Əsas FOTOSESİYA KİNOTEATRLARA DAHA BİR KOMEDİYA FİLMİ – “4 TƏKƏR” AYAQ AÇIR

KİNOTEATRLARA DAHA BİR KOMEDİYA FİLMİ – “4 TƏKƏR” AYAQ AÇIR

by editor

REJİSSOR AMİL ƏLİ: “FİLMDƏ GÜLÜŞ SÖZLƏRLƏ YOX, SİTUASİYALARLA ÇATDIRILACAQ”

Kinorejissor Amil Əli rejissoru və baş prodüseri olduğu “4 Təkər” filminin çəkilişlərinə başlayıb. Film Alioglu Media Group tərəfindən istehsal olunur. Macəra-komediya janrında, xronometrajı 90 dəqiqə olan filmin ssenarisi isə məşhur aktyorlar Tərlan Nur Yaşar və Məcid Hüseynov tərəfindən yazılıb.

Rejissor Amil Əli elə çəkiliş meydançasında Kinoinfo.az saytının filmlə bağlı suallarını cavablandırdı.

– Filmin mövzusu barədə məlumatları saytımızın oxucuları və ümumən tamaşaçı kütləsi üçün açıqlamağınızı istərdik...

– Filmdə dörd qəhrəmanın qarşılaşdıqları çətin vəziyyətdən necə çıxacaqlarından və ümumiyyətlə onların macəralarından bəhs edilir. Bununla yanaşı, həmçinin qumar oyunu kimi qanunsuz işlərlə məşğul olmağın acı nəticələri göstərilir. Ekran işinin qoyduğu motivlər yeddidən yetmiş yeddiyə qədər hər yaş qrupundan olan tamaşaçı kütləsinin izləyə biləcəyi mövzulardır. Tamaşaçılara isə gülüş sözlərdən çox situasiyalar vasitəsilə çatdırılacaq. Onu da qeyd edim ki, “4 Təkər”  mənim komediya janrında çəkdiyim ilk filmim, ümumilikdə isə üçüncü tammetrajlı bədii filmimdir.

– İlk dəfə komediya janrına müraciət etməyiniz çox güman ki, çətinliklərsiz ötüşməyib…

– Əsas çətinliklərimiz aktyorların və məkanların seçimində oldu. Filmin kadrlarını tam istədiyim kimi çəkə bilmək üçün məkanları özüm bir-bir seçdim.

– Bir filmin yüksək reytinq toplamasında ən vacib amil dolğun ssenari, ulduz aktyorların cəlb edilməsi, yoxsa yeni texniki avadanlıqlardır?
– Bunlar bir-biri ilə sıx əlaqəli məsələlərdir. Əvvəlcə mükəmməl bir ssenarinin olması mütləqdir, sonra ardıcıllıqla düzgün quruluş, məkan seçimi və digər detallarla ssenaridəki fikirlərin tamaşaçılara düzgün çatdırılması. Aktyorların düzgün seçimi və onların yaxşı performansları da vacib amillərdir.

– Ssenarisini mükəmməl hesab edərək qollarınızı çırmayıb çəkilişlərinə start verdiyiniz filmin yaradıcı heyəti barədə də məlumatları ictimailəşdirməyinizi istərdik…

– “4 Təkər” filminə həyat verən aktyorlar arasında Nofəl Şahlaroğlu, Ramil Abdullayev, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Ceyhun Məmmədov, Səmimi Fərhad, Rövşən Kərimduxt və digər tanınmış simalar yer alır. Filmimizin quruluşçu operatoru isə Şahmar Səfəroğlu, quruluşçu rəssamları Elnarə Səfərli və Elvin Səlimov, icracı prodüseri Sərxan Mustafayev, qrim rəssamları Səda Cəlil və Güney Əjdərova, geyim rəssamı Aytən Əsədzadə, bəstəkarı Behzat Məlikzadə, montajçısı Firdovsi Nəbiyev, səs rejissoru Toğrul Səfərovdur.

Onu da qeyd edim ki, 19 mart 2025-ci il tarixindən etibarən “4 Təkər” filminin bütün kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Aynur Kazımova

Əlaqədar Yazılar