“3I Cinema” yeni kriminal-fantastik janrda çoxseriyalı bədii film təqdim etməyə hazırlaşır. 12 bölümdən ibarət serial hər bölüm üçün 45–50 dəqiqəlik ekran vaxtı ilə ATV kanalında tamaşaçılara təqdim olunacaq.
Filmin qısa məzmununa görə, müəyyən bir ərazidə naməlum maddi sızıntı baş verir. Ərazi karantinə alınır və tamaşaçılar burada insanların üzləşdiyi gərgin və gözlənilməz hadisələrin şahidi olurlar.
Serialın rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi isə Asiman Ağa Rövşəndir. Layihənin baş prodüseri İslam Ağa, icraçı prodüserləri Aydın Səlimli və Elsəvər Camaldır. Quruluşçu operator işini Cavid Aslanlı, quruluşçu rəssam işini isə İlqar Qurbanov icra edib. Fokus puller Sübhan Quluzadə, ikinci rejissor Dilarə Vəliyeva, qaffer Məhəmməd Əhmədov, bəstəkar Vüqar Məmmədzadə, səs rejissoru Nadir Mahmudov və səs operatoru Xan Həsən də yaradıcı heyətin tərkibindədir.
Rollarda Qurban İsmayılov, Yasin Həzirə, Azər Aydəmir, Asiman Ağa Rövşən, İlham Hüseynov, Rauf Şahsuvarov, Rasəf Mehdiyev, Rasimə Abbasova, Mila Bekova, Elvin Əhmədov, Ceyhun Məmmədov, Şamil Süleymanlı, İqrar Salamov çəkilirlər.
Rejissor Elvin Rüstəmzadə fərqli janrlarda serial çəkməklə bağlı fikirlərini bölüşüb:
“Bilirsiniz, mən rejissoram və hər mövzuyla maraqlanıram. Düşünürəm ki, ssenari maraqlı olarsa, onu özümə adaptasiya edə bilirəm. Məsələn, “Bətəndaş A” sosial dram janrında idi, bu isə kriminal fantastikadır. Amma bu janrı da özümə yaxın hesab edirəm. Yaradıcı dostlarımızla çox danışırdıq ki, belə bir mövzuya müraciət edək.”
Fantastik səhnələrin qrafika ilə hazırlanıb-hazırlanmayacağı barədə sualı cavablandıran rejissor vurğulayıb: “Əgər mümkün olsa, kompüter effektindən qaçmağa çalışacağıq. Bacardığımız qədər özümüz edəcəyik. Amma bəzi xırda məqamlarda qrafikadan istifadə edə bilərik”.
Rüstəmzadə gələcək planlardan da söz açıb: “Hazırda konkret deyə bilməsəm də, planda başqa bir kanalda dram janrında serial çəkmək var. Amma yaxın perspektivdə işimizə serialla davam edəcəyik”.
Çəkiliş meydançasında yaradılan dekorasiyalar haqqında danışan rejissor qeyd edib: “Gördüyünüz bu evin burada divarı vardı. Mən istədim ki, o divar olmasın, çünki kamera hərəkətində maneə yaradırdı. O divarı uçurtduq və geniş arka yaratdıq. Bütün məkan yenidən rəngləndi. Əslində bərbad vəziyyətdə idi, amma bizim işimiz üçün lazım olan bərbadlıq deyildi”.
Aktyor seçimi zamanı nələrə diqqət etdiyilə bağlı suala rejissor bildirib: “Aktyor seçərkən ilk olaraq peşəkarlığa üstünlük verirəm. Çünki serial sahəsində nə geniş imkan, nə də kifayət qədər vaxt var ki, kimisə sıfırdan gətirib öyrədəsən. Belə bir təcrübəni bir az “Vətəndaş A” serialında etmişdim, amma bu çox vaxt aparan bir proses idi. Ona görə daha çox peşəkar aktyorlardan faydalanıram. Əsas odur ki, peşəkar olsun. Qalan məsələlər isə obrazın tələblərinə bağlıdır – nə istəyiriksə, ona uyğun aktyor seçib təsdiqləyirik”.
Azərbaycanda hazırda serial çəkilişlərinin vəziyyətini qiymətləndirən rejissor vurğulayıb:“Hamımız görürük ki, hazırkı vəziyyət əvvəlkindən daha yaxşıdır. Çünki əvvəllər bu səviyyədə keyfiyyətli seriallar çəkilmirdi. İndi isə şükürlər olsun ki, həm çəkilir, həm də biz bu işin içindəyik.”
Yeni serial yaxın günlərdə ATV ekranlarında yayımlanacaq.
Müsahibəni hazırladı: Aynur Kazımova









































