Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin 2023-cü ildə təşkil etdiyi “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalibi olan “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli filminin premyerası 19 yanvar tarixində Nizami Kino Mərkəzində keçirilib. Film animasiya və arxiv materiallarının hibrid yanaşma ilə işlənməsi əsasında hazırlanıb.
“Rental Azərbaycan” MMC-nin istehsalı olan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. Layihənin animasiya bölümü Harmony of Chaos studiyasında ərsəyə gətirilib.
Film 1990-cı il 20 Yanvar hadisələrinə, Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də həmin gecə baş verənləri lentə alan jurnalist və operatorların göstərdikləri cəsarət və fədakarlığa həsr olunub.
Qeyd edək ki, film Krakov Film Festivalının marketində, Beldocs Pitching Forumunda və Balkan Watchers proqramında iştirak edib. Layihəyə Current Time TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən də dəstək göstərilib. Premyera çərçivəsində filmin rejissoru Türkan Hüseyn Kinoinfo.az saytının suallarını cavablandırıb.
– Bu filmdə animasiya ilə arxiv materiallarını birləşdirməyi seçmisiniz. Bu qərar ilk növbədə estetik axtarış idi, yoxsa arxiv materiallarının məhdudluğu sizi bu hibrid formaya yönəltdi?
– Hər ikisi. İlk növbədə o idi ki, kapitanlarla bağlı hekayə üzrə heç bir arxiv materialı yox idi, sadəcə olaraq “İnturist” otelindən üzü dənizə tərəf çəkilmiş kadrlar var idi. Burada mənim iki yolum var idi: ya müsahibə etmək, ya da təkrar çəkilişlər aparmaq. Sadəcə müsahibə ilə çəkilən xeyli film var, amma mən orijinal yanaşma kimi, həm də estetik baxımdan düşündüm ki, 20 Yanvara aid filmlərdə indiyə qədər animasiya istifadə edilməyib. Buna görə də hər bir aspekti nəzərə alaraq animasiya qərarını verdim.
– Arxiv kadrları ilə işləyərkən sizi ən çox təsirləndirən və ya prosesi çətinləşdirən məqam nə oldu?
– Arxiv materiallarında kifayət qədər çox ölüm kadrları var idi və onları montaj etmək ağır idi, çünki həmin kadrları təkrar-təkrar izləmək məcburiyyətində qalırdım.
– Filmin Krakov Film Festivalı marketində və Beldocs Pitching Forumunda iştirakı zamanı xarici mütəxəssislərin verdiyi hansı rəy sizin üçün önəmli oldu və filmdə istifadə etdiniz?
– Orada əsas məsələ o idi ki, heç kim bu hekayəni bilmirdi və buna görə də hekayə onlara maraqlı gəlmişdi. Təbii ki, dramaturji xətti tapmaqda da mənə kömək etmişdilər. Həmin pitçinqlərdən sonra qərar verdim ki, hekayə bir gün ərzində baş verən hadisələr üzərində qurulsun. Çünki daha geniş götürdükdə zaman aralığı uzanır və müsahibələr tələb olunur. Buna görə də hekayəni 19 yanvar gecəsi televiziyanın partladılması hadisəsindən başlayıb dəfn günü ilə bitirdim.
– Film üzərində işləyərkən planlaşdırdığınız, lakin sonradan dəyişməyə məcbur qaldığınız məqam oldumu?
– Arxiv materialları itmişdi və bir il ərzində axtarsam da tapa bilmədim, buna görə də müəyyən səhnələri çıxarmalı oldum. Mənə kapitan Rövşən Dəmirovun yer aldığı video arxiv materialının olduğu deyilmişdi, lakin həmin görüntüləri nə arxiv idarəsindən, nə də digər mənbələrdən tapa bildim.
– Bu layihə çərçivəsində aldığınız dəstək istehsal prosesinə konkret olaraq nə qazandırdı?
Animasiya bahalı bir prosesdir və burada tək kamera ilə işləmək mümkün deyil. Bu baxımdan, film ARKA-nın və digər durumların dəstəyi olmadan heç bir formada istehsal oluna bilməzdi.
Aynur Kazımova




























































