VALEH ƏHMƏDOV: BU FİLM BİRİNCİDƏN QAT-QAT ARTIQ QAZANC GƏTİRƏCƏK”
Baş prodüseri və quruluşçu rejissoru Valeh Əhmədov olan “Evdə qalmış 2” filminin təqdimat mərasimi CineMastercardda (Gənclik Mall) baş tutub. “And Production” tərəfindən istehsal olunan filmin ssenari müəllifliyi Valeh Əhmədovla birlikdə Failə Nəbiyeva, Könül Ələsova və Türkan Mehtiyevaya məxsusdur. Filmin quruluşçu operatoru Babək Pourfard, quruluşçu rəssamı Elnarə Səfərli, səs rejissoru Renat Musalov, qrim rəssamı Aysu Əlizadədir. “Evdə qalmış 2”yə ikinci rejissorluğu Vaqif Əziz, icracı prodüserliyi Cəmil Nağızadə, baş inzibatçılığı isə Elçin Axundov yerinə yetirib.
Filmin təqdimatının həyəcanını yaşayan rejissordan isti-isti – elə təqdimat mərasiminin gedişində Kinoinfo.az-ın bir neçə sualını cavablandırmasını xahiş etdik.
– Valeh müəllim, sirr deyilsə sizi “Evdə qalmış” filminin ikincisini çəkməyə vadar edən səbəblərdən danışardınız…
– Həm kino cameəsi, həm də tamaşaçılar, ümumiyyətlə cəmiyyətdən “Evdə qalmış” filminə görə çox müsbət impulslar aldıq. “Evdə qalmış” həqiqətən mənim karyeramda bir sıçrayış oldu. Mən bu layihə ilə fəxr edirəm. “Evdə qalmış 2”-də isə mövzuları bir qədər də genişləndirdik. “Evdə qalmışlıq” təbii ki, bizim əsas mövzumuzdur. Cütlüklərimizdən biri evdə qalmışdır. Digərinin övladı olmur. Bildiyimiz kimi mental problemlərimizdən birini də adətən övladın olmaması yaradır. Eyni zamanda çox övladı olan, amma övladları qız olan ailələr də var ki, onlar da oğlan övladlarının olmasını arzulayırlar. Bunların qismət olub-olmayacağı artıq filmin sonunda bilinəcək…
– Filmin gəlirləri ilə bağlı proqnozlarınız necədir?
– Bu dəfə bizim filmimiz Park cinema və CineMastercard kimi iki kinoteatr şəbəkəsində nümayiş etdiriləcək. Düşünürəm “Evdə qalmış 2” “Evdə qalmış”dan qat-qat artıq qazanc gətirəcək.
– Romantik komediyanın uğuru üçün nə lazımdır?
– Mən düşünürəm ki, tamaşaçı dramturji xəttə önəm verir. Janrından, forma və məzmunundan asılı olmayaraq, film mütləq dramaturji xəttə malik olmalıdır. Bu təməldir. Mən bəzi filmlərin çəkilişində öz köməkliyimi göstərdim və geridönüşlərdən görürəm ki, hansında dramaturji xəttə üstünlük versən, o filmlər tamaşaçı bolluğuna səbəb olur. Düşünürəm ki, filmdə təməl nöqtə bu olmalıdır.
– Hansi janr və ya mövzu uğurlu bilet satışına səbəb olur?
– Artıq Azərbaycanda istənilən mövzuda, istənilən janrda filmlər izlənilir. Önəmli olan hekayəni düzgün tapmaq, gündəmi yaxalamaq və düzgün piar strategiyası aparmaqdır.
– Sizə uğurlar arzulayırıq.
– Sağ olun. Sizə də.
Aynur Kazımova