SƏBİNƏ BAĞIROVA: ““FİLM KOMİSSİYASI”NIN MƏQSƏDİ KOORDİNASİYAYA, KEYFİYYƏTƏ, ÖLKƏMİZİN TANITIMI VƏ TURİZM POTENSİALINA TÖHFƏ VERMƏKDİR”
AZƏR AYDƏMİR: “TƏŞƏBBÜS QRUPU “KİNOPARK”IN DÖVLƏT TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLMƏSİNİ İSTƏMİR”
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (Kino söhbətləri) panel müzakirəsi keçirildi. Tədbir son illər dövlət dəstəyi ilə çəkilən filmlərdən ibarət kadrların yer aldığı qısa videoçarxın nümayişi ilə start götürdü.
Sonra Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) əməkdaşı Səbinə Bağırova “Azərbaycan ərazisində xarici filmlərin istehsalı” mövzusunda təqdimatla çıxış etdi. Öncə “Film Komissiyası”nın hədəfləri barədə danışan Səbinə Bağırova qeyd etdi ki, hazırda bu komissiyanın əsas məqsədlərindən biri ölkəyə gələn xarici istehsalçıların sayını mümkün qədər artırmaqdır. Bunun üçün bir neçə mexanizmdən istifadə edilir. Belə ki, son iki il ərzində beynəlxalq festivallar və jurnallarda Azərbaycanın təmsilçiliyinə nail olunması, həmçinin yaxın zamanlarda rəsmən elan olunacaq geri ödəniş sisteminin (“Rebate” qanunu) tətbiqi artıq bu sahədə atılan ilk addımlardandır. Bu mexanizmlər daha çox xarici istehsalçının Azərbaycanı seçməyinə səbəb olacaq. Film Komissiyasının digər məqsədləri isə xarici istehsalçıların ölkəmizdə çəkdiyi filmlərin çəkiliş prosesini koordinasiya etmək, maddi-mənəvi dəyərlərə zidd məzmunlu çəkiliş və yayımların qarşısını almaq, keyfiyyətsiz xidmətin göstərilməməsi məsələlərinə də diqqət yetirməkdir. Çünki nəticədə xarici istehsalçılar məyus olub ölkəmizi tərk edə bilərlər. Bu da bizim üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Daha sonra təqdimatçı Film Komissiyasının üstün cəhətlərini də konkret faktlarla panel iştirakçılarına sadaladı: “Film Komissiyası xarici investisiyaların ölkəyə daxil olmasını artıracaq, yeni iş yerlərinin açılmasını təşviq edəcək və Azərbaycanın beynəlxalq arenada tanıtımını təmin edəcək. Məsələn, hazırda Netflix-də iki layihə var ki, onlar məhz Azərbaycanda çəkilib. Bunlardan birinin çəkilişləri əvvəldən sonadək ölkəmizdə baş tutub. Bu filmdə Azərbaycanın adı dəfələrlə qeyd olunur. Bu da ölkəmizin tanınmasını və onun turizm potensialını artırır. Film Komissiyası məhz belə müsbət nəticəli məsələləri dəstəkləyir”.
ARKA əməkdaşının təqdimatından sonra panel iştirakçıların çıxışları ilə davam etdirildi. “Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini, aktyor Azər Aydəmir çıxış edərək “KinoPark” layihəsi barədə təfsilatlı məlumatlar verdi. Qeyd etdi ki, “KinoPark layihəsinin təşəbbüskarları arasında müstəqil kino insanları, rejissorlar və prodüserlər var. Həmçinin Mədəniyyət Nazirliyinin müvafiq şöbələrinin ekspertləri və Azərbaycanfilm kinostudiyasının rəhbərliyi də bu layihədə iştirak edirlər. Ümumilikdə, təşəbbüs qrupu təxminən on nəfərdən ibarətdir. Layihənin maliyyələşdirmə məsələsinə gəlincə isə, təşəbbüs qrupu onun dövlət tərəfindən maliyyələşdirilməsini istəmir. Çünki dövlət maliyyələşdirirsə, layihəni idarə etməli və onun funksionallığını yoxlamalıdır. Təşəbbüs qrupu isə dövlətin sadəcə nəzarət etməsini istəyir. Maliyyə investorlar və maraqlı tərəflər vasitəsilə cəlb ediləcək. Bu şəxslər arasında kino insanları və investorlar var ki, kinostudiyanın ərazisində müxtəlif maraqlı ideyalar və biznes subyektləri həyata keçirə bilərlər. Məsələn, pavilyonlar, dublyaj studiyaları və sairə. Kinoparkın idarə edilməsi birgə şura ilə həyata keçiriləcək, çünki hər bir tərəfin orada marağı olmalıdır ki, KinoPark funksional şəkildə fəaliyyət göstərə bilsin. Azərbaycanfilm kinostudiyasının indiki komandası da layihədə iştirak edəcək”.
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov kino ictimaiyyətini narahat edən “Prezident İlham Əliyev tərəfindən ayrılan vəsaitlərin xərclənməsi üçün layihə müsabiqələrinin gecikməsi və ayrılan pulların hesablarda yığılmasının” səbəbləri ilə maraqlandı. Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu bu suala cavab olaraq bildirdi ki, kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda isə “44”, “Borc”, “Doğma torpaq” kimi daha bir neçə filmin təqdimatları keçiriləcək.
Paneldə Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edildi, forumda iştirak edən digər kino işçilərinin sualları da cavablandırıldı.
Aynur Kazımova









































































