Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi “post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biri də “Geri dönüş” adlı tammetrajlı sənədli film layihəsidir.
Filmin ideyası müəllif Elməddin Alıyevə aiddir. Bu, Elməddinin atasının və ailəsinin hekayəsidir. Elməddinin arıçılıqla məşğul olan atası Aftandil kişi və ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb. O zaman Aftandil kişinin bütün arı təsərrüfatı, pətəklər Laçında qalıb. Ailə daha sonra Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olub. Nəhayət 30 ildən sonra ata öz arılarını götürüb elinə-obasına geri dönüş edə bilib. Filmdə ailə üzvlərinin işğaldan azad olunandan sonra ilk dəfə öz evlərinin qalıqlarını görmə səhnələri də yer alır.
Filmin rejissoru və ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadə, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur. Karvan production şirkətinin istehsalı olan filmə “Rakurs Film Media” və “Qardaşlar Mebel” şirkətləri çəkiliş dəstəyi göstərib.
Hazırda filmin rənglənmə və musiqi tərtibatı prosesi davam edir. “Geri dönüş”ün tezliklə geniş tamaşaçı auditoriyasına təqdim olunması planlaşdırılır.