Əsas ANALİTİKASƏN KİMSƏN, ƏLİ İSA CABBAROV?

SƏN KİMSƏN, ƏLİ İSA CABBAROV?

by editor

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqında İdarə Heyətinin iclası keçirilib. İclasda AKİ sədrliyinə iki namizəd müəyyənləşdirilib. İdarə Heyətinin qərarına əsasən, mayın 26-da keçiriləcək qurultayda namizədlərdən biri – Əli İsa Cabbarov haqqında bioqrafik məlumatları təqdim edirik.

Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii kino və televiziya filmləri rejissorluğu” fakültəsini bitirib. 1994-2014-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rejissoru olub. 2005-ci ildən “Dərviş” Prodüser Mərkəzinin direktoru və AGFİA-nın sədri kimi fəaliyyət göstərir. Gənc Film İstehsalçıları Assosiasiyasının layihələri olan “Fokus” analitik kino jurnalı və ilk kino xəbər saytı olan kinoinfo.az-ın yaradıcısıdır. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində fəaliyyət göstərir.


Rejissor və prodüser olaraq Əli İsa Cabbarov bir sıra nüfuzlu mükafatlara layiq görülüb. 2001-ci ildə rejissoru olduğu “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” sənədli filmi Azərbaycan Kinematoqrafçılar Birliyinin “Qızıl Çıraq” mükafatı və “Humay” mükafatının «Ən yaxşı sənədli film» nominasiyasını qazanıb.

2003-cü ildə lentə aldığı “Əyalət teatrının tarixçəsi” sənədli filmi Bakı Beynəlxalq Audiovizual Festivalında “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.

2007-ci ildə rejissoru olduğu “Küsnət” sənədli filmi Turizm Filmləri Festivalının Qran-prisinə layiq görülüb.

Həmin il prodüseri olduğu “Ev” bədii filmi Clermont-Ferrand International Short Film Festival, International Film Festival Rotterdam və Fribourg International Film Festivalın rəsmi müsabiqəsində nümayiş etdirilib. Film Romada keçirilən Aziatika-Mediale Beynəlxalq Kinofestivalında “Tamaşaçı simpatiyası” mükafatını qazanıb, həmçinin, Bakı Beynəlxalq Audiovizual Festivalında “Ən yaxşı prodüser” nominasiyasının qalibi olub.

2008-ci ildə rejissoru olduğu “Düyün” bədii filmi Didor International Film Festivalında (Tacikistan) “Ən yaxşı qısametrajlı film”, Rahmat (İran) Beynəlxalq Kino Festivalında isə “Ən yaxşı bədii film” nominasiyalarında, 2010-cu ildə Gibarada (Kuba) VIII International Festival del Cine Pobre Festivalında jürinin xüsusi mükafatının (Mención especial del jurado) qalibi olub.

2011-ci ildə prodüseri olduğu “Arxası qibləyə” qısametrajlı bədii filmi “Humay” mükafatına layiq görülüb. “Arxası qibləyə” filmi dünya kino tarixində saxur dilində çəkilmiş ilk və yeganə filmdir. “Ev” və “Düyün” filmləri “Canal+” (Franca), SVT (İsveç) telekanalları tərəfindən nümayiş hüququ əldə edilib.

Prodüser-təlimçi kimi Bakı Film İnstitunun 3 prodüser kursunun mentor müəllimi olub. 2009-2019-cu illərdə “Butafilm” kino şirkətində prodüser kimi fəaliyyət göstərib, “Buta”, “Nar bağı” filmlərinin prodüser heyətinin üzvü olub. Şirkətdə istehsal edilən “Neftlə çəkilmiş  portret”, “Mənim tanıdığım Vaqif” sənədli filmlərinin rejissorudur. Ardıcıl olaraq milli kinonun aktual problemləri ilə bağlı çıxışlar edən Əli İsa Cabbarov hesab edir ki, Azərbaycan kinosunun inkişafı üçün üç əsas bağlantı çox vacibdir: Kino ilə televiziya arasında əlaqə, kino ilə biznes əməkdaşlığı və kino ilə ədəbiyyatın münasibəti. Onun fikrincə, bu sahələr arasında qurulan effektli körpülər kinonun inkişafını təmin edən əsas dayaqlardır.

Bununla yanaşı, Azərbaycan kinosunun dünya kino mühitində tanınması üçün beynəlxalq ekspertlərin diqqətini cəlb etmək zəruridir. Bu məqsədlə yaradılan kinoyazar.az platformasının ingilisdilli versiyası xarici auditoriyanın Azərbaycan kinosu haqqında məlumat əldə etməsinə imkan yaradır. Onun qənaətinə görə, beynəlxalq marağın formalaşması üçün filmlərin keyfiyyəti, mövzu müxtəlifliyi və rejissor üslubu yüksək səviyyədə olmalıdır.

Əli İsa Cabbarovun təşəbbüsü ilə keçirilən “Mən qadınam” ssenari müsabiqəsinin əsas məqsədi Azərbaycan kinosunda əsas qadın obrazlarının azlığını diqqətə çatdırmaq idi. O hesab edir ki, müstəqillik dövründə çəkilmiş filmlərdə qadın mərkəzli obrazların azlığı kinoda həm mövzu müxtəlifliyinə, həm də aktrisaların yaradıcılıq imkanlarına mənfi təsir göstərib.

O, həmçinin hesab edir ki, milli filmlərin nümayişinə həsr olunmuş ayrıca televiziya kanalının yaradılması Azərbaycan kinosunun təbliği üçün vacib addım olardı. Onun fikrincə, belə bir kanal milli filmlərin reytinqini və tamaşaçı auditoriyasını artırmaqla yanaşı, yeni ekran əsərlərinin daha geniş izləyici kütləsi tərəfindən tanınmasına imkan yaradar.

Kinoşünaslıq sahəsində aktiv olan Əli isa Cabbarov, Vaqif Mustafayev, Yavər Rzayev, Andrey Tarkovski, Lars fon Triyer, Otar İosseliani, Andrey Konçalovskinin yaradıcılığı haqqında analitik məqalələrin müəllifi, Nadir Bədəlovun “Kino gözlə söz arasında”, A.Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar” Azərbaycan nəşrlərinin layihə müəllifidir.

Əli İsa Cabbarov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olaraq kino dərsliklərinin nəşri, film istehsalına dəstək, tələbə filmlərinin istehsalı, vorkşopların keçirilməsi istiqamətində fəaliyyətinin əsas təşəbbüskarlarındandır.

Əlaqədar Yazılar