Əsas ANALİTİKA“AZƏRBAYCANFİLM”LƏ BAĞLI YENİ TƏŞƏBBÜS

“AZƏRBAYCANFİLM”LƏ BAĞLI YENİ TƏŞƏBBÜS

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqının Mədəniyyət Nazirliyinə “Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən C.Cabbarlının heykəlinin durumu haqda məktubundan sonra operativ qaydada görülən işlər münasibətilə AKİ-dən cənab nazir Adil müəllim Kərimlinin adına məktub ünvanlanıb.

Məktubda deyilir: “Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən C.Cabbarlının heykəlinin “Kinopark” layihəsi çərçivəsində bərpası xəbəri bizi sevindirdi. Əmin olun ki, bu sadəcə bərpa məsələsi yox, kino istehsalına da dolayı yolla təsir edə biləcək bir layihədir. Bununla yanaşı ARKA-nın kinostudiyanın binasında yerləşdiriləcəyi xəbərləri də bizə ümid verir. Bu təkcə psixoloji cəhətdən mühüm addım olmaqla yanaşı, həm də maliyyə resurslarının effektli idarəçiliyi cəhətdən də səmərəli ola bilər. Agentliyin icarə xərci azalar, kinematoqrafçılarla kommunikasiya dinamikləşər, Agentlik və kinematoqrafçılar arasında “xarab telefon” effektinə son qoyular. “Azərbaycanfilm” təkcə istehsal potensialı olan şirkət yox, bütün kino proseslərində xidmət servisini həyata keçirə  biləcək, kino şirkətlərinin kommunikasiya mərkəzi ola biləcək bir bazadır”.

Məktubda kinostudiya ilə bağlı təşəbbüs də qaldırılıb. Belə ki, AKİ katibliyi kinostudiyanın planlanan əsaslı təmirinə qədər, küçə girişinin Moskva prospektinə baxan hissəsinin müasir tələblərə cavab verən promo-məkana çevrilməsi təklif olunur. Məktubda deyilir: heykəlin bərpası ilə kifayətlənməyib, studiyanın küçə girişini müasir tələblərə cavab verə biləcək vəziyyətə gətirilsin. Bir qayda olaraq, film studiyalarının girişi, təkcə dar çərçivədə xidmət yeri yox, həm də məlumatlandırmaq, PR və imic formalaşdırmaq məkanıdır. Studiyanın girişinin modern, qənaətli təmiri onu, Mədəniyyət Nazirliyinin xətti ilə həyata keçirilən film layihələri, kinostudiyanın şərəfli tarixi haqda məlumat lövhələri, film təqdimatları haqda posterlərin, studiyanın xidmət və uğurları haqda məlumatların yerləşdirildiyi  info-platformaya çevirə bilər. Bu studiyaya xidmət sifariş verə biləcək müştərilərin, kino layihələri haqda məlumatlı tamaşaçıların sayını artıra bilər. Girişin küçə hissəsində (indi orada parkinq yerləşir)  elektron bilbordun yerləşdirilməsi isə bu işin effektivliyini on qat artıra bilərdi. Bu işi “Kinopark” layihəsinə ayrılacaq böyük maliyyə resurslarını gözləmədən cari ilin maliyyə resursları çərçivəsində yerinə yetirilməsi kinematoqrafçılarımızın güclərini səfərbər edərdi.

“Azərbaycanfilm” sadəcə istehsalçı şirkət yox  müstəqil Azərbaycanın bir neçə nəsil vətəndaşının mənəvi dünyasının formalaşmasında xidməti olmuş mədəniyyət ocağıdır. Belə bir studiyanın girişinin multimedia sərgisi ilə tərtibi və təmiri, sektorun inkişafında müsbət rol oynayacağına heç bir şübhə yoxdur”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov bildirir ki, AKİ sədri Rasim Balayev “Azərbaycanfilm” kinostudiyasının taleyini daim gündəmdə saxlayır. Bu haqda nazir Adil müəllim Kərimli ilə söhbəti olub. Mədəniyyət Nazirliyinin “Azərbaycanfilm” kinostudiyasını fəaliyyətdə olan film istehsalı mərkəzinə çevrilməsi niyyətlərinin tezliklə həyata keçməsində bütün kino ictimaiyyətimiz maraqlıdır.

Əlaqədar Yazılar