Əsas ARKA-DA“AĞALI” FİLMİ POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏDİR

“AĞALI” FİLMİ POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏDİR

by editor

“Ağalı” adlı tammetrajlı bədii filmin istehsalı davam edir.

“Karvan prodakşn” şirkətinin istehsalı olan filmin baş prodüseri Elməddin Alıyev, rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadə, ssenari müəllifi Ülviyyə Heydərova, rəssamı Turan Fərəcova, qrim rəssamı isə Adilə Alıyevadır. Filmdə Güşvər Şərifova, Yaqut Paşazadə, Günəş Mehdizadə, Türkay Cəfərli və Rasəf Mehdiyev çəkilirlər.

“Ağalı” 2023-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən keçirilən müsabiqədə qalib gəlmiş layihələrdən biridir.

Filmin yaradıcı heyəti bildirir ki, “Ağalı” ilk olaraq beynəlxalq festivallarda təqdim olunacaq, daha sonra isə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

“Ağalı” filmini çəkməyə, bu layihəni həyata keçirməyə sizi nə ilhamlandırdı?

Elməddin Alıyev: Açığı, bizi ARKA-nın müsabiqəsi ilhamlandırdı. Müsabiqədə Ülviyyə Heydərovanın  ssenarisi ilə iştirak etdik. Qalib olduqdan sonra film çəkildi. Biz daha öncə də müsabiqələrdə iştirak etmişik. “Nargin” bədii-sənədli filmi ilə müsabiqəyə qatılıb qalib olmuşuq. O film çəkilib və artıq hazırdır. Yeni layihələrimizlə də müsabiqəyə qatılmışıq. Davamlı olaraq kino istehsalı ilə məşğuluq.

Xəyyam Abdullazadə: Bu layihə ümumiyyətlə müsabiqənin piçinq mərhələsindən keçməmişdi. Sadəcə, hekayənin fərqli və maraqlı olduğunu düşündüyümüz üçün apellyasiyaya müraciət etdik. Bu, bir qadın hekayəsi idi. Birinci və ikinci Qarabağ müharibəsi qadının gözü ilə göstərildiyi üçün apellyasiya razılaşdı ki, film çəkilsin. ARKA apellyasiya mərhələsinə Semih Kaplanoğlunu dəvət etmişdi. O da öz məsləhətlərini verdi. İlkin ssenaridə bir qadın qəhrəman var idi, amma məsləhətlərdən sonra qəhrəmanların sayı ikiyə artırıldı. Ssenari təkmilləşdirildikdən sonra daha maraqlı oldu.

Müharibəni əsgər və ya döyüşçü üzərindən göstərmək olar, amma qadınlar müharibədə daha çox əziyyət çəkən, haqsızlığa uğrayan tərəfdir. Qəhrəmanlarımız birinci Qarabağ savaşında müharibənin qurbanına çevrilmiş, böyük travmaları olan insanlardır. Film vizual olaraq yol filmi kimi görünə bilər, amma qəhrəmanlar gerçəkdə heç bir yol qət etmirlər. Onlar otuz il boyunca işğaldan əvvəlki həyatlarında qalmış insanlardır.

Bizim filmimizdə kütləvi səhnələr yoxdur. Tamaşaçını müxtəlif vəziyyətlərə sala biləcək vasitələrimiz az idi. Filmdə yalnız iki qəhrəman var, elə bir kadr yoxdur ki, onlar görünməsin. Bu səbəbdən tamaşaçını yormaq bizi narahat edirdi. Üstəlik, qəhrəmanların ikisi də qadın və yaşlıdır. Buna baxmayaraq, hər şey yaxşı alındı. Filmin ilkin versiyasını ARKA komissiyasına göstərdik və onlar yorulmadıqlarını dedilər.

Çəkiliş prosesi başlayanda hansı çətinliklərlə qarşılaşdınız və bunları necə həll etdiniz?

Elməddin Alıyev: Çəkilişdən öncə hazırlıq dövründə çətinliklərimiz oldu, çünki Qarabağ mövzusu həssas mövzudur. Aktyor seçimi çətin idi, geniş kastinq mərhələsi keçdik. Məkan seçimi də asan olmadı. Çünki film boyunca yol hadisələri davam edir – qəhrəmanlar Bakıdan Qarabağa qədər gedirlər. Biz məkanları həm çəkiliş baxımından, həm də rahatlıq baxımından uyğun qurmalı idik. Çəkilişlərin çoxu yolda baş verdiyi üçün proses asan olmadı, əksinə, çox əziyyətli keçdi.

Bu zaman filmi yol filmi adlandırmaq olar?

Elməddin Alıyev: Görünüş olaraq yol filmidir. Amma biz komanda olaraq əvvəlcədən məqsəd qoymuşduq ki, yol filmi olmasın. Sadəcə, qəhrəmanlar məqsədə çatmaq üçün yol gedirlər.

Bu cür həssas mövzuda aktrisaların həmin travmaları filmdə əks etdirməsi üçün hansı hazırlıqlar gördünüz?

Elməddin Alıyev: Çəkilişdən öncə aktrisalarla hazırlıq prosesi aparırdıq. Onlarla mütəmadi söhbətlər edirdik, ssenari üzərində məşqlər aparırdıq. Obrazların ən xırda məqamlarını belə danışırdıq. Təsadüfən elə oldu ki, seçdiyimiz aktrisalar Qarabağ zonasındandır və vaxtilə qaçqın düşüblər. Hekayə onlara çox yaxın idi.

Xəyyam Abdullazadə: Aktrisalarımız həmin hadisələri özləri də yaşamışdılar. Məsələn, filmin final səhnəsinin çəkildiyi məkanda 1993-cü ildə qırğınlar olmuşdu. Həmin hadisəni orada yaşayan bir nəfər aktrisamıza danışdı. Bu, ona çox təsir etdi. Ümumiyyətlə, Qarabağ mövzusu Azərbaycan kinosunun qarşısında böyük öhdəlikdir. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi ilə bağlı kino həm ölkə, həm də dünya tamaşaçılarına çox şeyi çatdırmalıdır.

Dram janrında çəkilən ekran işinin büdcəsi 490 min AZN təşkil edir. Filmin nümayişi 2026-cı ildə nəzərdə tutulur.

Müsahibəni aldı: Aynur Kazımova

Əlaqədar Yazılar