Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filmi 66-cı Krakov Film Festivalının milli müsabiqə proqramında dünya premyerasını edəcək.
Film Qarabağda işğaldan azad olunmuş ərazilərdə aparılan mina təmizləmə prosesindən bəhs edir. Minaaxtarma fəaliyyəti çox vaxt “ikinci müharibə” və ya “gizli müharibə” kimi xarakterizə olunur, çünki təhlükə görünməz olsa da, hər an mövcuddur. Ekran əsərinin əsas qəhrəmanları yalnız qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera onların gündəlik həyatını izləyərək göstərir ki, bu qadınlar nə qədər riskli və təhlükəli iş görsələr də, eyni zamanda həssas və emosional tərəfləri ilə seçilirlər. Layihənin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Polşadan Vita Jelakeviçut, prodüseri Orman Əliyev, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir. Filmin ssenarisini Fariz Əhmədov və İsmayıl İman qələmə alıblar. Quruluşçu operator Mateuş Çuxnovski, redaktor Rasim İsmayılov, montaj rejissorları Rafal Listopad və Maykl Stoklosa, səs rejissoru Franciszek Kozłovskidir. Filmin musiqisi Azad Vəliyev tərəfindən bəstələnib.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzində istehsal olunub. İstehsala Polşadan “Drygas Film Production” və Polşa televiziyası “TVP” qoşulub. Filmin beynəlxalq satış və festival distribyusiyasını “IKH Pictures Promotion” həyata keçirir.
Filmin rejissoru Fariz Əhmədov kinoinfo.az saytının suallaırnı cavablandırıb.
“Sükut içində addımlar” filminin ideyası necə formalaşdı? Sizi məhz bu mövzuya yönəldən əsas səbəb nə idi?
Qarabağda antiterror əməliyyatından sonra biz çəkilişlər edirdik. Bu proses zamanı bir məlumat eşitdim ki, yeni bir komanda yaradılır və bu, qadınlardan ibarət mina təmizləyən qrup olacaq. İdeya da oradan yarandı. Çünki işğaldan azad olunmuş ərazilərə gedəndə əsas qarşılaşdığımız problem və hiss etdiyimiz qorxu həmin yerlərin mina və partlamamış sursatlarla çirklənməsi idi. Daim təlimatlar verilirdi, hiss olunurdu ki, ora girmək olmaz və s.
Üstəlik, o dövrdə tez-tez eşidirdik ki, insanlar minaya düşür, partlayışlar olur. Beləliklə, bu mövzu formalaşdı. İlk olaraq qrup yığıldıqdan sonra gedib onlarla tanış olduq. Daha sonra Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) müsabiqəsi elan olundu və biz layihəni ora təqdim etdik. Ardınca film istehsalı Polşadan olan ko-prodüserlə də birgə həyata keçirildi. Bu mövzu onlara da maraqlı idi.
Filminizin qəhrəmanları cəsarətli qadınlardır. Onlarla işləmək təcrübəniz necə keçdi?
Ümumiyyətlə, xanımlarla, xüsusilə bu sahədə çalışan xanımlarla işləmək çətin idi. Buna görə çəkiliş prosesi də uzun çəkdi. Biz bir qrupu izləyirdik, qrupda təxminən on nəfər xanım var idi. Amma əsas diqqət iki qəhrəman üzərində qurulmuşdu. Onlardan biri Ağdamın Gülablı kəndindəndir. Altı-yeddi yaşında kəndindən qaçqın düşüb, hazırda Ağdamın işğal olunmamış hissəsində yaşayır. Onun üçün bu iş sadəcə peşə deyil, həm də bir borcdur. Çünki hər təmizlədiyi ərazi ilə öz kəndinə bir az daha yaxınlaşır, uşaqlığını xatırlayır. Digər qəhrəmanımız isə Azərbaycanın başqa bölgəsində doğulub, Bakıda yaşayan, jurnalistika təhsili almış bir xanımdır. Ailəsi Bakıda yaşayır. O, həftəiçi ərazidə işləyir, həftəsonları isə Bakıya qayıdır. Qrupda fərqli yaş və fərqli bölgələrdən olan xanımlar da var idi. Biz ümumilikdə bu mühitdə baş verənləri göstərmək istəyirdik. Başlanğıcda qəhrəmanlar kameraya alışmaqda çətinlik çəkirdi və bizi yaxına buraxmaq istəmirdilər. Amma bir həftə-on gün ərzində kameraya öyrəşdilər. Bundan sonra çəkilişləri əsasən müşahidə formatında davam etdirə bildik. Ümumilikdə 40 gündən çox ərazidə olduq və zamanla həm qəhrəmanlarla, həm də qrupun digər üzvləri ilə dost münasibəti quruldu. Çəkiliş heyətində də xanımlar var idi, fokus puller Sevda İsmayılova və icraçı prodüser Cəmilə Qəhrəmanova. Qəhrəmanlarla daha yaxın əlaqə qurulmasında onların rolu böyük oldu. Sənədli filmdə ən vacib məqamlardan biri qəhrəmanın sizə inanması və açılmasıdır. O, öz işini görür, siz isə sadəcə müşahidə edirsiniz. Bir müddətdən sonra qəhrəmanlar bizi yalnız istirahət vaxtlarında fərq edirdi və varlığımızı həyatlarının bir hissəsi kimi qəbul edirdilər. Necə ki, mina təmizləmək üçün xüsusi geyim və avadanlıq vacibdir, onlar da artıq çəkiliş qrupunu gündəlik işlərinin ayrılmaz hissəsi kimi görürdülər.
