Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2025-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
Pərviz Həsənov (rejissor) – “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə
Daniel Quliyev – “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə
Səbuhi Atababayev – “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə
Fehruz Şamıyev – Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova, rejissor İlkin Yusif, animator Rəşid Ağamalıyev, prodüser İntiqam Hacılı, rejissor və prodüser Əli-Səttar Quliyev, prodüser Emil Nəcəf, aktyor Rasim Cəfər, prodüser Orxan Mərdan və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.