Əsas FESTİVALLAR“KÜR” SƏNƏDLİ FİLM LAYİHƏSİ BEYNƏLXALQ PİTÇİNQİN QALİBİ OLUB

“KÜR” SƏNƏDLİ FİLM LAYİHƏSİ BEYNƏLXALQ PİTÇİNQİN QALİBİ OLUB

by editor

Gürcüstanda keçirilən Svaneti Beynəlxalq Film Festivalının Beynəlxalq pitçinq bölməsinə Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi seçilib.

Festival çərçivəsində montaj mərhələsində olan filmlərin pitçinqi üçün “Work-in-Progress” bölməsi və inkişaf mərhələsində olan film layihələri üçün “Pitçinq Forum” təşkil edilib. Pitçinqlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən film layihələri iştirak edib.

Montaj mərhələsində olan layihələrin münsiflər heyəti Doha Film İnstitutunun rəhbəri Xəlil Benkriani, Tribeka Film Festivalının bədii rəhbəri Frederik Boyer, Venesiya, Lokarno, Roma Film Festivallarının sabiq direktoru Marko Müller və məşhur iranlı rejissor Amir Naderidən ibarət idi.

Azərbaycanı təmsil edən “14 gün dustaqlıqda” filmi (rejissor Afaq Yusifli, prodüserlər Tahir Tahiroviç, Murad Allahverdi, Afaq Yusifli) “Work-in-progress”, “Kür” tammetrajlı sənədli filmi (rejissor Murad Allahverdi, prodüser Afaq Yusifli) isə Pitçinq Forumda təqdim edilib. “Kür” layihəsi Pitçinq Forumun Baş mükafatına – “Ən yaxşı pitçinq və Ən yaxşı layihə” layiq görülüb.

Pitçinq Forumun münsiflər heyəti Turin Film Laboratoriyasının təmsilçisi Alona Şumakova,  “Qara Gecələr” Film Festivalının proqramçısı (PÖFF Estoniya) Edvinas Puksta, Gürcüstan Film Akademiyasının sədri Nikolas Abramaşvilidən ibarət olub.

Jürinin qalib layihə üçün qeydi belədir: “Filmin toxunduğu çox vacib mövzu təkcə öz ölkəsini yox, bütün regionu əhatə edir. Filmin monumentallığı, tarixi elementləri və ekoloji xüsusiyyəti diqqət çəkir”.

Qeyd edək ki, bu artıq “Kür” film layihəsinin 4-cü beynəlxalq uğurudur. Bundan öncə layihə “KinoLab” layihəsinin pitçinqinin qalibi, CineDoc Mentorluq proqramının iştirakçısı və pitçinqin qaliblərindən biri, Dəyişiklik Beynəlxalq Müştərək istehsal təlim proqramının iştirakçısı olub.

Rejissor Murad Allahverdinin layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək verib.

Əlaqədar Yazılar