“Vətəndaş A” çoxseriyalı bədii filmdən sonra rejissor Elvin Rüstəmzadə “Otel Loo” adlı tammetrajlı bədii film çəkir. 2025-ci ilin fevral ayında nümayiş olunacaq “Otel Loo”nun baş prodüseri İslam Ağa, ssenari müəllifi Asiman Ağa Rövşən, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir. Ekran əsəri “3İ Cinema“ və “Gold Cine Vision” tərəfindən birgə istehsal olunur.
Filmdə əsas rolları aktyorlar Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə və Asiman Ağa Rövşən canlandırırlar.
Xronometrajı 75 dəqiqə olan filmin mövzusuna əsasən tanınmış psixoloq Murad müxtəlif sosial verilişlərdə ekspert kimi çıxış edir. Bir gün onun qəbuluna Aliyə adlı məşhur müğənni gəlir. Müğənni psixoloqa onunla münasibətə başlamağı təklif edir. Astrologiyaya həddən artıq inanan Aliyə şəxsi həyatını da bürclərə uyğun qurmağa çalışır. O, eksperti televizorda görüb, bəyənib, hətta onun bürcü ilə də maraqlanıb və müəyyən edib ki, ona ən uyğun partnyor hansısa pasiyenti yox, elə Muradın özüdür. Beləliklə, Aliyə Muradı şirin dillə yoldan çıxarır və onlar ilk gecəni oteldə keçirməyi qərara alırlar. Murad ehtirasa qapılarkən şəhvət hissinin ona güc gəldiyi anlarda özündən biixtiyar Aliyənin boğazından yapışıb bərk-bərk sıxır. Nəticədə Aliyə həyəcandan huşunu itirir. Hərəkətsiz uzanıb qalmış Aliyənin ürəyinin vurmadığı hiss olunur. Murad Aliyənin öldüyünü zənn edib təlaşlanır. O, düşdüyü bu çətin vəziyyətdən çıxış variantları axtarır. Nəhayət, öz həyat yoldaşı, məhkəmə tibbi ekspertizasının kriminalisti işləyən Səbinəni köməyə çağırmağa məcbur olur…
Prodüseri Nurlan Qarayev, ikinci rejissoru Telman Talıb, səs rejissoru Emin Mahmudov, işıq rəssamı Məhəmməd Əhmədov, qrim rəssamı Samirə Mustafayeva olan filmdə digər rollarda aktyorlar Kamil Nazim, Nurlan Süleymanov, Ramil Məmmədov, Nihad Heybətov, Səmimi Fərhad və Mələk Hacıyeva çıxış edirlər.
Komediya janrında çəkilən filmin rejissoru Elvin Rüstəmzadə bizimlə söhbətində ekran işini belə dəyərləndirdi: “Biz bilirik ki, ölkəmizdə daha çox komediya janrı izlənir. Mən buna qətiyyən dırnaqarası baxmıram, ancaq komediya janrı izlənir deyə bu pis bir haldır demirəm. Bizdə “vəziyyət komediyası”dır. İnanıram ki, elə hadisənin özü maraqlıdır və insanlar izləyəcək bu komediyanı. Mən bu filmə inanıram”.
Filmin bütün kinoteatrlarda nümayişi nəzərdə tutulur..