Aleksandr Serovun “Uğur centlmenləri” və Leonid Qaydayın “Brilyant əl”, “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri “Mosfilm” kinostudiyasında çəkilən ən yaxşı filmlər elan edilib. Bu barədə 100 illiyi tamam olan “Mosfilm”dən bildiriblər.
Yubiley münasibətilə “Mosfilm. Qızıl kolleksiya” telekanalının redaksiyası aparıcı nəşrlərin və xidmətlərin tamaşaçı və ekspert rəyləri əsasında sorğu keçirib. Sorğuda lider “Uğur centlmenləri” komediyası olub. Bu ekran əsərinin ssenari müəllifləri Viktoriya Tokareva və Georgi Daneliyadır. “Uğur centlmenləri” filmi 1972-ci ildə prokat lideri olub, ona 65 milyon insan baxıb.
Studiyanın “qızıl” reytinqində ikinci və üçüncü yerləri Leonid Qaydayın “Brilyant əl” və “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri tutub. Dördüncü yerdə rejissor Leonid Qaydayın daha bir filmi – “İvan Vasilyeviç peşəsini dəyişir” yer alıb. Ekran əsəri Mixail Bulqakovun “İvan Vasilyeviç” pyesinin motivləri əsasında çəkilib.
Növbəti yeri Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmi tutub. Film 1981-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Siyahıda sonra Leonid Qaydayın daha bir filmi – “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, Mixail Kalatozovun “Durnalar uçur” (1958-ci ildə Kann kinofestivalında “Qızıl palma”ya layiq görülüb) və Sergey Eyzenşteynin “Potyomkin zirehlisi” də yer alıb. Doqquzuncu yerdə Yuri Çulyukinin “Qızlar” və Eldar Ryazanovun “İşdə məhəbbət macərası”, onuncu yerdə isə Elem Klimovun “Get və bax” dramatik ekran əsəri qərarlaşıb.
MƏNBƏ: Mədəniyyət qəzeti