Əsas ARKA-DA PRODÜSER EMİL NƏCƏFOV: “TÜRK DÖVLƏTLƏRİNİN KİNO İSTEHSALI BİR ARAYA GƏLSƏ, 100-200 MİLYONLUQ TAMAŞAÇI KÜTLƏSİ YARANACAQ”

PRODÜSER EMİL NƏCƏFOV: “TÜRK DÖVLƏTLƏRİNİN KİNO İSTEHSALI BİR ARAYA GƏLSƏ, 100-200 MİLYONLUQ TAMAŞAÇI KÜTLƏSİ YARANACAQ”

by editor

Kinoinfo.az prodüser Emil Nəcəfovla müsahibəni təqdim edir.

Tanınmış prodüser Emil Nəcəfov bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri və koprodüseri olub. Prodüserlik etdiyi filmlər müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb. Onunla prodüserlikdən, hazırda gördüyü işlərdən və kino sənətimizin problemlərindən danışdıq.

– Kinoda prodüserin işi nədən ibarətdir?

– İndiyədək kinonun dövlət tərəfindən maliyyələşməsinə öyrəncəli olmuşuq. Buna görə bizdə ciddi prodüser institutu formalaşmayıb. Yalnız icraçı prodüserlər olub. Ssenari uyğun olanda büdcəni hesablayıb maliyyə ayırıblar, sonra başlayıblar həmin maliyyəni xərcləməyə. Prodüser işi bizim anlamda bundan ibarətdir. Ümumi mənada isə layihəni sıfırdan götürmək, onun üzərində işləmək, inkişaf etdirmək, o layihənin həyata keçməsi üçün maliyyə tapmaq, nəhayət o layihədən müəyyən qədər vəsait əldə etmək prodüserin işləridir. Prodüserin əməyi hər hansı işi tamamilə sıfırdan başlayanda və ya təmir aparanda hərəkət yaratmaq, açarları açmaq, ardıcıllığı təşkil etməkdir. Həm prodüser, həm kino yaradıcılığında çalışan digər həmkarlarımız üçün film çəkmək işi çox ağır sahədir.

– Emil bəy, nüfuzlu beynəlxalq festivala düşmək üçün əcnəbi prodüserlə iş birliyi mütləqdir?

– Bu dəqiqə bizim üçün mütləqdir. Biz “Euroimage”ın üzvü deyilik. “Euroimage”ın üzvü olmayanlar müstəqil şəkildə xarici fondların bir çoxuna müraciət edə bilmirlər. Çünkü onların konkret bəlli  ailələri var. Bu ailəyə ancaq özləri daxil olur, özləri də çıxırlar. Biz onların ailəsinin üzvü deyilik. Ona görə həmin o ailənin üzvü olan prodüser tapanda oralardan maliyyə cəlb etmək daha asan olur. Niyə lazımdır xaricdən bizimkilərə maliyyə cəlb etmək? Xaricdən maliyyə məsrəf edənlər o məhsulu özlərininki kimi hesab edirlər. Nəticədə daha yaxşı festivallara, böyük bazarın içinə giriş şansı əldə etmiş oluruq. Düzdü, il ərzində festivallar çərvəsində “vörkşop”lar, “work and progress”lər də olur. O zaman müəyyən ölkələrin adını yazırlar ki, məsələn, Azərbaycan bu il o tədbirlərə qatıla bilər. İştirak edirik, amma bu, bizim üçün digər üzv olan ölkələr qədər effektiv olmur…

HEKAYƏ MARAQLI OLMAYANDA…

– Bəs niyə film platformalarına filmlərimizi və ya ssenarilərimizi sata bilmirik? Ünsiyyətimiz, yoxsa keyfiyyətimiz yetərincə deyil?

– Düşünürəm ki, səbəb keyfiyyət məsələsində deyil. Keyfiyyət ikinci amildir. Əsas ünsiyyətdir. Bu sahənin ən başlıca tələbi netvörkinqdir. Daha çox iştirak etməli, özümüzü hər kəsə tanıtmalıyıq. Dünyada bizim rejissorlarımızın, prodüserlərin adlarını bilməli, onları tanımalıdırlar. Bütün bu festivallarda, eləcə də il ərzində baş tutan digər kino tədbirlərində iştirak etmək lazımdır. Mən düşünmürəm ki, Azərbaycanda satış potensialı olmayan filmlər istehsal olunur. Düzdür, bu da faktdır ki, dünya bazarında qısametrajlı filmlərin satış bazarı o qədər də böyük deyil. Tammetrajlı filmlərin, sənədli filmlərin satış potensialı böyükdür. Amma səbəb təkcə bunda deyil, həm də bizim reklamımızın olmamasındadır. Özümüzü tanıda bilməmişik. İşin kökü yuxarıda qeyd etdiyim məsələdir. Onlarla bərabər işləsək, daha tez və daha çox tanınacağıq.

