Azərbaycanlı aktrisa və prodüser Sevinc Nadir qızı Əliyeva 2 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992–2002-ci illərdə İncəsənət Gimnaziyasında, 2002–2006-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino Aktyorluğu fakültəsində, professor Cənnət Səlimovanın kursunda təhsil alıb.
Sevinc Əliyeva həm aktrisa, həm də prodüser kimi fəaliyyət göstərir. “SFN prodakşn” şirkətinin təsisçisidir. Onunla prodüserlik fəaliyyəti, hazırda üzərində işlədiyi layihələr və kinomuzun problemləri barədə söhbət etdik.
Kinoinfo.az Sevinc Əliyeva ilə müsahibəni təqdim edir.
– Siz həm aktrisa, həm də prodüser kimi fəaliyyət göstərirsiniz. Bunların bir-birinə faydaları və ziddiyyətləri nələrdir?
– Ziddiyyət deməzdim, əksinə, prodüserliyə aktrisalıqdan keçmişəm, özü də təsadüf nəticəsində. Qəribə bir hissiyatım var, yaxşıyla pisi intuitiv ayıra bilirəm. Amma deyim ki, bu sahə üzrə təhsil almamışam. Sadəcə zamanla başlamışam. “Youtube”dan dünya kinematoqrafiyası, filmlərdə geyimlər, kadrlar və sair mövzularda videolarla maraqlanmışam. Bəlkə də zövqümü bu maraqlar formalaşdırıb.
– Azərbaycanda, ümumiyyətlə, prodüser kimi fəaliyyət göstərmək çətindir. Həmkarlarınızın bir çoxu artıq başqa sahələrə yönəlib. Qadın olaraq bu çətinliyin öhdəsindən necə gəlirsiniz?
– Birinci qeyd edim ki, təəssüf olsun, ölkəmizdə prodüserlik anlayışı və buna yanaşma düzgün deyil. Prodüserə məkan danışan, ketrinqi həll edən bir şəxs kimi baxılır. Yəni, icraçı prodüserlə yaradıcı prodüseri bir-birindən ayıra bilmirlər. Məncə bu, sovet dövründən qalan yanlış yanaşmadır. O zaman kinostudiya film çəkirdi, filmin direktoru olurdu. Amma bu gün prodüser layihənin rəhbəri sayılır. Layihəni götürür, ona maliyyə tapır, onu satmağa çalışır və komandanı toplayır. Hərçənd son iki ildə artıq əvvəlki münasibət dəyişməyə başlayıb. Gənclər festivallara gedirlər, filmlərini təqdim edirlər, Avropa prodüserləri ilə tanış olurlar və nəticədə düzgün prodüser yanaşması ölkəmizə gəlir. Bu, çox sevindirici haldır. Yeganə çatışmayan cəhət isə odur ki, hələ də kommersiya filmlərində və seriallarda prodüser işinə yanaşma düzgün deyil. Qadın olaraq isə bu sahədə işləmək doğrudan da çətindir. Bu da, yəqin ki, cəmiyyətdə qadınlara olan münasibətdən qaynaqlanır. Bir qadın gəlib iş danışanda, demirəm ki, hamı, amma çox adam əvvəlcə ciddi yanaşmır. Amma sən sübut edirsən, inandırırsan və səni qəbul edirlər.
– Prodüseri olduğunuz “Vətəndaş A” serialı çox böyük uğur qazandı. Sizcə, bu uğurun sirri nədir?
– “Vətəndaş A” serialının uğuru ideyadadır. Bu, Cəfər Cabbarlının uğurudur. Bunu tam əminliklə deyə bilərəm. Biz serialı əsər əsasında yazıb çəkdik və onu bu günkü reallığa uyğunlaşdırdıq. Komanda da bunu çox uğurla reallaşdırdı. Zövq, məkan, aktyor oyunu, operator işi – hamısı bir yerdə gözəl alındı. Vasif Vəlizadənin quruluşçu operator kimi ustalığı özünü göstərdi. Tamaşaçılar texniki tərəfi bizim qədər bilməsələr də, artıq göz yaxşıyla pisi ayırd edə bilir. Xarici seriallarla müqayisə edirlər və “Vətəndaş A” bu baxımdan seçildi. Mövzu bizə doğmadır. Görüntü çox önəmlidir. Mövzu maraqlı olsa da, kənd real görünməsəydi, aktyorlar, geyimlər yerində olmasaydı, belə rezonans olmazdı. Yaxud görüntü mükəmməl olsaydı, amma məzmun zəif olsaydı, yenə eyni təsir olmazdı. Və sonda maddiyyat. Maddi resurs varsa, keyfiyyət də olacaq. Məncə, uğurun sirri bundadır.
– Hazırda hansı layihələr üzərində çalışırsınız?
