Hazırda çəkiliş mərhələsində olan “Qıfıl” filmi qara komediya janrındadır və qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Layihə 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Müsabiqənin qaliblərindən biri olub. 62 dəqiqəlik tammetrajlı film “Nova Gorica” Kino Mərkəzi tərəfindən istehsal olunur. Filmin ssenari müəllifi Tahir Tahiroviç, quruluşçu rejissoru İlqar Quliyev (Tahir Tahiroviçin iştirakı ilə), quruluşçu operatoru Rafiq Əliyev, rəssamı Leyla Quliyeva, bəstəkarı Lalə Əhmədova, kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir. Filmdə rolları Fətəli Abdullayev, Hüseynağa Aslanov, Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Azad Şükürov, Ülviyyə Əliyeva, Selcan Xatun və Zaur Manafov canlandırır. Film İTV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunur.
Rejissor İlqar Quliyev: “Mövhumatın acı reallığını yumorla göstərmək istədik”
– Qıfıl” filminin ideyasında həm gülməli, həm də acı bir reallıq var. Sizi bu hadisədə daha çox nə cəlb etdi – gülməliliyi, yoxsa cəmiyyətin bu inanca sığınması?
– Filmin ideyası real hadisələrə əsaslanır. Hadisələrdə ssenari müəllifi Tahir Tahiroviçin şəxsi müşahidələri də əksini tapıb. O, məni bu layihəyə dəvət edərkən dedi ki, bizim yumor hissimiz eynidir və mövhumata eyni cür baxırıq. Mən şəxsən insan kimi, yeni başlayan kinematoqrafçı kimi bu cəfəng inancların əleyhinəyəm. Ən pisi də odur ki, bu inanclar dinlə əlaqələndirilir və ilahi qüvvələrə bağlanır. Bu da təəssüf ki, yüz illərdir davam edən bir problemdir.
– Qara komediya janrına yenidən qayıtmaq istərdinizmi?
– Mütləq. Mən təbiətən sarkastik insanam, yumor mənim həyatımın onurğa sütunudur. Qara yumor əslində intellektual yumordur. Bədbəxt hadisələrdə belə gülüş doğuran məqamları göstərməyi sevirəm və gələcəkdə də bu janra müraciət edərəm.
– Çəkiliş zamanı hansı çətinliklərlə qarşılaşdınız?
– Filmin 70 faizi çöl çəkilişləridir, bu da texniki baxımdan çətin prosesdir.
– Bu layihə ARKA və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Belə layihələr ölkə kinosuna nə qatır?
– İstənilən film – janrından və metrajından asılı olmayaraq – kino sahəsinin inkişafına xidmət edir. Kəmiyyət bir gün keyfiyyətə çevriləcək. Tamaşaçılar artıq sosial və dramatik mövzulara daha çox maraq göstərirlər. Ümid edirəm ki, ‘Qıfıl’həm tamaşaçıda müsbət təəssürat yaradacaq, həm də gənc rejissorlar üçün stimul olacaq.
– Aktyor seçimi zamanı nələrə diqqət etdiniz?
– Baş rollarda gənc aktyorlara üstünlük verdik. Digər rollarda Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Azad Şükürov, Ülviyyə Əliyeva və başqaları yer alır.
Prodüser Afaq Yusifli: “Tamaşaçı ekranda öz həyatından bir parça görəcək”
– “Qıfıl” layihəsi ilk dəfə diqqətinizi necə cəlb etdi?
– Tahir müəllim mənə bir hekayə göndərdi, oxudum və çox xoşuma gəldi. Dedi ki, bu hadisə gerçəkdir. Real insana və hadisəyə əsaslanması, həm də komik və dramaturji elementlərin olması marağımı artırdı. Bu mənim tammetrajlı bədii filmdə ilk prodüser işimdir və təbii ki, xüsusi həyəcan hissi yaradır.
– Filmin janrı qara komediyadır, amma hadisə realdır. Tamaşaçıya bu birləşmə necə təsir edəcək?
– Məncə, Azərbaycan tamaşaçısının real hekayələrə ehtiyacı var. Biz maraqlı mövzu tapmaq üçün başqa ölkələrə getməli deyilik, hadisələr elə öz ətrafımızdadır. Bu film də insanlara tanış həyatlardan danışır. Orada gənclərin hissləri, ailə münasibətləri var. Tamaşaçı ekranda özündən bir parça tapacaq. Həm güləcək, həm də düşünəcək.
– Çəkiliş mərhələsində hansı çətinliklər yaranıb?
– Əvvəl planlaşdırılmışdı ki, hadisələr rayonda çəkilsin, amma sonradan lokasiya dəyişdirildi. Bu, müəyyən uyğunlaşma tələb etdi. Lakin hazırkı məkan da kifayət qədər atmosferikdir və hekayənin ruhuna uyğundur.
– Aktyor seçimi necə aparılıb?
– Əsas seçim prosesini Tahir bəy və İlqar bəy aparıb. Qəhrəman yeniyetmə olduğuna görə yaş faktoru önəmlidir. Bundan başqa, təbii və kinematoqrafik üzlər seçməyə çalışdıq. Tanınmış aktyorlarla yanaşı, bu film bir çox yeni simalar üçün də təcrübə olacaq.
– Mədəniyyət Nazirliyinin dəstəyi çəkilişlərdə nə kimi fərq yaradır?
– Filmin Mədəniyyət Nazirliyinin müsabiqəsində qalib olması bizə əlavə güvən verir. Bəzi icazə və təşkilati məsələlər daha rahat həll olunur.
Aynur Kazımova


























