Əsas ELANLAR“ÖZ FİLMİNİ YARAT!” QISAMETRAJLI FİLM LABORATORİYASI

“ÖZ FİLMİNİ YARAT!” QISAMETRAJLI FİLM LABORATORİYASI

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas layihələrindən biri kinematoqrafçılar üçün nəzərdə tutulan təlim proqramlarıdır. Bu proqramlar yeni başlayan və inkişaf etmək istəyən rejissorlar, ssenaristlər və prodüserlər üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazandırmağı hədəfləyir. AKİ bu məqsədlə yeni layihə elan edir: “Öz filmini yarat!” qısametrajlı film laboratoriyası.

Laboratoriyanın məqsədi iştirakçıların öz orijinal film ideyalarını inkişaf etdirmələri, onları peşəkar şəkildə sinopsis, tritment və ssenari mərhələlərinə gətirmələri, daha sonra isə çəkiliş prosesinə keçərək qısametrajlı filmlərini tamamlamalarıdır. Təlim rejissor və prodüser, AKİ katibi Oleq Səfərəliyev tərəfindən aparılacaq, lakin iştirakçılar digər yerli mütəxəssislər tərəfindən də ustad dərsləri alacaqlar ki, bu da iştirakçılara yaradıcı sənayedə qəbul olunmuş müasir yanaşmalarla tanış olmaq imkanı yaradacaq. Hər bir iştirakçı mentor dəstəyilə öz layihəsini addım-addım inkişaf etdirib, laboratoriyanın sonunda filmini nümayiş üçün hazır vəziyyətə gətirəcək.

“Öz filmini yarat!” qısametrajlı film laboratoriyası həmçinin kinematoqrafçılar arasında yaradıcı mühiti gücləndirməyi, onların bir-biri ilə əməkdaşlıq etməsi və peşəkar şəbəkələrini genişləndirməsinə şərait yaratmağı qarşısına məqsəd qoyur.

Layihənin şərtlərini və təfərrüatlarını qeyd edirik:

İDEYADAN FİLMƏ DOĞRU YARADICI PROSES

1. İDEYA – Yaradıcılığın başlanğıcı

Hər bir filmin təməli – ideyadır. Lakin kino yaradıcılığı yalnız ideyanın yaranması ilə başlamır, həm də onun peşəkar şəkildə inkişaf etdirilərək hazır filmə çevrilməsi ilə tamamlanır. Təlimin bu bölümündə iştirakçılar:

ideyanın necə formalaşdığını,

əsas konflikt və mövzunun necə müəyyənləşdirildiyini,

hekayənin əsas emosional xəttini,

tamaşaçıya ötürüləcək mesajı

Aydın şəkildə strukturlaşdırmağı öyrənəcəklər. Bir sözlə, təlimdə iştirakçılar ideyanın formalaşmasından başlayaraq ssenarinin yazılmasına və filmin final mərhələsinə qədər bütün proseslərlə tanış olacaqlar.

2. SİNOPSİS – Qısa, lakin güclü təqdimat

Sinopsis filmin qısa məzmunudur. Iştirakçılar bu mərhələdə:

sinopsisin strukturu,

dramaturgiyanın prinsipləri,

əsas personajların təqdimatı,

filmin atmosferi və emosional tonu,

ideyanın peşəkar sinopsisə çevrilməsini

öyrənəcəklər. İştirakçılar öz ideyalarını peşəkar sinopsiyə çevirərək həm lokal, həm də beynəlxalq platformalarda layihə kimi təqdim etməyə hazır vəziyyətə gətirəcəklər.

3. TRİTMENT – Hekayənin geniş təsviri

Tritment sinopsis və ssenari arasında körpü rolunu oynayır və  filmin daha geniş, detallı təsviridir. Tritment gələcək ssenari üçün bünövrə rolunu oynadığına görə təlimdə onun üzərində xüsusi praktiki işlər aparılacaq.

Təlimin bu mərhələsində iştirakçılar:

hər səhnənin hekayə quruluşu,

hekayənin bütün səhnələrinin ardıcıllığının izahı

dramatik gərginliyin idarə olunması,

vizual təsvirlərlə işləmə,

personaj inkişafı

bu kimi bacarıqları inkişaf etdirəcəklər.

4. SSENARİ – Kinonun yazılı forması

Ssenari filmin ən vacib hissəsidir, filmin yazı ilə təsviridir. Burada iştirakçılar:

ssenari quruluşu (üçaktlı model və alternativ strukturlar),

dialoqların yazılması,

səhnə təsvirləri və ritm,

konflikt və dramatik inkişaf,

beynəlxalq ssenari formatı

İştirakçılar öz tritmentlərini peşəkar ssenariyə çevirməyi, ssenari ilə tritmentin fərqini və s. detalları öyrənəcəklər.

5. FİLM – Yekun məhsulun yaradılması

Son mərhələ ideyanın vizual realizasiyası, filmin ekrana gətirilməsidir. Bu hissədə öyrədiləcək:

rejissor–ssenarist əməkdaşlığı,

rejissor ssenarisinin yazılışı

aktyorla iş

çəkiliş prosesinə hazırlıq,

filmin vizual həlli,

post-prodakşn (montaj, səs, rəng korreksiyası, bəstəkarla iş),

film festivallarına və bazarlara təqdimat strategiyaları.

Bu bölmə iştirakçılara layihələrin real filmə çevrilməsi üçün praktiki bilik və baxış bucağı qazandıracaq. Eyni zamanda onlar, kino yaradıcılığının əsl komandada necə həyata keçirildiyini öyrənəcəklər.

Təlim proqramı iştirakçılara İDEYA – SİNOPSİS – TRİTMENT – SSENARİ – FİLM ardıcıllığı üzrə kino layihəsinin necə qurulduğunu, inkişaf etdirildiyini və həyata keçirildiyini dərindən öyrədəcək.

Bu təlim yaradıcılıq prosesinə sistemli yanaşma təqdim edir və iştirakçılara öz film layihələrini sıfırdan peşəkar səviyyəyə qədər inkişaf etdirmək imkanı yaradır və həm yeni başlayanlar, həm də təcrübəsini gücləndirmək istəyən kino mütəxəssisləri üçün nəzərdə tutulub. Məqsəd, yaradıcı düşüncəni sistemləşdirmək, iştirakçılara professional yanaşma qazandırmaq və onların film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmələrinə dəstək olmaqdır.  Təlimin məqsədi yalnız bilik vermək deyil, həm də iştirakçıların öz yaradıcılıq potensialını kəşf edərək onu reallaşdırmalarına şərait yaratmaqdır.

Təlim prosesində iştirakçılar yaradıcılıq prosesini dərindən mənimsəmək üçün əlavə olaraq operator, kino rəssamı, kino bəstəkarı, prodüser və s. peşənin mütəxəssisləri ilə görüşəcəklər. Seçilmiş layihələr ekranlaşdırılıcaq.

Layihəyə müraciət etmək istəyənlər dekabrın 1-ə qədər AKİ-nin email ünvanına [email protected] “Öz filmini yarat!”  başlığı ilə aşağıdakı məlumatlarla müraciət edə bilərlər.

Gələcək qısametrajlı bədii filmin ideyası

Motivasiya məktubu

Bioqrafiya və filmoqrafiya (əgər varsa)

Əlaqədar Yazılar