Ssenaridən və ya filmin istehsal prosesi dövründən məhsulun hansı festivallarda iştirak edə biləcəyini təxmin etmək mümkündür?

– Əlbəttə, təxmin etmək olur. Düzdü, rejissorun yanaşmasından, onun nəql etmə tərzindən çox şey asılıdır. Unutmamalıyıq ki, hekayə maraqlı olmayandan sonra necə nəql edir-etsin, elə böyük şanslara ümidlənmək olmur. Amma ssenarinin ilkin mərhələsindən vəziyyəti təxmini anlayırsan. Xaricdə film çəkənlər istehsal prosesi təlimlərində iştirak edirlər. Onlara mentorlar da müəyyən qədər məsləhətlər verir. Filmdə də yazılır ki, bu film filan mentor proqramını keçib. O zaman layihənin şansı daha da artır. Bir var ki, sırf mən hansısa bir festivala düşüm deyə, yazılan ssenarini çəkim, bu filmdə istər-istəməz rejissorun, ssenaristin özünün tam səmimi olmadığı mütləq hiss ediləcək. Burası qaçılmazdır. Amma onlar hekayənin gerçəkdən yaxşı olduğuna, səmimiliyinə və bir az fərqli nəql etməyə, eləcə də rejissorun  fərqli yanaşmalarına xüsusi diqqət edir, onun doğuracağı nəticələri aydın görürlər. Heç zaman unutmamalıyıq ki, bütün dünya fərqli yanaşmalar axtarır, fərqli yanaşmaları dəyərləndirir…

– Gənc prodüserlərin və ya film satış agentlərinin yetişdirilməməsinə səbəb nədir? Pedaqoq-prodüserlərin, əlverişli kino mühitinin, məktəbin və ya istedadlı kinematoqrafçıların olmaması?

– Satış agentləri və prodüserlərin işi biri digərinə bağlıdır. Əgər biri yaranacaqsa, mütləq o biri də yaranacaq. Prodüser istehsal etdiyi filmi sata biləcəksə, prodüserlərin sayı artacaq. Çünki bazar formlaşacaq. Hər şey də bazardan asılıdır. Bazarı formalaşdıran tələb-təklif öz-özünü tənzimləyəcək. Nə qədər çox tələb edən olarsa, bir o qədər çox təklif edən ortalığa çıxacaq. Amma unutmayaq ki, Azərbaycanın əhalisi cəmisi on milyon nəfərdir. On milyon əhalisi olan ölkədə kinonu böyük biznesə çevirmək çox müşkül məsələdir. Məsələn, Avstriya, Belçika, Hollandiya kimi Avropanın mərkəzində yerləşmiş, artıq inkişaf etmiş ölkələrdə belə yerli kino böyük biznes ola bilmir. Onlarda da kino böyük pullar gətirmir, xərclənən pulları geri qaytarmaq çox çətindir. Amma çıxış yollarını tapıblar. Məsələn, birləşib birgə filmlər çəkməklə. İndi onların ekranlaşdırdığı əsərlər hər üç ölkədə vizyona çıxır və müəyyən gəlir əldə edə bilirlər.

Bizdə də uyğun vasitələri düşünmək olar. Bizim də ortaq mədəniyyətli türk dövlətlərimiz var. Biz də birlikdə bərabər hər türkdilli ölkədə izlənilməsi üçün filmlər istehsal edə bilərik. Tutaq ki, Türkiyənin  80 milyondan çox, Qazaxıstanın 20 milyona qədər, Azərbaycanın 10 milyondan çox, Özbəkistanın 36 milyon əhalisi və sairə var. Türk dövlətlərinin kino istehsalı bir araya gəlsə, 100-200 milyonluq tamaşaçı kütləsi yaranar və ona xitabən çəkilən filmlərdən milyonlarla gəlir əldə etmək olar. Elə bir şey yarada bilsək, onda əlbəttə ki, prodüserlik institutu da yaranacaq, inkişaf edəcək. Həm də paralel olaraq satış distributorluğu vüsət alacaq. Necə ki, bu gün Türkiyədə inkişaf edib.

