16-cı Bakı Beynəlxalq Film Festivalı başladı. Açılış mərasimi dekabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə çıxış edən festivalın təsisçisi Fehruz Şəmiyev qeyd edib ki, “Kino yaradıcı insanları bir araya gətirən bir məkandır və artıq yüz ildən çoxdur ki, iqtisadi çətinliklərə rəğmən bu birliyə xidmət edir, yaradıcı düşüncənin yaşamasına dəstək olur”. O, həmçinin kino sahəsinə yeni gələnləri festivalda öz güclərini Bakı Beynəlxalq Film Festivalında sınamağa çağırıb.
Daha sonra Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova səhnəyə çıxaraq festival iştirakçılarını salamlayıb və kino bayramında hər kəsə xoş təəssüratlar arzulayıb.
Açılışda Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycandakı xarici səfirliklərin təmsilçiləri, beynəlxalq münsiflər heyətinin üzvləri, eləcə də mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalın əsas mükafatı “Qızıl Nar” qalib filmə təqdim olunacaq. Bundan başqa, müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlar və diplomlar da sahiblərini tapacaq.
16-cı Bakı Beynəlxalq Film Festivalı 5–9 dekabr 2025-ci il tarixlərində keçirilir. Bu il festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, Gənc Kinematoqrafçılar Mərkəzinin isə təsisçiliyi ilə “Baku Cinema Breeze 25” proqramı çərçivəsində baş tutur. Festivalın tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV” və Yunis Əmrə İnstitutu yer alır. Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı və “KinoBiz” platforması isə media tərəfdaşı kimi çıxış edir.
Kinosevərlər festival çərçivəsində 34 ölkədən seçilmiş 78 filmi beş gün boyunca Nizami Kino Mərkəzində saat 11:00-dan etibarən izləyə biləcəklər. Filmlərin nümayişinə giriş sərbəstdir.



























































