Rejissor və ssenarist Nurlan Həsənlinin “Erkən hisslər” adlı bədii filmi dünya premyerasını 65-ci Krakov Film Festivalının əsas müsabiqəsində edəcək. Festival həm Oskar, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya verən, Avropanın ən qədim kino tədbirlərindən biridir.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə elan olunmuş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qaliblərindən biridir.
Süjetdə 11 yaşlı bir uşaq ilk dəfə şahidi olduğu ölüm hadisəsini anlamağa çalışır. Eyni zamanda dəfn mərasiminə gəlmiş bir qızın diqqətini çəkmək üçün digər qonşu uşaqlarla rəqabətə girir. Əsas rolları “Oyuq” uşaq teatrından Şəfi Sadiq, Hüseyn Abdullazadə, Nur Vahbi, eləcə də Tural Baxış və Vüsalə Ağayeva bölüşürlər.
Film inkişaf mərhələsində “Sarajevo Talents” və “Köprüde Buluşmalar” proqramlarında iştirak edib.
“Rental Azerbaijan” şirkəti tərəfindən istehsal olunan filmin prodüseri Emil Nəcəfov, icraçı prodüseri Elməddin Alıyev, operatoru Daniel Quliyev, rəssamı Erturan Məmmədov, ikinci rejissoru Asif İsgəndərli, geyim rəssamı Turan Fərəcova, qrim rəssamı Adilə Alıyeva, səs operatoru Emin Mahmudov, montajçısı İman İmanov, səs dizayneri Sergey Netrunenko, bəstəkarı Kənan Rüstəmli, rəng korreksiyası isə Alisa Tareliçevaya məxsusdur.
Filmin ortaq istehsalçısı Türkiyədən Fahriye İsmayılova (“Parda Film”), distribütoru isə İtaliyanın “Premier Film” şirkətidir.


