Əsas Blog“ÜMİD ZİRVƏSİ”: DAĞIN SÜKUTUNDA QALAN ÜMİD

“ÜMİD ZİRVƏSİ”: DAĞIN SÜKUTUNDA QALAN ÜMİD

by editor

Elçin Quliyevin filmi Şahdağ faciəsini sənətə çevirir

2017-ci ilin sərt qışında üç alpinistin Şahdağ zirvəsinə qalxarkən yoxa çıxması təkcə ailələrinə deyil, bütün cəmiyyətə dərin iz qoydu. O faciə günlərində hər birimizin ürəyi ümidlə döyünürdü: “Bəlkə tapılarlar, bəlkə sağdırlar…” Lakin dağın amansız sükutu ümidləri boğdu.

Rejissor Elçin Quliyevin çəkdiyi “Ümid zirvəsi” filmi həmin hadisəni ekranlaşdıraraq bizə təkcə bir faciəni xatırlatmır. O, tamaşaçını həm də insanla təbiət, həyatla ölüm, ümidlə ümidsizlik arasında qalan incə bir xəttin üzərinə aparır.

Sənədli faktların üzərinə bədii nəfəs

Filmdə real xatirələr, xilasedicilərin səsi, ailələrin göz yaşları sənədli güc kimi dayanır. Amma rejissor bununla kifayətlənmir , kadrların sükutu, qarın ağlığı, dağın sərtliyini əks etdirən təsvirlər faciəni sanki insanın ruhuna hopdurur.

Bir tamaşaçının dediyi kimi: “Filmi izləyərkən özümü sanki o yamacda hiss etdim. Əllərim üşüdü, nəfəsim daraldı. Və ən əsası içimdə son ana qədər ümid qalxdı.”

Ümidlə ümidsizlik arasında

“Ümid zirvəsi” sadəcə bir yoxa çıxma hekayəsi deyil. Bu film insanın öz qorxuları, taleyi və gücü ilə üz-üzə qalmasının poetik ifadəsidir. Hər kadrda “bəlkə də xilas olarlar” düşüncəsi boy göstərir, amma dağın səssizliyi bunu darmadağın edir.

Uğurlu addım

Son illərdə ekranlaşdırılmış sənədli-bədii filmlər arasında “Ümid zirvəsi” xüsusi yer tutur. O, tamaşaçıya bir faciəni xatırlatmaqla yanaşı, həm də həyatın sərt həqiqətlərini qəbul etməyi öyrədir.

Nə etmək olar ki,təbiət çox vaxt insanları bağışlamır. “Ümid zirvəsi”  yalnız bir faciənin yox, həm də insan iradəsinin, dözümünün və ümidin zirvəsidir.

Tahir Tahiroviç

Əlaqədar Yazılar