KİNOİNFO.AZ “TRT Sinema”nin direktoru ilə müsahibəni təqdim edir.
– Azərbaycan kino sənətinin ümumi mənzərəsi haqda bilgiləriniz varmı? Söhbət təbii ki, bizim filmlərimiz və onları ərsəyə gətirən rejissor, ssenarist, ümumiyyətlə kino istehsalçıları olan heyətdən gedir…
– Son vaxtlar adlarını eşitdiyimiz, hətta TRT olaraq bizim də dəstək verdiyimiz usta və gənc rejissorlarınız var. Hələlik ən sonuncu Elçin Musaoğlunun “Məryəm” film layihəsinə dəstək vermişik. Hilal Baydarov, Teymur Hacıyev kimi gənc rejissor dostlarımızı da tanıyırıq. Azərbaycan kino, sənət sahəsində çox güçlü bir ölkədir. Digər tərəfdən beynəlxalq bir sistem yaradılsa, kino sənətinizin daha gözəl səviyyəyə gəlib çatacağına, inkişaf edəcəyinə ümidliyəm. Media mərkəzlərinin, media agentliklərinin, Mədəniyyət Nazirliyinin verdiyi dəstəklər daha da məhsuldar olduqca rejissorlarınızın xaricdən də dəstəklənəcəyinə və nəticədə çox yaxşı filmlər çəkə biləcəklərinə inanıram.
– TRT-nin müştərək film istehsalı siyasətinə necə yanaşdığı çox maraqlıdır. Yeri gəlmişkən, bu yanaşma Azərbaycan prodüserləri ilə TRT-nin birgə istehsalı kontekstində necə dəyərləndilə bilər?
– Art-house filmləri üçün bizim 12 Punto adlı platformamız var. Bu platforma vasitəsilə Türkiyədəki qısa və tammetrajlı filmlərə dəstək veririk. Həmçinin bu dəstəyimiz beynəlxalq film layihələrinə də aiddir. Bayaq adını çəkdiyim Hilal Baydarov və Elçin Musaoğlunun filmlərini də TRT olaraq dəstəkləmişik. 12 Puntoya müraciət zamanı bizim yeganə şərtimiz bu quruma Türkiyədən bir prodüser vasitəsilə müraciət olunmasıdır. Başqa hər hansı bir şərtimiz yoxdur. 12 Yanvar 2025-ci ildə rejissorlar 12 Puntoya müraciət edə bilərlər. Sözün düzü, biz də Azərbaycandan gələn film layihələrini dəstəkləməyi çox istəyirik.
“ÖNƏMLİSİ İŞİN POTENSİALI VƏ ZƏNGİN DOSYEDİR”
– TRT Sinema müştərəklik baxımından hansısa mövzu və ya janrları prioritet sayırmı?
– Bizim üstünlük verdiyimiz janr yoxdur. Önəmli saydığımız işin potensialı və zəngin dosyedir. Başqa sözlə, rejissorun, ssenarinin, hekayənin çox güclü olmasıdır. Daha çox dünyanı gəzə biləcək dünyəvi layihələri dəstəkləməyə üstünlük veririk. Bu həm bizim üçün, həm də Azərbaycan üçün önəmlidir. Bundan başqa “mainstream” filmlərə də dəstək veririk. Mədəniyyətimizdən bəhs edən “mainstream” mövzular olduğu zaman niyə də bu tipli film layihələrinə dəstək verməyək?
– 12 PUNTO müsabiqəsində iştirak üçün mütləq şəkildə türk prodüserin müraciəti vacibdir? Azərbaycan üçün xüsusi şərtlər ola bilərmi ki, məsələn, layihə birbaşa azərbaycanlı prodüser tərəfindən təqdim olunsun?
– Bizim mütləq türkiyəli prodüser olmasını vacib sayan şərtimiz əslində yalnız bürokratik əngəlləri asanlaşdırmaq üçündür. Bu səbəbdən əlbəttə ki, Azərbaycandan birbaşa müraciət əvəzinə Türkiyədən türk prodüser vasitəsilə müraciət işi daha da asanlaşdıracaq.
“KİNO YARADICILIĞI ÜÇÜN AZƏRBAYCAN ÇOX UYĞUN MƏKANDIR”
– TRT istehsalı olan film və serialların hər hansı bir bölüm və ya hissəsinin Azərbaycan ərazisində çəkilməsi mümkündürmü? Tutaq ki, Azərbaycan-Anadolu türklərinin ortaq dəyər və tarixi ilə ilgili seçilib ssenariləşdirilən mövzuların…
– Tamamilə mümkündür. Hətta biz “Şehit öğretmen Aybüke” adlı bir film çəkdik. Filmin ilk kadrlarında Xocalı qətliamından bəhs edilir. Təəssüf ki, o səhnələr Türkiyədə çəkilib. Əslində bu tipli filmlərin Azərbaycanda çəkilməsi daha önəmlidir. Bundan başqa hazırda Türkiyə ilə müştərək “Atabəylər” adlı sənədli film çəkilir.
Onu da qeyd edim ki, Azərbaycanda film çəkmək üçün çox gözəl yerlər var. Türkiyədən çəkiliş heyəti gəlib buradakı avandanlıqlardan istifadə edə bilər. Yaxud komanda və avadanlıqlar gələr və buradakı çəkiliş yerlərindən rahatca yararlana bilərlər. Azərbaycan çox gözəl ölkədir və kino yaradıcılığı üçün ölkənizin bütün münasib potensialları var. Dörd mövsümü, dağı, dənizi, günəşi və ən önəmlisi möhtəşəm tarixi mənbələri, saxlanc yerləri, o cümlədən maddi-mədəniyyət abidələri. Bu səbəblərdən ölkənizin çəkiliş üçün çox uyğun bir məkan olduğunu düşünürəm.