Rejissor İlham Yaşaroğlu Lerik rayonunda yeni tammetrajlı filminin çəkilişlərini həyata keçirir. “Ruh atası” adlı tammetrajlı bədii film 75 dəqiqəlik müddəti ilə 12 və daha yuxarı yaş kateqoriyası olan tamaşaçılar üçün nəzərdə tutulub.
Film 7 mart tarixindən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq. Filmin istehsalı 3İ Cinema tərəfindən həyata keçirilib.
Filmin hekayəsi istirahət mərkəzində mühafizəçi işləyən Nəsirin ətrafında cərəyan edir. Nəsir mərkəzin bağlı olmasından istifadə edərək özünü varlı bacanağı kimi göstərmək və qohumlarını istirahət mərkəzinə dəvət etmək qərarına gəlir. Lakin dəvət edilənlərlə yanaşı, çağırılmamış bir qonağın da mərkəzə gəlməsi hadisələrin gedişatını dəyişir.
Ekran əsərinin ssenari müəllifləri Tərlan Nur Yaşar, Elnur Hüseynov, Elvin Paşa və Ramin Hacıyevdir. Filmin operatoru Emin Hüseynov, rəssamı Vüsal Hüseynov, prodüseri Məcid Hüseynov, set şefi isə Amil Alidir. Texniki dəstək “Alioglu Media Group” tərəfindən təmin edilib.
Filmdə Məcid Hüseynov, Tərlan Nur Yaşar, Nuranə Həmidova, Səadət Abbasova, Elnur Hüseynov, Mələk Hacıyeva, Aqil M. Quliyev, Ceyhun Məmmədov və Rəsmiyyə Nur rol alır.
















