1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunu Azərbaycanın paytaxtı Bakı şəhərinə soxularaq dinc əhaliyə qarşı qırğın törətmişdi. Bu qırğında 147 nəfəri qətlə yetirilmiş, 744 nəfər isə yaralanmışdı. Həmin gecə Xəzər Neft Donanmasının gəmilərinin radio operatorları informasiya blokadasını qıraraq Sovet qoşunlarının Bakıya yeridilməsi barədə dünyaya məlumat verirlər. 102 mülki gəmi Sovet hərbi gəmilərinin Bakıya yaxınlaşmasının qarşısını almaq üçün Bakı buxtasını blok edirlər. Həmin gecə kapitan Rövşən Dəmirova radiodalğa ilə məlumat gəlir ki, Sovet qoşunları öldürdükləri insanların cəsədlərini Xəzərə atmaq istəyirlər. Buxtadan çıxan Sovet gəmisini görən kapitan o gəmidə cəsədlərin oluğunu düşünür. O, sürətlə həmin gəminin arxası ilə öz gəmisini hərəkət etdirir. Azərbaycan mülki gəmilərinin kapitanları Sovet donanmasına qarşı müqavimət göstərərək Xəzər dənizində qeyri-bərabər müharibə apardılar və qalib gəldilər.
“Rental Azərbaycan” və “Çinar film”in birgə layihəsi olan “Kapitan və Xəzər dənizi” filmi bu hadisələri işıqlandırır. Hibrid sənədli filmdə animasiyadan və arxiv materiallarından istifadə olunacaq. Filmin animasiyası “Harmony of Chaos” studiyası tərəfindən işlənilir. 55 dəqiqə xronometrajında nəzərdə tutulan filmin layihəsi Polşada Krakov Beynəlxalq Film festivalı çərcivəsində “CEDOC co-production”da (Central European Documentary Co-Production Market) iştirak edib. Azərbaycan Respublikası Kino Agentliyininn “Film layihələri müsabiqəsinin” pitçinqində iştirak edən layihə İctimai TV, Currenttime TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən dəstəklənib.
“Kapitan və Xəzər dənizi” filminin rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüserləri Türkan Hüseyn və Emil Nəcəfovdur.