Azərbaycan 20–22 noyabr 2026-cı il tarixlərində Çinin Quançjou şəhərində keçirilən beynəlxalq Film Expo sərgisində ilk dəfə iştirak edir.
Çin Film Prodüserləri Assosiasiyasının dəvəti ilə ölkəmiz sərgidə Kino Agentliyi (ARKA) və Azərbaycan Film Komissiyasının milli stendi ilə təmsil olunur.
Sərgi çərçivəsində keçirilən təqdimatda Azərbaycanın kino istehsalı imkanları, çəkiliş məkanları, infrastrukturu və xarici film istehsalçıları üçün nəzərdə tutulan 40%-dək “Cash Rebate” dövlət dəstəyi mexanizmi beynəlxalq kino sənayesinin nümayəndələrinə təqdim edilib.
Təqdimatda, həmçinin Azərbaycanda çəkilmiş Yaponiyanın “VIVANT” serialı və Ceki Çanın iştirakı ilə ərsəyə gələn “Tanrının zirehi 4: Ultimatum” filmi nümunə göstərilib.
Sərgi çərçivəsində Çin kino sənayesinin nümayəndələri ilə birgə film istehsalı, beynəlxalq distribusiya, xarici prodüserlərin Azərbaycana cəlb edilməsi və kino sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirilir.
Azərbaycanın Film Expo-da iştirakı milli kinomuzun Asiya bazarında tanıdılması və ölkəmizin beynəlxalq kino istehsalı məkanı kimi təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.