Düzdür, film sektoru o qədər böyük pullar gətirmir, amma serial sektoru bu mənada çox önəmli yerlərdədir. Mən arada Türkiyədəki prodüser dostlarımla danışıram. Adamlar film çəkməyə avadanlıq tapa bilmirlər. Çünkü bütün avadanlıqlar dayanmadan seriallarda işləyir.

“ALİM QASIMOV “SƏN HARALISAN, DURNA?” FİLMİNDƏ RUMİNİN QƏZƏLİNİ OXUYACAQ”

– Emil bəy, bilirik ki, hazırda parallel olaraq bir neçə film layihəsi üzərində işləyirsiniz. Hansı filminizin istehsalat mərhələsində olması Kinoinfo.az oxucuları və bütün Azərbaycan tamaşaçısı üçün çox maraqlıdı…

– “Rental Azərbaycan”ın hazırda istehsal etdiyi rejissor Nurlan Həsənlinin “Erkən hisslər” adlı qısametrajlı bədii filmi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) keçən ilin sonunda təşkil etdiyi müsabiqənin qaliblərindən biridir. Filmin çəkilişini iki gün qabaq başa çatdırmışıq. Gələn həftədən artıq post-prodakşn mərhələsinə keçəcəyik. Amma ona qədər çəkdiyimiz materialları ARKA-nın Bədii Şurası təsdiq etdikdən sonra post-prodakşn mərhələsinə keçəcəyik. Sənədləşmə prosesi bir az çox olduğundan müəyyən qədər vaxt tələb edir. Çəkiliş bitəndən artıq üçüncü gündür ki, mən səhərdən axşama qədər sənəd yazıram. Bir çəkiliş üçün təxminən 39 müqavilə yazmışam. Hələ yenə də çatışmayan müqavilələrimiz var.

Gördüyümüz işlərdən biri rejissoru və ssenari müəllifi Türkan Hüseyn olan “Kapitan və Xəzər dənizi” adlı 20 yanvar hadisələrindən bəhs edən sənədli animasiya filminin çəkilməsi olub. Onun rejissor, ssenari işlərini təhvil vermişik. Hazırlıq mərhələsi bitib. Gələn həftədən qrafika hissəsinə başlayırıq. Artıq animatorlar hazırdır. ARKA-nın Bədii Şurasının təsdiqini almışıq. Storibordlar da təsdiq olunub. İndi onları yığmağa başlayırıq. Proseslər bir xeyli vaxt aparacaq. Təxminən noyabr ayının sonuna qədər. “Kapitan və Xəzər dənizi” 20-22 dəqiqəlik animasiya filmi olacaq. Komandamız elə də böyük deyil. Animatorlarımız cəmi dörd nəfərdən ibarətdir. Ona görə də işlər bir az gözlədiyimiz kimi sürətli getmir. Bu iki filmin istehsalı davam edir. Qeyd etdiyim kimi, çəkilişlər bitib.

ARKA-nın bu il elan etdiyi post-prodakşn müsabiqəsində qalib gələn daha bir layihəmiz də var. Bu, Türkan Hüseyn ilə birgə prodüseri olduğumuz, ssenarisi və rejissorluğu Hacı Səfərova məxsus “Tərsinə kölgələr” adlı qısametrajlı filmdir.

“Ultra prodakşn” və “Bumeranqfilm”in Türkiyənin “Orangecreative” studiyası ilə birgə layihəsi olan “Sən haralısan, Durna?” sənədli-bədii tammetrajlı filminin çəkilişlərini də başa çatdırmışıq. Bu ssenari ARKA-nın post-prodakşn müsabiqəsinin qaliblərindəndir. Hazırda rəng məsələsinin üzərində işlənilir. Bəstəkarımız demək olar ki, filmin musiqisi üzərində işlərini tamamlayıb. Sonda gözəl sənətkarımız, Xalq artisti Alim Qasımov Mövlanə Cəlaləddin Ruminin “Atom” qəzəlini oxuyacaq. Qəzəli fars dilindən azərbaycan dilinə tərcümə etdirmişik. Hörmətli Alim müəllim hazırda şeirin səsləndirilməsi üzərində işləyir. Hazır olanda onu oxuyacaq və beləliklə filmin musiqi məsələsi bitəcək. Onu da qeyd edim ki, çəkiliş mərhələsində çətin səhnələr var idi. Kəndirlə aktrisanın yuxarıdan asılması epizodundakı kəndirlərin pozulması üçün qrafika işləri aparılır.