– Hazırda İctimai Televiziya ilə çoxseriyalı bədii film üzərində işləyirəm. Mövzunu tam açıqlamaq istəmirəm, amma bu, tamamilə yeni bir janrda olacaq. Nə dram, nə adaptasiya, nə də kriminal detektiv. İki-üç janrın birləşməsi və bir ana olaraq sosial mesajlarımı çatdırmaq istədiyim bir iş olacaq. İnşallah, gələn il yayımlanması planlaşdırılır. Mən keyfiyyətə daha çox əhəmiyyət verirəm. Düşünürəm ki, ildə bir serial istehsal edim, amma adına və istəyə layiq olsun. Bir də Türkan Hüseynin “Ölü Həsən” filmində həmproduser kimi iştirak etmişəm. Bu layihədə işləməyi özüm təklif etdim. Ssenarini oxuyarkən sanki montajını da görürdüm, səhnədən səhnəyə keçdikcə artıq filmi görə bilirdim və mənə maraqlı gəldi. Müəllif filmi olduğu qədər bədii baxımdan da maraqlıdır. Adətən, müəllif filmlərini darıxdırıcı hesab edirəm, amma müəllif filmində dinamika, ticari perspektiv və mesaj varsa, bu, mənə maraqlı gəlir. “Ölü Həsən” filmində bunu gördüm. Türkan Hüseyn, Emil Nəcəfov və türkiyəli tərəfdaşlarla birgə mən də layihəyə qoşuldum.
– Bir prodüser olaraq layihə seçərkən hansı meyarlara üstünlük verirsiniz?
– İlk növbədə, layihə mənə maraqlı olmalıdır, toxunulan mövzu, problem bir qadın, bir ana, bir vətəndaş kimi, onu insanlara çatdırmaq istəyi yaratmalıdır. Komanda çox önəmlidir. Komandada insani keyfiyyətlər hər şeydən vacibdir. Mən həmişə deyirəm: nə qədər peşəkar olursa-olsun, insani keyfiyyət yoxdursa, o insanla uzun müddət işləmək mümkün deyil. Əgər potensialı azdırsa, komanda olaraq onu dəstəkləyə bilərik. Amma əgər insani münasibət zəifdirsə, orada dayanıqlılıq olmaz. Mən hər layihədən sonra özümə deyirəm ki, Sevinc, necə insanlarla işlədiyin daha əhəmiyyətlidir.
– Sizcə, Azərbaycan filmlərinin dünya arenasında tanınması üçün hansı addımlar atılmalıdır?
– Nazirlik bu istiqamətdə müəyyən addımlar atır, o sahəyə toxunmaq istəmirəm. Amma yaradıcı tərəfdən deyə bilərəm ki, biz özümüzdən çıxmamalıyıq. Yəni, Hollivuda uyğunlaşmağa çalışmayaq. Mən fransızları Fransa filmlərindən tanıyıram. Eyni şey hindlilər, ingilislər və başqaları üçün də keçərlidir. Rusiyada Bondarçuk bir filmi Hollivud tərzində çəkdi, amma uğursuz oldu. Çünki ruslar orada özlərini görmədilər. Məncə, biz də özümüzə sadiq qalsaq, Azərbaycanın içini, insanını çəkib təqdim etsək, bu daha maraqlı və təsirli olar. Çünki bizim tariximiz və həyat tərzimiz doğrudan da maraqlıdır.
– Tamaşaçı zövqü formalaşdırıla bilərmi, yoxsa bazarın tələbini qarşılayan filmlər çəkilməlidir?
– Əvvəllər deyirdilər ki, kommersiya filmləri tamaşaçı zövqünə uyğun çəkilir. Amma mən həmişə deyirəm ki, yaxşı film çəkilsə, tamaşaçı gələcək. Məsələn, “Vətəndaş A” serialına hər kəs baxdı. TikTok və digər səhifələrdə görüntülər paylaşılırdı. İnsanlar serialın efir vaxtını soruşurdular. Hətta bu cür serialın bizdə çəkildiyinə inanmayanlar da var idi. Tamaşaçı zövqünü formalaşdırmaq, məncə, televiziya kanallarının əlindədir. Əgər kanallar yanaşmanı və formatı dəyişsələr, insanlar baxmağa məcbur olacaqlar və zamanla zövqləri dəyişəcək. Bəzən elə ssenarilər gətirirlər, deyirlər, buna sponsor tap, 15 günə çək, 15 günə montaj et, 2 ay sonra kinoteatrlarda yayımla. Mən düşünürəm ki, əgər uşağımı həmin filmə aparmayacağamsa, o zaman o işi çəkməməliyəm. Eybi yoxdur, bir az gec olsun, amma yaxşı material olsun. Çox sponsora möhtac olmadan, öz gücümüzlə keyfiyyətli iş ortaya qoya bilək. Komediya filmlərində çəkilən məkanlara baxanda hiss olunur ki, “barterlə” danışıblar. Məcburən həmin məkanda çəkilir və nəsə etməyə çalışırlar. Belə olmamalıdır. Sadəcə çəkmək xatirinə çəkmək olmaz, komediyada da mesaj olmalıdır. Mən bunu, xüsusilə, fransız komediyalarında görürəm. Gülürsən, amma həm də insani bir mesaj alırsan. Düşünürəm ki, bizdə də bu yanaşma olsa, daha yaxşı olar.
Aynur Kazımova









