Əsas İRİ PLANDAFOTOSESİYA İRİ PLANDA: GÜNEL MƏMMƏDOVA – AKTRİSA

İRİ PLANDA: GÜNEL MƏMMƏDOVA – AKTRİSA

by editor

Günel Məmmədova 12 mart 1986-cı ildə Bakıda anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Estrada aktyorluğu fakültəsinə daxil olub. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən “İbrus” teatrında fəaliyyət göstərib.

Günel Məmmədova teatr səhnəsində ifa etdiyi rollara baxdıqda bunlar arasında Gülcahan  (“Dələduz” Nəcəf bəy Vəzirov), Yetər  (“Yağış, yağmur, daldan atılan daş” Nəcəf bəy Vəzirov), Fatimə  (“Əlibaba və qırx quldur” Ərəb Xalq nağılı), 7-ci qaz balası  (“Ana qaz” Rəsul Rza), Şah qızı  (“Xeyir və Şər” Nizami Gəncəvi), Nabat  (“Çimnaz xanım yuxudadır”, Süleyman Rüstəm), Tıq tıq xanım (“Tıq tıq xanım”, Abdulla Şaiq), Viktoriya (“Viktoriya”, K.Hamsun), Turan (“Mənim ağ göyərçinim” T.Vəliyeva), Reyhan (“Mən səni sevirəm – M.S.S” Əli Əmirli), Anjel  (“Məhv olmuş gündəliklər” İlyas Əfəndiyev), Cülyetta (“Romeo və Cülyetta” Uilyam Şekspir), Selcan xatun (“Şahzadə Xəzərin nağılı” Kamran Ağabalayev, Nicat Kazımov), Bonka (“Dörd əkizin nağılı” P.Pançev), İnci (“Danışan gəlincik” Abdulla Şaiq), Zərif (“Hasarın o üzü” Əli Əmirli), Məryəm  (“Tartüf Ağayeviç”) və daha bir çox maraqlı obrazları canlandırdığını görmək mümkündür.

Aktrisa uşaqlıq illərindən etibarən filmlərə çəkilir. Sənətçinin filmoqrafiyasına nəzər saldıqda burada bir çox fərqli ekran əsərinin yer aldığını görürük. Bu əsərlər arasında;  Ramiz Əzizbəylinin “Yalan” (tammetrajlı bədii film, 2005), Şərif Qurbanəliyevin “Kişiləri qoruyun” (tammetrajlı bədii film, 2006), Müşfiq Abbasov və Cahangir Mehdinin “Ci-Mi” (tammetrajlı bədii film, 2008), Ruslan Hüseynovun “Yuxu yaddaşı” (tammetrajlı bədii film, 2008), Ayaz Salayevin “Ağ-qara gecələr” (tammetrajlı bədii, 2010), Rövşən İsaxın “Aktrisa” (tammetrajlı bədii film, 2011), Ənvər Əblucun “Tərsinə çevrilən dünya” (tammetrajlı bədii film, 2011), Əli-Səttar Quliyevin “Olimpia” (tammetrajlı bədii film, 2021), “Əlvida Şmidt” (tammetrajlı bədii film, 2019), Cəfər Axundzadənin “Qış nağılı” (tammetrajlı bədii film, 2012), “Dmitrov küçəsi 86” (qısametrajlı bədii film, 2015) “Kəklikotu” (tammetrajlı bədii film, 2017), Şamil Nəcəfzadənin “Sirli bənövşə” (qısametrajlı bədii-sənədli film, 2013), Ramin Nəbiyevin “Sən demə” (tammetrajlı bədii film, 2020), həmçinin “Şəhər motivləri” (2015), “Bakı, mən səni sevirəm” (2015), “Bakı gecələri” (2015) kinoalmanaxları və “Sirr” (teleserial, 2011), Ləkə (teleserial, 2013), “Bir ailəm var” (teleserial, 2013), “Həyat çiçəyi” (teleserial, 2013), “Səni ürəyim sevdi” (teleserial, 2014), “Günəşim ol” (teleserial, 2016), “Laləli aaray” (teleserial, 2017), “Ata ocağı” (teleserial, 2017), “Bir qadın” (teleserial, 2019), “İdarə” (teleserial, 2020), “Ofis işi” (teleserial, 2022), “İstintaq” (teleserial, 2023), “Son hədd – Ağarmayan saçlar” (teleserial, 2023) yer almaqdadır.

Günel Məmmədova həmçinin bir sıra beynəlxalq film layihələrində iştirak edib.

Aktrisa “Viktoriya” tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin aktrisası” nominasiyasında mükafat, “Fəxri Mədəniyyət İşçisi” döş nişanı (10 mart 2018), Prezident Mükafatı (10 may 2022, 6 may 2023) ilə təltif olunub.

Canlandırdığı obrazların müxtəlifliyi, rəngarəngliyi ilə bilinən sənətçiyə görə, işinin öhdəsindən layiqincə gəlməyin ən əsas şərti “fərqlilikdə” özünü tapmaq, fərdin və millətin özünəməxsusluğu kimi, şəxsi özünəməxsusluğu da qoruyub saxlamaqdır. Belə olan halda, heç bir sənətçini və ya sənətçinin oyununu təqlid etməyə ehtiyac qalmaz. Hər sənətçi (aktrisa) olduğu kimi maraqlı olmağı bacarmalıdır.

Əlaqədar Yazılar