“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi Pakistanda keçirilən iki film festivalında mükafata layiq görülüb.
Film Pakistanda keçirilən “Peshawar International Film Festival” və “Iconic Indie Film Awards” Festivallarında “Ən yaxşı sənədli film” kateqoriyalarında mükafat əldə edib. “Nəsil yaddaşı” film həmçinin “Rome Prisma Film Awards” (İtaliya), “Golden Bridge Istanbul Short Fılm Festival” (Türkiyə), “San Antonio Independent Film Festival” (Ekvador), “Rivers International Film Fetsival” (Nigeriya) festivallarının əsas müsabiqə proqramlarına salınıb.
“Nəsil yaddaşı” filmi 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edir. Əsas süjet xəttini 2020-ci il Vətən Müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.
Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.
Qeyd edək ki, filmin istehsalına post-prodakşn dəstəyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən verilib.