WARM Film Festivalında “2000 Meters to Andriivka” filmini izləmişdim. Orada qəhrəmanlar kəndə yaxınlaşdıqca qət etdikləri məsafəni qeyd edirlər. Sizin filmdə isə Gülablı kəndindən olan qəhrəman öz doğma kəndinə doğru mina təmizləyə-təmizləyə irəliləyir. Siz bu prosesi filmdə necə təqdim etmisiniz?
Bəli, biz onu işğaldan sonra ilk dəfə öz kəndinə apardıq. Doğulduğu evə getdi. Spoiler vermək istəmirəm, amma 33 ildən sonra kəndinə qayıtdı. Təkcə o yox, digər qrup üzvləri ilə birlikdə bu prosesi çəkdik. Mənim üçün bu, filmin ən emosional hissələrindən biridir.
Mina axtarışı kimi yüksək riskli bir proses zamanı çəkilişlərdə hansı çətinliklərlə qarşılaşdınız?
Əlbəttə, hər bir mina təmizləyənin əməl etdiyi “on qızıl qayda” var və bu qaydalara təhlükəsizlik baxımından mütləq riayət olunmalıdır. Biz də bu riski yaxşı başa düşürdük və heyətin təhlükəsizliyi bizim üçün çox vacib idi. Həm ANAMA, həm də işi icra edən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq məsafə qorunmalı idi. Baxmayaraq ki, qadınlar xüsusi təlim keçmişdilər, onların işinə xaricdən gəlmiş mütəxəssislər nəzarət edirdi. Biz də çəkiliş zamanı bu məsafələri mütləq saxlayırdıq. Bu məhdudiyyətlər bir tərəfdən bizə yaradıcılıq imkanı da verdi, daha çox zum obyektivlərlə, məsafədən işləyirdik. Bəzən bu məsafə 300–500 metrə çatırdı. Onlar isə ya kameranın kimə yönəldiyini bilmirdilər, ya da bütün diqqətlərini mina təmizləmə prosesinə verirdilər.
Təhlükəsizlik məsələsinə çox ciddi yanaşırdıq. Hətta ilk günlərdə operatorumuzun həyat yoldaşı mənə zəng edib dedi ki, həyat sığortası olmadan əraziyə girməsinə icazə vermir. Biz də növbəti gün bütün heyəti Avropa sığorta şirkətlərindən biri vasitəsilə tam sığortaladıq və yalnız bundan sonra çəkilişlərə davam etdik. Çəkiliş zamanı xüsusi qoruyucu geyimlər, kaska, bronjilet və digər avadanlıqlardan istifadə edirdik. Ümumiyyətlə, bu sahədə heç kim tam riskdən sığortalanmayıb. Hətta mina təmizləyənlərlə belə müəyyən məsafə saxlamaq lazımdır, çünki hər hansı qəza baş verərsə, zədələnmə ehtimalı var. Şükür ki, proses boyu hər şey nəzarət altında oldu. Mina aşkar edilən hallar da oldu və bu anlar filmdə yer alır. Onların zərərsizləşdirilməsi də uğurla həyata keçirildi.
Kamera qadınları fasiləsiz şəkildə izləyir. Çəkiliş zamanı onların emosional vəziyyəti ilə texniki minaaxtarma prosesini necə uzlaşdırdınız?
