Əsas İRİ PLANDAFOTOSESİYA İRİ PLANDA: DANİEL QULİYEV – REJİSSOR / OPERATOR

İRİ PLANDA: DANİEL QULİYEV – REJİSSOR / OPERATOR

by editor

Kinorejissor, kinooperator Daniel Quliyev 1991-ci ildə Zaqatalada anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və London Film Schoolda təhsil alıb. London Film Məktəbidə “Azadlıq duyğusu“ (2018) və “Bic” (2019) qısametrajlı bədii filmlərini çəkib.

“Bic” qısametrajlı filmi premyerasını Palm Springs İnternational Short Film Festivalında etdikdən sonra digər Oscar və Bafta qvalifikasiyalı Encounters, Rhode İsland, İn the Palace Film festivallarında yarışıb. Türkiyənin İstanbul şəhərində keçirilən Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalı (Changing Perspectives Short Film Festival) əsas mükafata layiq görülüb. 2020 – ci ildə Tələbə Oskarının yarımfinal mərhələsinə yüksəlib.  Film ailə dramı üzərində qurulub – Anasına görə, daima təzyiqlərə məruz qalan gənc, çıxış yolunu çətin, fiziki güc tələb edən imtahanları verib hərbi akademiyaya daxil olmaqda görür.

Daniel Quliyev müxtəlif film layihələrində həm də kinooperator kimi çalışır. “Kinomexanikin qayıdışı” (20024, Almaniya, Fransa, rej: Orxan Ağazadə) filmindəki operator işinə görə prestijli Alman Kamera Mükatına layiq görüıüb (2024). Mükafatlandırma mərasimində münsiflər heyətinin qərarı bu şəkildə açıqlanıb: “Hər bir kadr rəsm kimidir. Azərbaycan dağlarında kənd kinoteatrını birlikdə bərpa etmək istəyən iki fərqli film həvəskarının hekayəsindən bəhs edən filmdə Daniel Quliyev kamerası ilə kino poeziyasını vəsf edir”.

O, “Xarqo” (2020), “Bronco” (2017), “Bağışla məni bu gecə (2020)”, “Böyük qırmızı ev” kimi filmlərin operatorudur.

Daniel Quliyev: “Mənim üçün həyatda əbədi xoşbəxtlik və ya xoşbəxt son yoxdur. Xoşbəxtlik dedikdə ağlıma uşaqlıq illərim gəlir. İnsan həyatı onun uşaqlığını təkrar yaşamasıdır. İnsan böyüyür və dəyişməyə başlayır və ya dəyişdiyini düşünür. Ancaq onda olan retrospektivlik hər zaman onunla yaşayır. Həyata olan bu pessimist baxışım filmlərdə də öz əksini tapır və sakit, özünə qapanan personajların öz daxili mübarizələrinə fokuslanır. Mənə görə insanın əsas mübarizəsi onun daxilində baş verir. Kinematoqrafiya mənim üçün öz daxili aləmimə səyahət edərək rahatlıq tapmağım üçün vasitədir.

İnsan olaraq hər zaman hekayə danışmağı və dinləməyi sevmişik. Müasir dövrdə hekayəni danışmaq və dinləyiciyə, tamaşaçıya ötürmək üçün müxtəlif vasitələri var.  Bu vasitələrdən biri də mənim üçün filmin təsvir həllidir. Heç bir söz işlətmədən, kompozisiya daxilində qurulmuş mizanlarla tamaşaçıya emosiyaları ötürmək mənim üçün əsasdır.  Bunun üçün də işıq həlli və rakurs tamamən hekayənin emosional tələbinə uyğun olmalı və tamaşaçını başqa dünyaya daşımalıdır”.

Daniel Quliyev hazırda Bakı Media Mərkəzində çalışır.

“Uzaq” (2024) qısametrajlı bədii filminin ssenari müəllifi və rejissorudur.

Əlaqədar Yazılar