Əsas ARKA-DA AZƏRBAYCAN KİNOTƏNQİDÇİLƏR VƏ KİNOŞÜNASLAR GİLDİYASININ MÜKAFATLARI – TAM SİYAHI

AZƏRBAYCAN KİNOTƏNQİDÇİLƏR VƏ KİNOŞÜNASLAR GİLDİYASININ MÜKAFATLARI – TAM SİYAHI

by editor

2025-ci il yanvar ayının 24-də kino yazarları birləşərək Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının təsisini elan edib.

ADMİU-nun dosenti, sənətşünas, pedaqoq Nadir Bədəlov, kinotənqidçilər Aliyə Dadaşova, Aygün Aslanlı, Nəzrin Mahu, İlqar Quliyev, Ülvi Mehdi, Hacı Səfərov, kinoşünaslar Toğrul Abbasov, Şəhla Əmirli, Sevinc Elsevər, kinoinfo.az saytının redaktoru Ramil Ələkbərov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri Oleq Səfərəliyev və Əli İsa Cabbarovun iştirakilə keçirilən görüşdə səsvermə yolu ilə Nadir Bədəlov Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədri, kinotənqidçilər Hacı Səfərov və Aygün Aslanlı müavinlər seçiliblər.
Gildiya ölkədə film istehsalına dəstək vermək, həmçinin audiovizual məhsulların bədii keyfiyyətinin yüksəlməsini stimullaşdırmaq məqsədilə fəaliyyətinə yerli kinotənqidçilərin mükafatını təsis etməklə başlayıb. Belə ki, gildiyanın sədri Nadir Bədəlovun başçılığı ilə 17 kinoyazardan ibarət heyət 2024-cü il ərzində ölkə ərazisində bu və ya digər şəkildə böyük ekranlara çıxmış – kinoteatrlarda prokata buraxılmış və ya festivallarda nümayiş olunmuş ümumilikdə 40-a yaxın uzun və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndirməyə çalışıblar.


İyunun 3-də “Nizami” Kino Mərkəzində Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatının qaliblərinin elan və mükafatlandırma mərasimi keçirilib. Tədbirin açılışında təbrik nitqilə gildiyanın təsisçi təşkilatının nümayəndəsi, AKİ katibi Oleq Səfərəliyev və Gildiyanın sədri Nadir Bədəlov çıxış etdilər. Gildiyanın təsisinin kinoşünaslığımızın və ümumilikdə yerli kino sahəsinin inkişafında mühüm hadisə olduğunu vurğuladılar və gələcək fəaliyyətdə uğurlar arzuladılar.

Mükafatları qaliblərə kinoinfo.az saytının baş redaktoru Ramil Ələkbərov, kinotənqidçilər Ülvi Mehdi, Aliyə Dadaşova, Nəzrin Mahu, Sədaqət Kamal, Elza Axundova, Hacı Səfərov, AKİ-nin İdarə Heyətinin üzvü, kinotənqidçi Sevda Sultanova, kinoşünaslar Şəhla Əmirli, Şahanə Urfan, şair, yazıçı Qismət Rüstəmov, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov və AKKG-nin sədri Nadir Bədəlov təqdim etdilər.

Qaliblərin siyahısını təqdim edirik:

“Ən yaxşı ssenari” nominasiyası:

“Qapı” filminin ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev, Əlixan Rəcəbov

Debüt işi olmaqla cəmiyyətin müxtəlif təbəqələrini labirint süjet daxilində kəsişdirdiyinə, ictimai-sosial problemləri komediya janrında aktuallaşdırdığına görə;

“Ən yaxşı rejissor işi” nominasiyası:

“Tənha insanın monoloqu” – Emin Əfəndiyev

Hekayənin dinamik vizual həllinə və obrazların daxili dünyasını ifadə etmək bacarığına görə;

“Ən yaxşı operator işi” nominasiyası:

“Səma ilə görüş” – Şahmar Səfəroğlu

Ekşn atmosferinin vizual dolğunluğuna, fərqli məkanlarda çevik işləməyə nail olduğuna görə;

“Ən yaxşı musiqi həlli” nominasiyası:

“İtən gündəlik” – Sədaqət Kərimova

Etnoqrafik motivlərin məişət zəminində emosional ifadəsinə görə;

“Ən yaxşı rəssam işi” nominasiyası:

“Tağıyev: NEFT” – quruluşçu rəssam Səbuhi Atababayev və geyim üzrə rəssam Vüsal Rəhim

Tarixi dövrün ab-havasının məkanlar, geyimlər və dekorasiya vasitəsilə detallı və parlaq əks olunmasına görə;

“Ən yaxşı aktyor” nominasiyası:

“Tənha insanın monoloqu” – Mahir Dərviş

Bir atanın iztirablarını və çıxılmaz vəziyyətini bədən dili vasitəsilə ustalıqla ifadə edə bildiyinə görə;

“Qapı”- Nurlan Rüstəmov

Uğursuzluğa məhkum edilmiş fərdin müxtəlif situasiyalarda emosional keçidlərinin inandırıcı ifadəsinə görə;

“Ən yaxşı aktrisa” nominasiyası:

“Apatiya” – Şəhla Əliqızı

Qəhrəmanın həm daxili, həm sosial narahatlığını məharətlə canlandıraraq ümumiləşdirilmiş obraz yaratdığına görə;     

“Ən yaxşı film” nominasiyası:

“Tənha insanın monoloqu”

Qarabağ müharibəsi fonunda “atalar və oğullar” münasibətinin bəşəri müstəvidə təqdimatına görə. Mükafat filmin prodüseri Sərvər Bayramova təqdim olunub.

“Ən yaxşı qısametrajlı bədii film” nominasiyası:

“Lent” – Mirvüqar Abdulov

Yeniliyə meyillə ənənəyə sadiqliyin barışması ideyasının uğurlu bədii həllinə görə;


“Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası:

“Evsiz qalmış ay” – Atanur Nəbiyeva

Ekoloji problemlərin insanların şəxsi faicəsinə çevrilməsi həqiqətini poetik üslubda təqdiminə görə.

Atanur Nəbiyeva ölkədə olmadığı üçün mükafat onun valideynlərinə təqdim olundu.

Bunlarla yanaşı, AKKG 2024-cü ildə bir çox beynəlxalq festivallarda çoxlu sayda mükafatlar qazanmış, rəsmi olaraq Azərbaycan istehsalı olmasa da, sıravi Azərbaycan vətəndaşının timsalında universal “kino və zaman” ideyasını son dərəcə uğurlu, vizual ifadə etməyi bacarmış rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” sənədli-bədii filmini “xüsusi mükafat” ilə təltif edib. Hazırda Parisdə təhsil alan rejissorun yerinə mükafat, filmin quruluşçu operatoru, sözgüdən filmdəki işinə görə nüfuzlu Alman Kamera Mükafatına layiq görülmüş Daniel Quliyev təqdim edilib.

Əlaqədar Yazılar