Bakı Konqres Mərkəzində “KinoBox” adlı onlayn yayım platformasının rəsmi təqdimatı keçirilib. Platforma beynəlxalq filmlərin rəqəmsal nümayişini təmin etməyi, müstəqil kinoya yeni paylama imkanları yaratmağı və mədəni müxtəlifliyin təşviqini qarşısına məqsəd qoyur. “KinoBox”un əsas prioritetlərindən biri yerli film ekosisteminin inkişafına dəstək verməkdir. Bu, rəqəmsal paylama mexanizmlərinin təkmilləşdirilməsi, müəllif hüquqlarının qorunması və istifadəçi yönümlü xidmətlərin gücləndirilməsi ilə həyata keçirilməlidir. Platforma həmçinin yeni gəlir modelləri üzərində işləməyi və birbaşa yayım xidmətləri təqdim etməyi planlaşdırır.
Layihənin təsisçisi, rejissor Elvin Abdulla, kinoinfo.az portalının sualını cavablandırıb.
– Sizcə “KinoBox” platforması kinoteatrlara gedən tamaşaçı sayına təsir edəcəkmi?
– Hazırda dünyada belə bir tendensiya müşahidə olunur: kinoteatrlara fiziki olaraq getmək vərdişi azalır. Tamaşaçı artıq ev rahatlığında film izləməyi üstün tutur. Televizorların ölçüsünün böyüməsi və səs avadanlıqlarının keyfiyyətinin artması da bu prosesi sürətləndirir. Buna görə də kinoteatrlarda film satışının tədricən aşağı düşməsi, onlayn platformaların isə yüksəlişi qaçılmazdır. Bu təkcə Azərbaycana yox, bütün dünyaya aid bir haldır. “KinoBox” bu prosesə mənfi təsir göstərmir, əksinə, mövcud tendensiyaya uyğun şəkildə inkişafı sürətləndirir. Kinoteatr maksimum bir milyon tamaşaçıya çata bilirsə, “KinoBox” potensial olaraq iki yüz milyon insana çıxış imkanı yaradır. Bu səbəbdən platformadan istifadə etmək məqsədəuyğundur.
Tədbir zamanı “KinoBox” fəaliyyətə başlamazdan əvvəl onu dəstəkləyən prodakşnlar və qurumlara “KinoBox-un dostu” mükafatı təqdim edildi.
Aynur Kazımova








































