Aprelin 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “DokuToor-2” sənədli film nümayişi proqramı çərçivəsində ikinci tədbir baş tutub. Kinotənqidçi Aygün Aslanlı və kinoşünas Sevinc Xanbutayevanın moderatorluğu ilə keçən nümayişdə kinosevərlərə polyak rejissoru Emiliya Sineqoşkanın “İkiqat çətinlik” tammetrajlı sənədli filmi təqdim olunub.
Film, Rumıniyada yerləşən bir polyak kəndinin iki sakinindən – Hanka və Bronka adlı iki yaşlı qadının gündəlik həyatından bəhs edir. Həyat yoldaşlarını itirmiş, övladları işləmək üçün ölkəni tərk etmiş bu iki qadın bir-birinin həyanına, can yoldaşlarına çevriliblər. “İkiqat çətinlik” filmi təbiətlə harmoniyada yaşayan qəhrəmanları, onların hərdən arasına yüngül təşviş girən adi, həyati dialoqları, yumorları vasitəsilə qonşu Ukraynada gedən müharibənin iki addımlığında yerləşən cənnətin məhvolma təhlükəsinə qarşı həyəcan siqnalı çalır.
Nümayişdən sonra tamaşaçılar film barədə fikirlərini bölüşüblər. “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” başlığı altında keçirilən “DokuToor 2” sənədli film nümayişləri layihəsi DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə reallaşan “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində reallaşdırılır.


























