Əsas ARKA-DA HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BƏHS EDƏN FİLMİN İKİNCİ HİSSƏSİ TƏQDİM EDİLDİ

HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BƏHS EDƏN FİLMİN İKİNCİ HİSSƏSİ TƏQDİM EDİLDİ

by editor

“TAĞIYEV. ÇAR”IN BÜTÜN KİNOTEATRLARDA NÜMAYİŞİNƏ BAŞLANILIB

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən çoxseriyalı bədii filmin ikinci hissəsi – Tağıyev. Çar” 3 aprel 2025-ci il tarixindən etibarən ölkə kinoteatrlarında nümayiş olunur. Filmin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.

Quruluşçu rejissor Zaur Qasımlı Kinoinfo.az saytına açıqlamasında çəkiliş prosesindən danışıb:

“Bu həm çətin, həm də möhtəşəm layihə idi. Tağıyev xalqımızın sevimli simalarından biridir. İnsanların bu ideya ətrafında birləşməsi və sona qədər dəstək göstərməsi mənim üçün ən təsirli məqam oldu. Məncə, bu amil cəmiyyət kimi bizim böyük uğurumuz və birlikdə hər şeyin öhdəsindən gəlməyin mümkünlüyünün əyani sübutudur”.

Tarixi bədii filmlərdə tarixi həqiqət və bədii təsvir arasında balansın saxlanılması məsələsinə də toxunan Z.Qasımovbildirib ki, bu hər zaman rejissorun əsas məsuliyyətlərindən biridir. Bəzən görüntü üçün tarixdən, bəzən də tarixə sadiq qalmaq üçün vizual həllərdən imtina etmək lazım gəlir. Ancaq biz çalışmışıq ki, tarixi doğruluq çox da qurban verilməsin. Bu cür filmlərdə müəyyən bədii əlavələrin olması isə qaçılmazdır.

Üçüncü və dördüncü bölümlərlə bağlı planlara gəlincə, rejissor qeyd edib ki, bu hissələrin yay aylarında yox, payız mövsümündə təqdim edilməsi nəzərdə tutulur.

Oxucularımızın  diqqətinə onu da çatdıraq ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Çar” filmində  XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və regionda baş verən mühüm tarixi hadisələr əks etdirilir. Süjet xəttinə əsasən, hadisələr bir neçə istiqamət üzrə cərəyan edir. Belə ki, 1888-ci ilin payızında Bakı şəhəri çar III Aleksandrın səfərinə hazırlaşır. Bu, artıq milyonçu olan və Bakı Şəhər Dumasının üzvü seçilmiş Hacı Zeynalabdin Tağıyevin cəmiyyətdə nüfuz uğrunda mübarizə apardığı dönəmlərə təsadüf edir. Şəhər meri Orlovski rəqibi Teymurbəyovun neft sahəsini ələ keçirməyə çalışır. Bu arada Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Ərəblinski ilə tanış olur və onunla ailə qurmağı planlaşdırır.

Məlumat üçün onu da qeyd edək ki, film 76 fərqli məkanda çəkilib. Filmin işinə  2500-ə yaxın yaradıcı heyət səfərbər olunub. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlının ekranlaşdırdıqları filmin ssenari müəllifləri  İsmayıl İman, Asif İsgəndərli, Zaur Qasımlı, operatoru Vladimir Artemyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Rollarda Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və digər peşəkar aktyorlar yer alıb.

Xatırladırıq ki, filmin ilk hissəsi olan “Tağıyev. Neft 2024-cü ildə keçirilən “Dehancer Colourist Awards” beynəlxalq festivalında “ən yaxşı rəng korreksiyası” nominasiyası üzrə qalib seçilib.

Aynur Kazımova

Əlaqədar Yazılar