Film Birinci Dünya müharibəsi illərində Nargin adasında əsir saxlanılan türk hərbçilərinin acı taleyindən və onlara kömək edən Sona xanım Hacıyevanın fədakarlığından bəhs edir. Real tarixi hadisələrə əsaslanan ekran işi həmin dövrün dramatik ab-havasını, insan talelərini və ağır şəraitdə göstərilən cəsarəti ön plana çəkir.
Rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadə olan film Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Karvan production” tərəfindən istehsal edilib.
Filmin rejissorlarından biri Elməddin Alıyev kinoinfo.az saytına layihə ilə bağlı sualları cavablandırıb.
– “Nargin” filmi ideyası necə yarandı və sizi bu mövzuya gətirən əsas səbəb nə oldu? Sona xanım Hacıyeva haqqında araşdırma prosesi necə keçdi?
2020-ci ildə rejissor Xəyyamla bu mövzuda danışdıq. O, belə bir film çəkmək istəyirdi. Araşdırma zamanı tarixçi Füzuli Sabiroğlu vasitəsilə arxiv materialları tapdıq. Sona xanım haqqında cinayət işi olmuşdu və bu sənədlər Gürcüstan arxivindən götürülmüşdü.
Arxiv materiallarından sonra artıq faktlara söykənən bir hadisə ortaya çıxdı. Söhbət türk əsirlərinin adadan qaçırılmasından gedir və bu hadisədə Sona xanımın adı ön sıralarda qeyd olunur. Bundan sonra Xəyyam Abdullazadə ssenari yazmağa başladı.
2022-ci ildə Qorqud Ata festivalında Türkiyədən tərəfdaş tapdıq. Daha sonra Bakıya gəlib ARKA-nın təşkil etdiyi pitçinq müsabiqəsində iştirak etdik. 2023-cü ildə layihə qalib oldu və film istehsalına başladıq.
– Filmin janrı bədii-sənədli kimi təqdim olunur. Bu balansı qorumaq çətin oldumu?
Daha çox bədii hissəyə üstünlük verməyə çalışdıq ki, tamaşaçı üçün maraqlı olsun.
– Tarixi mövzuda dramatizasiya ilə reallıq arasında balansı necə qurursunuz?
Bədii səhnələrdə dramatik hissəni gücləndirdik. Sənədli hissələr isə faktlara əsaslanır. Ümumilikdə çalışdıq ki, film axıcı və ardıcıl olsun.
– Sizi ən çox təəccübləndirən nə oldu?
Ən çox təəccübləndirən Sona xanımın əsirləri qaçırmaq planı oldu. Birinci Dünya müharibəsi dövründə Bakıda yaşayan bir qadının belə riskli addım atması çox təsirlidir. Bu, layihənin əsas ideyasına çevrildi.
– Çəkilişlər zamanı ən çətin səhnə hansı oldu?
Ən çətin səhnələr bədii hissələr idi. Xüsusilə həbsxana səhnələrinin çəkilişi çətin oldu. Ümumiyyətlə, tarixi film çəkmək bütövlükdə çətindir.
– Aktyor seçimi zamanı əsas meyarlar nə idi?
Baş rol üçün Sona xanımın yaş dövrünə uyğun aktrisa axtarırdıq. Çox kastinq etdik və sonda Günel İmanovanın ən uyğun seçim olduğunu düşündük. Həm yaşına, həm də obrazına görə uyğun idi.
Filmin ssenaristi və rejissorlarından biri Xəyyam Abdullazadə premyera zamanı kinoinfo.az saytının suallarını cavablandırdı.
– Sona xanımın hekayəsində daha çox nəyə fokuslandınız – tarixi faktlara yoxsa insan dramına?
Tarixi faktlar vacibdir, çünki filmin sənədli hissəsi var. Amma insan dramı da çox önəmlidir. Əslində bu layihə əvvəlcə tammetrajlı bədii film kimi nəzərdə tutulmuşdu. Sonradan maliyyə səbəbilə bədii-sənədli formata keçirildi. Bu, böyük büdcə tələb edən tarixi mövzudur. Bu hekayə bir qadının hekayəsidir. Sona Hacıyeva haqqında çox az məlumat var və biz onu tanımalıyıq. Təəssüf ki, həmin dövr tariximizdən çox şey gizlədilib. Bu layihəni araşdırarkən ilk dəfə tariximiz haqqında nə qədər az bildiyimizi anladım. Hətta 100 ildən bir az əvvəl baş vermiş hadisə olsa da, bu qadına aid heç bir foto yoxdur. Halbuki bu, kino və fotoqrafiyanın olduğu dövrdür. Bu səbəbdən layihənin ilkin adı da “Nargin – Sona qədər sirli” idi.
Aynur Kazımova

















































