Əsas ARKA-DANAZİRLƏR KABİNETİ KİNO İLƏ BAĞLI SƏRƏNCAM VERİB

NAZİRLƏR KABİNETİ KİNO İLƏ BAĞLI SƏRƏNCAM VERİB

by editor

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Sərəncam Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etməyə yönəlib.

Sərəncama əsasən bir sıra tapşırıqlar müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək. Eyni zamanda, Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulur.

Mərkəzi icra hakimiyyəti orqanları dörd ay ərzində bu sahədə öz səlahiyyətlərinə uyğun normayaratma təşəbbüsləri üzrə tədbirlər görməli və nəticələr barədə Ədliyyə Nazirliyinə məlumat təqdim etməlidirlər.

Prosesin koordinasiyası və ümumi nəzarəti isə Ədliyyə Nazirliyinə həvalə olunub. Nazirlik altı ay ərzində bütün görülən işlərlə bağlı yekun hesabatı Nazirlər Kabinetinə təqdim edəcək.

Bu qərarla, Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan maraq əhəmiyyətli dərəcədə artacaq, ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcəkdir. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

“Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə

“Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarının layihəsini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Sərəncamın 1-ci hissəsinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə, 2-5-ci hissələrinin icrası Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 iyun 2025-ci il

№ 339s

Əlaqədar Yazılar