Əsas ELANLAR“Sən, ey uşaqlıq” tammetrajlı bədİİ fİlm ssenarİ müsabİqəsİ elan edİlİr

“Sən, ey uşaqlıq” tammetrajlı bədİİ fİlm ssenarİ müsabİqəsİ elan edİlİr

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsini elan edir. AKİ, artıq bir neçə ildir ki, davamlı olaraq ssenari müsabiqələri təşkil edir və bunu, kinomuzu inkişaf etdirən, müəlliflər arasında rəqabəti artıran və ssenari yaradıcılığına marağı stimullaşdıran mühüm mexanizm sayır.

Azərbaycan kinosunun uşaqlar üçün kino ənənəsi zəngindir. Koloritli uşaq qəhrəmanlarının iştirakilə çəkilən filmlər bir neçə nəsil tamaşaçını mənəvi ideallar üzərində formalaşdırıb. Dünya kinosuna xas uşaq qəhrəmanların dili ilə ciddi mövzuları qaldırmaq fəndi milli kinomuza da aiddir. “Şərikli çörək”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Süd dişinin ağrısı”, “Ögey ana”,”Tənha narın nağılı”, “Gəmi saatının sirri”, “Buta” kimi filmlərin tamaşaçılarının yaş həddi yoxdur. Bu dramlarla yanaşı macəra dolu, əsasən balaca tamaşaçılara ünvanlanmış, amma böyükləri də biganə buraxmayan “Sehrli xalat”, “Bir qalanın sirri”, “Mən mahnı qoşuram”, “Dərs” kimi uğurlu nümunələr var.

Müstəqillik illərinin kinosunda ən böyük problemlərdən biri də nəinki uşaqlar üçün, qəhrəmanı uşaq olan böyüklər üçün filmlərin olmamasıdır. Halbuki uşaqlar ölkəmizdə baş verən siyasi, iqtisadi, ictimai, hərbi və s. hadisələrin bəzən şahidi, bəzən iştirakçısı, bəzən isə qurbanlarıdır.
Bu gün Azərbaycan uşaqları: şəhid, qazi övladları, kənd məktəbliləri, idman və bilik yarışmalarının qalibləri, məktəbli və yeniyetmələr, kitabsevərlər, incəsənətə maraqlı balaca aktyor və aktrisalar, texnika və elm həvəskarları – bir sözlə, sadəcə xoşbəxt uşaqlıq arzusu ilə yaşayan milyonlarla övladlardır. Onlar ənənəvi olaraq “atalar-oğullar”, böyümənin psixoloji sarsıntıları, psixoloji, cinsi, mental formalaşmanın çətinliklərini, nəsillərarası rəqabətin təzyiqini üzərində hiss edən, sabahın vətəndaşı, deməli, elə vətənimizin sabahıdırlar. İmkanlarından, şəraitlərindən və baxışlarından asılı olmayaraq, “mən uşağam” deyərək yoluna davam etməyə güc tapan şəxsiyyətlərdir. Onların həyatını əks etdirən filmlər onlara güc verməli, uşaqlığın həzzini çıxarmağa kömək etməli, sağlam, işıqlı dalğaya kökləməlidir. “Sən ey uşaqlıq” tammetrajlı film ssenarisi müsabiqəsi, sadalanan hədəflərə çatmaq üçün elan edilmiş müsabiqədir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinin şərtlərini təqdim edir:

– ssenarinin baş qəhrəmanı 15 yaşa qədər uşaq olmalıdır.

– ssenarilərin janr məhdudiyyəti yoxdur.

– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (2000-2025-ci illər kəsiyində)

–  müsabiqəyə göndərilən ssenarilər minimum 55 səhifə olmalıdır.

– ssenarinin titul vərəqində ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə elektron ünvanı, əlaqə üçün telefon nömrəsi qeyd olunmalıdır.

– ssenarilər ancaq tammetrajlı bədii film formatında olmalıdır (animasiya, sənədli film, qısametrajlı film ssenariləri  qəbul olunmur).

– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

– əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– müsabiqədə iştirak üçün aşağıdakı sənədlər elektron formada [email protected]  poçt ünvanına “Sən, ey uşaqlıq” başlığı ilə, çap olunmuş nüsxələrini (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30) təqdim edilməlidir :

 tammetrajlı bədii filmin ssenarisi, (ssenari formatında, şrift: Courier New, ölçü: 12)

sinopsis (maksimum 1 vərəq yarım)

müəllif haqqında məlumat (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, təhsil haqda məlumat)

-Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenarilər 1 oktyabr 2025-ci il tarixindən – 1 aprel 2026-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına həm elektron, həm də çap formasında təqdim edilməlidir.

Finalçılar 15 iyul, qaliblər isə 2 avqust 2026-ci il tarixində elan olunacaq.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Əlaqədar Yazılar