Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.
Müsabiqənin münsiflər heyətinin sədri Vidadi Həsənov və münsiflər heyətinin üzvləri Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova müsabiqəyə qatılmış 96 ssenaridən 71-ni finala buraxıblar. Vacib məqam odur ki, bu il əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən qadın müəlliflərin sayı kişi müəlliflərlə eynidir. Müsabiqənin təşkilatçılarının məqsədlərindən biri də xanım müəlliflərin aktivliyinin artırılması idi.
“Mən qadınam” tammetrajlı ssenari müsabiqəsinin qaliblərini elan edirik:
1-ci yer – Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”
2-ci yer – Çinarə Əlişli “Piyada vəzirə doğru”
3-cü yer – Səməd Ağayev “Qonşu evin işıqları”
Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)
Hacı Səfərov “Nigarın evi” (AKTUAL SOSİAL PROBLEMİN UĞURLU DRAMATURJİ STRUKTUR HƏLLİNƏ GÖRƏ)
İntiqam Hacılı “İş axtaran qız” (SOSİAL PROBLEMLƏRLƏ ÜZLƏŞƏN QADIN PERSONAJIN DRAMININ İFADƏSİNDƏ CƏSARƏTLİ BƏDİİ HƏLLİNƏ GÖRƏ)
Ülviyyə Heydərova “Zülf” (AİLƏ SƏADƏTİ İLƏ VƏTƏNDAŞLIQ BORCU ARASINDA ƏLAQƏNİN UĞURLU BƏDİİ HƏLLİNƏ GÖRƏ)
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, bu məqsədlə hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.
Xatırladaq ki, qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər. (I yer – 5000 AZN, II yer – 3500 AZN, III yer – 2500 AZN)