Bu qadınlar adətən hər gün saat beşdə oyanıb işə gedirlər, xüsusilə bazada yaşayanlar. Ümumiyyətlə, proses belə qurulub: şəhərdən gələnlər əsasən bazada qalırlar. Digərləri də istəsələr bazada yaşaya bilirlər. Orada gündə üç dəfə yemək verilir və normal yaşayış şəraiti təmin olunur. Əgər kimsə yaxın ərazidə, ailəsi ilə yaşayırsa, o zaman gündəlik gedib-gəlir. Biz isə çəkiliş zamanı onların bütün gününü əhatə edirdik, həm iş prosesini, həm də evdəki həyatlarını müşahidə edirdik.
Sizi filmdə ən çox hansı səhnə sarsıtdı?
Məni ən çox təsirləndirən səhnələrdən biri qəhrəmanlarımızdan Sehran xanımın 33 ildən sonra öz kəndinə, öz evinə qayıtması oldu.
Filminiz Polşa və Azərbaycanın ortaq istehsalıdır. Bu əməkdaşlıq necə formalaşdı? Polşa televiziyası və Polşa Kino İnstitutunun dəstəyi filmin ərsəyə gəlməsində hansı rolu oynadı?
Bundan əvvəlki filmimdə də operatorum polşalı Mateuş Çuxnovski idi. Bu layihədə də əvvəlcədən mövzunun araşdırılması, sinopsis və tizerin hazırlanması mərhələsini Danial Quliyevlə birlikdə etdik. Bir həftə ərzində həm tizeri çəkdik, həm də fondlara müraciət etdik. Tizer hazır olduqdan və ilkin ssenari planı yazıldıqdan sonra müxtəlif fondlara müraciətlərimizi davam etdirdik. Mövzu polşalı prodüserlərin də diqqətini çəkdi. Onlardan biri, Polşanın tanınmış sənədli kino rejissorlarından Maçey Driqas idi. Onunla əvvəldən tanışlığımız var idi. 2014-cü ildə sənədli kino ilə bağlı bir kurs təşkil etmişdik və o da iştirak etmişdi. Driqas Azərbaycanı sevən və tez-tez gələn bir insandır. Paralel olaraq Polşa Kino İnstitutuna və Polşa Televiziyasına dəstək üçün müraciət olundu. Çəkilişlərin sonuna yaxın layihənin Polşa Kino İnstitutundan dəstək qazandığını öyrəndik, daha sonra isə Polşa Televiziyası da layihəyə qoşuldu. Filmin qaralama montajını Bakıda Əsgər Rəhimov və Ağarza Əsgərovla birlikdə tamamladıq. Sonrakı mərhələlər, səs həlli və rəng korreksiyası isə Polşanın Varşava şəhərində, altı ay ərzində, peşəkar post-prodakşn studiyalarında həyata keçirildi.
Polşalı yaradıcılarla əməkdaşlıq filmin bədii dilinə necə təsir göstərdi?
İlk növbədə bu, keyfiyyətə təsir edir, həm texnologiya, həm də peşəkarlıq baxımından. Təəssüf ki, ölkəmizdə post-prodakşn sahəsində ciddi problemlər var. Məsələn, yaxşı bir kolorist tapıb filmi keyfiyyətli şəkildə rəngləmək çətindir. Xaricdə etdikdə isə bu, kifayət qədər böyük maliyyət tələb edir. Bu film üçün post-prodakşn mərhələsinə 200 min manatdan çox vəsait xərclənib. Bu, həm səs, həm də montaj işlərini əhatə edir. Bütün bunlar filmin sonunda keyfiyyətli şəkildə hazır olması üçün vacib rol oynayır. Eyni zamanda, bu cür peşəkar iş həm filmin gələcək distribusiyasında, satış imkanlarında, həm də festival həyatında mühüm rol oynayır. Ümumiyyətlə, peşəkarlarla işlədikdə nəticədə daha keyfiyyətli məhsul əldə etmək mümkün olur.
Festival premyerasından sonra filmin beynəlxalq auditoriyada necə reaksiyalar doğuracağını gözləyirsiniz?
Açığı, indi konkret nəsə demək çətindir. “Sonuncu” filmim də pandemiya dövrünə təsadüf etmişdi. O vaxt nə festivallara getmək, nə də tamaşaçılarla canlı ünsiyyət qurmaq imkanı var idi. İndi isə ən azından Polşa tamaşaçısını bir qədər yaxından tanıyıram. 2022–2023-cü illərdə filmlərin nümayişi zamanı gördüm ki, həm Polşa, həm də ümumilikdə Avropa, xüsusilə Qərbi Avropa tamaşaçıları sənədli kinoya daha çox maraq göstərirlər və bu janrı sevirlər. Xüsusi bir gözləntim varmı? Açığı, yoxdur. Amma düşünürəm ki, festivalın əsas üstünlüyü filmi tamaşaçıya göstərmək və onlarla canlı ünsiyyət qurmaq imkanıdır. Reaksiyaların necə olacağını isə festivaldan sonra görəcəyik. İndiki mərhələdə nəsə demək çətindir.
