REJİSSOR SƏİDƏ HAQVERDİYEVA YENİ FİLMİNDƏ BU SUALA CAVAB AXTARIB
Rejissor Səidə Haqverdiyeva və kinotənqidçi Sevda Sultanovanın ssenari müəllifliyi ilə istehsal olunan “Qırxdan sonra…” filmi Nizami Kino Mərkəzində nümayiş olundu.
Tragikomediya janrında ekranlaşdırılan, büdcəsi 8.000 AZN təşkil edən filmin mövzusuna əsasən yaşı qırxı ötmüş, ailə-məişət sıxıntıları ilə üzləşən aktrisa zaman keçdikcə kinoda və teatrda ona tələbatın azaldığını hiss edir. Amma psixoloji baxımdan bu fəaliyyətsizliklə heç vədə barışmaq istəmir. Filmin əsas ideyası həyatını bu sənətə qurban vermiş qadın qəhrəmanın məruz qaldığı müxtəlif ruh hallarının təsvirini yaratmaqdır. Rejissor aktyor və qadın taleyinə iki qəhrəmanın sarsıntıları, yaşantıları fonunda kinematoqrafik baxış sərgiləyir.
Səidə Haqverdiyeva Kinoinfo.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə son illər filmlərimizdə qadın mövzuları çox az işlənir: “Mən düşünürəm ki, qadınların hisslərini, düşüncələrini, yaşantılarını, problemlərini daha çox qabartmaq lazımdır. Çünkü artıq dünyada bu tendensiya inkişaf etdirilir. Bizdə də bu yanaşmaya müəyyən hallarda üstünlük verilməsi çox yaxşı ola bilər. Eyni zamanda bizim filmlərin qəhrəmanları, baş rol ifacıları da əsasən kişilər olur. Lakin yaxşı olardı ki, filmlərimizin bəzilərinin baş rolu qadınlar üçün nəzərdə tutulsun. Mən bu filmdə çalışmışam qadınların problemlərini qabardam”.
Yeri gəlmişkən onu da qeyd edək ki, əsas heyəti qadınlardan ibarət olan, elə qadınların taleyinə qadın perspektivindən baxmağa kömək edəcək “Qırxdan sonra…”nın davamı da çəkiləcək. Rejissor bizimlə söhbətində bu yaxınlarda aktrisaların yaşantılarına həsr olunan ikinci qısametrajlı filmin çəkiləcəyi xəbəri ilə də tamaşaçılarını müjdələdi.
Xronometrajı 30 dəqiqə olan filmin görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. “RS Production”un istehsalı olan filmin prodüserləri Kəmalə Nəhmətova və Səidə Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.