycan Kinematoqrafçılar
İttifaqının üzvü, Milli Kino Mərkəzinin rəhbəri, kinorejissor Kamalə Musazadə və Azər Yusiflinin atası Nazim Yusifov çıxış etdilər.












