Əsas ARKA-DA8-ci ANİMAFİLM BEYNƏLXALQ ANİMASİYA FESTİVALI BAŞA ÇATIB

8-ci ANİMAFİLM BEYNƏLXALQ ANİMASİYA FESTİVALI BAŞA ÇATIB

by editor

3-7 sentyabr 2025-ci il tarixlərində Bakıda Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksində və digər məkanlarda keçirilən 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı uğurla öz işinə yekun vurub.

8-ci ANİMAFİLM Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə keçirilib. Festivalın Baş Media Tərəfdaşı İctimai TV-dir. Festivalın tərəfdaşları: Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, KYNO, Nizami Kino Mərkəzi, Baobab, YUVA, Pet Care, Dynamic Box Studio, Skwigly Animation Magazine, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Handicraft, CorpoPlus. Festivalın bilet satışı üzrə tərfadaşı isə Iticket.az.

Əsas mövzusu “Pişiklər” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 25 ölkədən 60-dan çox filmi izləyib. Festivalda bilet satışlarından əldə olunan vəsaitin bir hissəsi pişiklərin rifahı ilə bağlı yerli təşəbbüslərə ianə ediləcək. Festival 4 proqramdan – Müsabiqə, Müsabiqədənkənar,  Müşahidəçi və Peşəkarlar üçün proqramlardan ibarət idi.

Bu il festivalın müsabiqə proqramına 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film daxil olub. 7 nəfərdən ibarət seçim komissiyası bütün filmləri dəyərləndirərək 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılıb.

Sentyabrın 3-də Şirvanşahlar Sarayı Kompleksində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı baş tutub. Festivalın açılışının əsas hadisəsi Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan “Sehrli bağdan nağıllar” (Tales from the Magic Garden) animasiya filminin nümayişi olub. 2025-ci ildə çəkilmiş film artıq 75-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilib. Açılışda ANİMAFİLM Studio və ANİMAFİLM Məktəbinin tələbələri tərəfindən istehsal olunan “Hara gedir bu pişiklər?” adlı rəsmi festival treyleri və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən istehsal olunan “Bum-bum” qısametrajlı animasiya filminin treyleri nümayiş olunub. Film xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün eyniadlı poemasının motivləri əsasında çəkilir.

Festivalın növbəti günlərində 30-dan çox tədbir keçirilib.

Müsabiqə proqramı çərçivəsində Nizami Kino Mərkəzində “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı animasiya filmi ­­– GRAND PRIX”,  “Ən yaxşı qısametrajlı tələbə animasiya filmi”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, “Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi” nümayişləri keçirilib.

Müsabiqədənkənar proqramda “2025 OSCAR seçmələri” animasiya toplusu, “Akira” (1988) tammetrajlı animasiya filmi, “Skwigly x ANIMAFILM: All About Cats” animasiya toplusu, “Narqız” (2024) qısametrajlı animasiya filmi və “Nine Senses Animasiya Studiyasının” filmləri (“Harri Potter və Naynsensesburq”, “Zombi”) və uşaqlar tərəfindən çəkilən animasiya filmləri (“Ağ və Qara”, “Buzların gözyaşları”)  nümayiş olunub.

Peşəkar proqramı çərçivəsində 1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi baş tutub. Yarışmanın məqsədi Azərbaycanın animasiya layihələrini inkişaf, pre-prodakşn və ya prodakşn mərhələlərində dəstəkləməkdir. Peşəkar proqramında həmçinin bir sıra ustad dərsləri və yaradıcı görüşlər keçirilib – “Ayan Novruz ilə stop-motion ustad dərsi”, “Mehriban Əliyeva ilə flip-book ustad dərsi”, “Ken Sheykh-ın Animasiya filmi qəhrəmanına çevril!”, “Afrika animasiyasının 90 illiyi haqqında Mohamed Ghazala-nın mühazirəsi”, “Making of: Bum-Bum” və “Matthew Lyon ilə animasiya üçün hekayə yarat ustad dərsi”.

Müşahidəci proqramı çərçivəsində festivalda ilk dəfə olaraq “Game Showcase” Azərbaycan kompüter oyunlarının təqdimatı keçirilib. Proqram Dynamic Box oyun studiyası tərəfindən tərtib edilib, qonaqlar iki yerli oyunla tanış olublar: “Madness Afloat” (Dynamic Box) və “Greedshot” (Massive Paradox). Müşahidəçi proqram çərçivəsində həmçinin müxtəlif kafelərdə film müəllifləri ilə səhər yeməkləri təşkil olunub, “Skwigly Kviz” interaktiv oyun və partilər keçirilib.

Sentyabrın 7-də Nizami Kino Mərkəzində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi olub. Tədbirdə çıxış edən festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tədbir haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov animasiya filmlərinin sayının artmasının və beynəlxalq əməkdaşlıqların qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Mükafatlandırma mərasimində münsiflər heyətinin üzvləri Aaron Wood (İngiltərə), Muhamed Ghazala (Misir), Anastasiya Verlinska (Ukrayna), Ülviyyə Axundova, Fərid Rəsulov (Azərbaycan), 1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin münsifləri Şahin Əliyev və Nəzrin Ağamalıyeva və festivalın komanda üzvü Aydan Kazımova qalibləri elan ediblər. Mərasimdə animasiya peşəkarları, kino sənayesinin nümayəndələri, həmçinin Çexiya Respublikasının Azərbaycan Respublikasında səfiri Milan Sedlaçek, İsveçrə Səfirliyinin missiya rəhbərinin müavini cənab Guy Bonvi iştirak ediblər, musiqiçi Səhər Mustafazadə, “Huzoor” meditasiya mobil tətbiqinin təsisçisi Xəyalə Həsənova və festivalın komanda üzvü Xəyalə Zülfüqarova iştirak ediblər.

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının qalibləri:

Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX: Televizor və ya Forest Hill Yolundakı Hadisə (TV oder Die Ruhestörung an der Waldbergstrasse, Frederic Siegel / İsveçrə)

Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi: Həmişəyaşıl (Forevergreen, Nathan Engelhardt, Jeremy Spears / ABŞ)

Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi: Axirətə doğru gəzinti (A Walk into the Afterlife, Jiyun Jeong / Lüksemburq)

Ən yaxşı qısametrajlı tələbə animasiya filmi: Fəvvarə (Fountain, Hazhir As’adi / İran)

Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi – Mədəniyyət Nairliyin və ARKA-nın Annecy Festivalına səyahət mükafatı: Soyuz: Graviton (Emil Şiran)

Münsiflərin Xüsusi Mükafatı: 9 milyon rəng (9 milionů barev, Bára Anna / Çex Respublikası, Almaniya, Norveç)

Münsiflərin Xüsusi Mükafatı: Ah! Anacan… (Oh! Mother, Mother…, Khatuna Tatuashvili / Gürcüstan)

Tamaşaçı Rəyi mükafatı: Ah! Anacan… (Oh! Mother, Mother…, Khatuna Tatuashvili / Gürcüstan)

1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin qalibi – Mədəniyyət Nairliyinin və ARKA-nın Annecy Festivalına səahət mükafatı – Dynamic Box Studiyasının Mükafatı (500 AZN): Komble (TV serialı, Mehriban Əliyeva, Petre Tomadze)

1-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin qalibi – ANİMAFİLM Studiyasının Mükafatı (500 AZN): Xizək (qısametraflı film, rejissor Polina Knyazeva, prodüser Firəngiz Bağırova)

Əlaqədar Yazılar