TAHİR TAHİROVİÇİN YENİ BƏDİİ FİLMİ ARKA-NIN DƏSTƏYİ İLƏ İSTEHSAL OLUNUR
Hazırda çəkilişə hazırlıq mərhələsində olan “Qıfıl” filmi qara komediya janrındadır və qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Tahir Tahiroviç bildirir ki, bu hekayə onun şəxsi həyatında baş vermiş bir hadisədən götürülüb.
Təxminən, otuz il əvvəl rejissorun yaxın bir qohumu evlənmək istəyirmiş, lakin imkanları yox imiş. Ümidini fala bağlayan bu şəxs toyun vaxtını uzatmaqdan ötrü falçının verdiyi “ovsunlu” qıfılı sevdiyi qızın həyətinə atmaq istəyir. Ancaq plan gözlənildiyi kimi getmir, “göydən düşən” qıfıl, təsadüfən, qızın nənəsinin başına dəyir. Bu real və bir qədər absurd hadisə “Qıfıl” filminin əsas süjet xəttinə çevrilib.
“Qıfıl” layihəsi 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyətin Nazirliyinin keçirdiyi pitçinqin qaliblərindən biridir və yaxın günlərdə Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə filmin çəkilişlərinə start veriləcək.
Rejissor bildirib ki, cəmiyyətimizdə hələ də fala inanan insanlar həddindən çoxdur: “İnsanlar – istər təhsilli, istər təhsilsiz – hələ də fala inanırlar. Biz bu film vasitəsilə falçıların xalqın başına gətirdiyi oyunları tənqidi şəkildə göstərmək istəyirik.”
Xronometraj olaraq 62 dəqiqə nəzərdə tutulmuş bu qara komediyanın çəkilişlərinin Şamaxı və Oğuz rayonlarında aparılması planlaşdırılıb və 10 gün davam edəcək. Filmin aktyor heyətində Şamil Süleymanov, Selcan Xatun, Azad Şükürov və Zaur Manafovun iştirakı təsdiqlənib, digər rollar üzrə seçim prosesi isə hələ davam edir.
Filmin yaradıcı heyəti quruluşçu rejissor Tahir Tahiroviç, rejissor İlqar Quliyev, operator Rafiq Əliyev, bəstəkar Lalə Əhmədova və kreativ prodüser İradə Bağırzadədən ibarətdir.
Rejissorun sözlərinə görə, “Qıfıl” kinoteatrlarda nümayiş üçün nəzərdə tutulub. Eyni zamanda yerli və beynəlxalq festivallara da göndəriləcək: “Çəkilişlər planlaşdırdığımız kimi alınsa, tamaçıların maraqla qarşılayacağı bir film ortaya çıxacaq.”
Müsahibəni aldı: Aynur Kazımova