Sizcə, Qarabağ müharibəsinin kinoda ifadəsində əsas konseptual yanaşma necə olmalıdır? Müharibə daha çox hansı aspektdən işıqlandırılmalıdır və hansı janra üstünlük verilməlidir?
Açığı, bu mövzuda konkret bir “resept” olduğunu bilmirəm. Mənim 43 yaşım var və həyatımda iki müharibə görmüşəm. Onlardan biri Birinci Qarabağ müharibəsidir. O vaxt uşaq idim və özüm də Qarabağlıyam. Ailə üzvlərimin bir çoxu qaçqın və məcburi köçkün həyatı yaşayıb, qohumlarımız arasında şəhid olanlar var. Hazırda valideynlərim Cəbrayıl rayonunun Horovlu kəndinə köçüb orada yaşayan ailələrdəndir.
Son 20 il ərzində istər “Azərbaycanfilm”də, istər Bakı Media Mərkəzində işlədiyim dövrdə etdiyim layihələrin böyük hissəsi Qarabağla bağlı olub. Prodüser kimi də, rejissor kimi də çəkdiyim filmlərin əksəriyyəti bu mövzunu əhatə edir. Məni daha çox sənədli tərəf maraqlandırır. Bu, bir az şəxsi məsələdir. Müharibənin mənə təsiri, yaratdığı travma və bunu göstərmək istəyi ilə bağlıdır. Xaricdə bu mövzunun nə dərəcədə qəbul olunmasına gəlincə, müəyyən çətinliklər var. Bu film ilə də gördük ki, bəzi reaksiyalar olur. Hətta bəzi hallarda filmin proqrama salınması üçün Qarabağ və ya erməni sözlərinin çıxarılması kimi tələblər irəli sürülür. Bu isə mənim üçün qəbuledilməzdir. Çünki mənim sənədli filmlərim insan taleləri üzərində qurulub, müharibənin insan həyatına necə təsir etdiyini göstərmək istəyirəm. Ümumiyyətlə, belə bir fikir var ki, ən yaxşı müharibə filmləri müharibədən 10–15 il sonra çəkilir. Amma sənədli kino üçün bəzi mövzuları vaxtında çəkmək vacibdir. Məsələn, Qarabağ azad olunandan sonra əsgərlərin divarlara yazdıqları yazılar, dağıdılmış qəbiristanlıqlar. Bunların hər biri ayrıca film mövzusudur. Bu mövzular çoxdur, amma zamanla dəyişir. Qarabağda hazırda sürətli quruculuq işləri gedir. Məsələn, bir müddət sonra Şuşanın azad olunduğu ilk dövrü olduğu kimi göstərmək mümkün olmayacaq, çünki şəhər artıq çox dəyişib. Bu isə o deməkdir ki, gələcəkdə bu mövzuda bədii filmlər çəkmək daha çətin və daha bahalı olacaq, çünki həmin mühiti yenidən qurmaq lazım gələcək. Eyni proses Kəlbəcərdə, Laçında və digər ərazilərdə də gedir. Əlbəttə, bu mövzuda filmlərin sayı çox olmalıdır. Amma bunun hansı resurslarla və maliyyə ilə həyata keçiriləcəyi artıq başqa bir məsələdir.
Növbəti film layihəniz varmı və əgər varsa, hansı mövzunu əhatə edir?
Söhbət Azərbaycanın milli amputant futbol komandasından gedir. Bu komanda ayaqlarını amputasiya etmiş insanlardan ibarətdir və artıq xeyli uğurları var, o cümlədən Avropa çempionatında iştirakları da olub. Komanda əsasən İkinci Qarabağ müharibəsindən əvvəl mina partlayışı nəticəsində zərər görmüş həm hərbçilərdən, həm də mülki şəxslərdən formalaşıb. Əslində, bir ayağını itirmiş insanların idmanla məşğul olması çox çətin görünür. Onlar daim qoltuq ağacı ilə hərəkət edir, xüsusi qaydalara uyğun oynayırlar, məsələn, qoltuq ağacı ilə topa toxunmaq qadağandır və s. Biz təxminən altı ay ərzində komandanın Avropa yarışlarına hazırlıq prosesini və çıxışlarını çəkdik. Bakıda və Türkiyənin müxtəlif şəhərlərində onların yoldaşlıq oyunlarını da izlədik.
Aynur Kazımova