Daha bir sənədli filmimiz də var. Mətləb Muxtarovun rejissorluğu və ssenarisi əsasında ekranlaşdırılan “Yaddaş sarayları” qısametrajlı sənədli filmi. O da post-prodakşn mərhələsindədir. Çəkilişlər altı ay öncə tamamlanıb. Hazırda film üçün orijinal musiqi yazılır. Bəstəkarla təmasdayıq, birgə işləyirik. Musiqinin son variantı çox uğurlu alınıb. Rəng işləri qalıb, hələ başlamamışıq. Musiqisi yazılandan və rənglənəndən sonra qrafika işi var. Çünkü arxiv kadrlardan keçirik müasirliyə, müasirlikdən yenidən qayıdırıq arxivə və sairə. Quruluş hissələrinin keçidlərini qrafik etmək istəyirik. Hazırda onun üzərində qrafistlə işləyirik.

Daha bir film “Qara pişik, ağ şanı” tammetrajlı sənədli filmidir. O da post-prodakşn mərhələsindədir. Gənc rejissor Ələmdar Faiqlə bərabər hazırladığımız bu film də qeyri-adi ekran əsərilərindəndir. O da inşallah bu ilin sonu, gələn ilin əvvəlinə hazır olacaq.

Bu dəqiqə istehsalatda olan layihələrimiz bunlardır.

“AZ BÜDCƏYLƏ ÇƏKİLƏCƏK FİLMLƏR CƏLBEDİCİ VƏ MÜMKÜN GÖRÜNÜR”

– Sizin özünüzün bir tamaşaçı kimi marağınızı hansı janrda filmlər cəlb edir? Xəyalınızda necə bir ssenarinin istehsalını prodüser kimi həyata keçirmək istərdiniz?

– Daha az büdcəylə daha yaxşı anlada biləcəyimiz, daha orijinal ideya axtarışındayam. Kim istəməz ki, bir otağın içində iki nəfərin üzərində çox maraqlı bir hekayə qurulsun, sən də həmin hadisəni filmə çəkəsən və o, çox maraqlı alınsın. Belə bir ssenarini az büdcəylə çəkmək olur deyə cəlbedici və mümkün görünür. Çünki böyük büdcə tapmaq çətindir. Qoyulan büdcələrin doxsan faizi, hətta deyərdim ki, doxsan doqquz faizi geri qayıtmır. Büdcə qayıtmırsa, məqsəd nədir?! Onda niyə bu işlə məşğuluq?! Düşünürəm ki, gənc rejissorlarımızın arasında potensiallıları, istedadlıları çoxdur. Eləcə də opreatorların, aktrisaların, rəssamların arasında da istedadlıları var. Bunlar əvvəl-axır bir əks-səda yaradacaq. Ona görə bacardığım qədər onlara daha çox dəstək olmağa çalışıram. Zamanında Godardların, Nuri Bilge Ceylanların, Dərviş Zaimlərin də bir yetişmə vaxtı olub. Onlar da elə bizdəki kimi çox məhdud imkanla filmlər çəkiblər. İndi görürsünüz hansı filmləri Kannda, Berlində festivallara çıxırsa, şirkətlər hələ film hazır olmadan, çəkilmədən öncə onlara yatırımlar edirlər. Sonra da böyük satışlarla ayaqda durur, böyük pullar qazanır və fəaliyyətlərinə davam edirlər. Düşünürəm biz də əvvəl-axır müəyyən bir müddətdən sonra o nöqtəyə gəlib çata bilərik. Amma bunun üçün yaxşı olar ki, nəhayət, kino haqqında qanun qəbul olunsun və o qanunun hər bəndinin müddəaları həyata keçirilsin, sadəcə kağız üzərində qalmasın. Müəyyən şirkətlərin kinoya vəsait ayırması üçün subsidiyalar tərtib olunsun. Azərbaycanda fəaliyyət göstərən kinoteatrlara müəyyən kvotalar qoyulsun ki, yerli kinolar mütləq göstərilməlidir. Yoxsa bu sahə heç vəchlə inkişaf edə bilməyəcək. Hər şey onsuz da maliyyədən asılıdır, son nöqtədə fırlanıb gəlir dayanır yenə maliyyənin üstündə. O maliyyəni bir az dövlət dəstəyilə, bir az stimullaşdırmaqla, bir az da məcburiyyətlə, yəni kvota qoymaqla əldə etmək olar. Bunlar formalaşandan sonra artıq bütün proseslər öz-özünə gedəcək.

Müsahibəni aldı: Aynur Kazımova

Əlaqədar Yazılar