Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə bağlanmış müqavilə çərçivəsində “İşquz dövləti” adlı 3 seriyalı bədii-sənədli filmin istehsalına başlandı. Filmin xronometrajı 75 dəqiqə nəzərdə tutulub. Layihənin ideya müəllifi və ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənli, layihə rəhbəri və baş prodüseri Azər Aydəmir, icraçı prodüseri isə Ülviyyə Könüldür.
“Aydəmir Entertainment” tərəfindən istehsal olunan layihəyə 657 000 manat maliyyə vəsaiti ayrılıb.
Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, quruluşçu rəssamı Vüqar Qurbanov, ikinci rejissoru Müşfiq Mirzə, xətt prodüserləri Tofiq Musayev və Anar Əmirov, baş redaktoru Etibar Məmmədov, səs rejissoru Morteza Nacafli, geyim rəssamı Ləman Süleymanlı, qrafik dizayneri Rövşən Abıyev, qrim rəssamı isə Adelya Alıyevadır.
Film qədim İşquz (skif) dünyasının formalaşmasını, tayfaların birləşərək dövlətə çevrilmə yolunu və bu prosesdə verdikləri mübarizəni ekrana gətirəcək. Süjet xətti İşpakay sərkərdənin ölümündən sonra yaranan parçalanma fonunda Bartatua adlı yeni liderin yüksəlişi və tayfaları bir araya gətirməsi üzərində qurulub.
Ekran əsərinin çəkiliş prosesinin ilk günündə rejissor Elvin Əhmədoğlu Kinoinfo.az saytının suallarını cavablandırıb.
– Bu ssenarini oxuyanda sizi nə cəlb etdi ki, film çəkmək qərarına gəldiniz?
Məncə hər bir rejissor tarixi film çəkmək istəyir. Həm çətindir, həm maraqlıdır, həm də özünü göstərmək üçün hər bir rejissor tarixi film çəkmək istəyər.
– Filmin bədii-sənədli olması nəzərdə tutulur. Sənədli hissəni necə planlaşdırmısınız?
Sənədli hissədə kurqanlarda çəkilişlərimiz olacaq. Xocalı və Füzuli bölgələrində də çəkilişlər aparılacaq. Həm araşdırma səhnələri, həm də intervyu səhnələri nəzərdə tutulub. Bundan əlavə, Böyük Britaniyada, Britaniya Tarix Muzeyində də çəkilişlər aparılacaq.
– Film bədii-sənədli kimi təqdim olunur. Bu balansı necə quracaqsınız?
Filmdə bədii və sənədli hissələr bir-birini tamamlayacaq. Bədii hissədə dialoqlar olacaq və film kimi təqdim ediləcək. Sənədli hissədə isə faktlar göstəriləcək, sonra yenidən bədii hissəyə qayıdılacaq. Beləliklə, tamaşaçı həm real faktları, həm də bədii təqdimatı görəcək.
– Qrafik dizayn və vizual effektlərdən istifadə olunacaqmı?
Bəli, qrafik dizayn və vizual effektlərdən istifadə olunacaq.
– Kastinq zamanı baş rolları seçərkən nələrə diqqət etmisiniz?
Tarixçi Zaur Həsənovun araşdırmalarına əsasən seçim aparılıb. Aktyorlar saç, saqqal və üz quruluşuna görə seçilib.
– Çəkilişin ilk günü idi. Bu günə qədər ən çətin hissə nə olub?
Döyüş səhnələrinin qurulması ən çətin hissə olub. O dövrdə döyüş texnikasını düzgün göstərmək çətin idi. Bundan əlavə, geyim və dekorasiyanın hazırlanması da çətinlik yaradıb.
– Çəkiliş prosesi neçə gün planlanıb?
Bədii hissə təxminən 20 gün, sənədli hissə isə 10–12 gün planlanıb. Ümumilikdə çəkiliş prosesi bir aydan çox davam edəcək.
Aynur Kazımova







































