Qazaxıstanın Aktau şəhərində 5-ci Korkut Ata Türk Dünyası Film Festivalı keçirilir. Bu tədbir türk dünyası kinematoqrafiyasının inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır. Festivalda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Festival ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələrinin təşkili nəzərdə tutulur.
Festivalda iştirak edən Azərbaycan filmləri:
SƏNƏDLİ FİLM MÜSABİQƏSİ
Nargin. Sona qədər sirli
Kür – çaylar anası
BƏDİİ FİLM MÜSABİQƏSİ
Doğma torpaq
Tağıyev. Neft
Bəlkə də…
MÜSABİQƏDƏNKƏNAR PROQRAM
Oriondan sevgilərlə
Tənha insanın monoloqu
Qeyd edək ki, kinorejissor Mirsadıq Ağazadə və aktrisa Mehriban Zəki festivalın münsiflər heyətinin üzvləridir.
5-ci Korkut Ata Türk Dünyası Film Festivalının ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti keçirilib. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktorunun müavini Qurban Primovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Tədbir zamanı çıxış edən Qurban Primov ölkəmizin kino sənayesi haqqında geniş məlumat verərək, bu istiqamətdə görülən işlər və yaradılan imkanlar barədə ətraflı danışıb. Çıxışda türk dünyasında vahid kino marketinin yaradılmasının strateji əhəmiyyəti vurğulanıb, bunun təcrübə mübadiləsi, birgə infrastrukturun inkişafı və beynəlxalq rəqabətə davamlı layihələr üçün imkan açacağı bildirilib. Həmçinin Azərbaycanın bu istiqamətdə artıq addımlar atdığı, xüsusilə Orient Countries Cinema Market kimi platformalar vasitəsilə ölkələri bir araya gətirməyi hədəflədiyi, vahid kino marketi üçün ortaq layihə bazası, maliyyələşdirmə mexanizmləri və gənc kino istehsalçılarına dəstək proqramlarının qurulmasının vacibliyi qeyd edilib. Daha sonra TÜRKSOY-a üzv ölkələrin kino rəhbərləri qarşılıqlı fikir mübadiləsi apararaq, kino sahəsində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tədbirin sonunda Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.























