Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramını elan edir.
Proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilmiş iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər. Master-klaslar və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar.
Layihəyə azərbaycanlı prodüser və rejissor olaraq komanda halında, inkişaf mərhələsində olan tammetrajlı bədii film layihələri ilə müraciət edə bilərlər (seçilmiş layihənin ssenari müəllifi dinləyici kimi qoşula bilər). Rejissor layihənin müəllif hüquqlarına sahib olmalıdır (ssenaristin razılığı tələb olunur). Təlimin dili ingilis dili olduğu üçün layihəni təqdim edən heyətin (rejissor və prodüser) ingilis dilini bilməsi şərtdir (ən azı bir nəfərin) və bütün materiallar ingilis dilində təqdim olunmalıdır.
Bu, bədii tammetrajlı film layihəsi üzərində işləyən, loqlayn, sinopsis və tritmenti olan kinematoqrafçılar üçün nəzərdə tutulan bir həftəlik inkişaf proqramıdır. Təlim müddətində iştirakçılara loqlayn, sinopsis və tritmentin inkişafı məqsədilə intensiv dərslər və təkbətək görüşlər keçiriləcək, layihə təqdimatı və pitçinq bacarıqları inkişaf etdiriləcək.
Müraciət etmək istəyənlər bütün məlumatları İNGİLİS DİLİNDƏ, 1 PDF faylında (faylın adı müraciətçinin öz adı ilə adlandırılmalıdır) [email protected] email ünvanına “Şərq-Qərb Kino Lab” başlığı ilə göndərməlidirlər.
Tələb olunan materiallar:
Loqlayn
Sinopsis (200–300 söz)
Motivasiya məktubu
Rejissorun bioqrafiyası və filmoqrafiyası
Prodüserin bioqrafiyası və filmoqrafiyası
Rejissor şərhi – 3 dəqiqəlik video (ingilis dilində)
Tritment (maksimum 5 səhifə)
Pitch deck (əgər varsa)
Layihənin əsas məqsədi, rəqabətin yüksək olduğu beynəlxalq platformalarda azərbaycanlı kinematoqrafçıların seçilmə və iştirak potensialını artırmaqdır. Bu məqsədlə film layihələrinin beynəlxalq təqdimat qaydalarına uyğun, peşəkar şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır. İştirakçılar bu bilik və bacarıqları rejissor və ssenarist, Orxan Ağazadə və prodüser Jül Qranje tərəfindən keçirilən təlimlər vasitəsilə əldə edəcəklər.
Orxan Ağazadə London Film Schoolun məzunudur. Qısametrajlı “Oturacaqlar” (“The Chairs”) bədii filmi və tammetrajlı “Kinomexanikin qayıdışı” (The Return of the Projectionist) bədii-sənədli filmi bir çox beynəlxalq film festivalında nümayiş olunub və müxtəlif mükafatlara layiq görülüb. Onun tammetrajlı bədii layihəsi “Məhbus” (The Prisoner) “Cinéfondation Résidence” (Cannes Film Festival) kimi nüfuzlu inkişaf proqramına seçilən ilk Azərbaycan layihələrdəndir.
Jül Qranje KIDAM (Fransa) şirkətinin prodüseri və maliyyə-idarəetmə direktorudur. Müxtəlif sənədli və bədii film layihələrinin istehsalı və maliyyələşdirilməsi üzrə təcrübəli prodüserdir, həmçinin Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filminin prodüserlərindən biridir.
Layihəyə müraciət üçün son qəbul günü 5 Martdır. Təlimlər 8-14 aprel tarixlərində baş tutacaq. Pitçinqdə qalib olan layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.
