Əsas ANALİTİKAÖZBƏKİSTAN KİNOSU

ÖZBƏKİSTAN KİNOSU

by editor

Özbəkistan kinosunun formalaşma, inkişaf və post-sovet tənəzzülü dövrlərinə nəzər yetirdikdə Azərbayca kinosu ilə bir çox ortaq xüsusiyyətlərin olduğunu müaşahidə edə bilərik. Bununla belə, özbək kinosunun daha yüksək potensiala sahib olmasını etiraf etmək lazımdır. Bu tendensiyanın ən nəzərəçarpan nümunəsi şübhəsiz ki, 1980-ci ildə Hindistanla ortaq istehsal edilmiş və 74 milyon bilet satışı ilə ittifaq üzrə ən çox izlənən filmlərdən biri olmuş “Əlibaba və 40 quldurun sərgüzəştləri” filmidir. Bu uğurun səbəbini və Özbəkistanın film sahəsindəki potensialını anlamaq üçün özbək kinosunun 100 illik sərgüzəştinə nəzər yetirməliyik.

1913-cü ildə başlayan sərgüzəşt

Özbəkistan kinosu ilə bağlı bilinən yanlış məlumatlardan biri də bu ölkəyə film sənətinin sovet dövründə gəldiyinin düşünülməsidir. Özbəkistanın ilk kinorejissoru və kino texnologiyası sahəsində öncül şəxslərdən olan Xudoybergan Devonov 1913-cü ildə ilk filmini çəkib. O dövrün bir çox erkən filmləri kimi, Devonovun filmi də sənədli janrda idi və “Vətənimizin abidələri” adlanırdı.

Özbəkistan: Mərkəzi Asiyada ilk film studiyasının açıldığı ölkə

1920-ci illərdə Mərkəzi Asiyanın müxtəlif bölgələrində kino istehsalı inkişaf etsə də, bu sahədə ilk addımı Özbəkistan atıb. 1924-cü ildə ölkənin mərkəzində yerləşən Buxara şəhərində Buxkino adlı film studiyası yaradılıb. Bir il sonra, 1925-ci ildə isə Daşkənddə daha böyük miqyaslı “Özbəkfilm” studiyası təsis olunub. Sonrakı illərdə digər Mərkəzi Asiya respublikaları da bu nümunəni izləyiblər. Türkmənistan 1926-cı ildə ilk studiyasını yaradıb, Qazaxıstan 1929-cu ildə sənədli film bölməsi, 1934-cü ildə isə bədii film studiyası təsis edib. Tacikistan 1930-cu ildə sənədli film bölməsi, Qırğızıstan isə 1942-ci ildə eyni bölməni qurub.

Erkən özbək kinosuna Sovet ideologiyasının təsiri

Özbəkistan və digər Mərkəzi Asiya ölkələrində çəkilən ilk bədii filmlərin əksəriyyətinə rus rejissorlar rəhbərlik edirdi və texniki heyət də əsasən Rusiyadan gəlirdi. Bu səbəbdən filmlər sovet ideologiyasını açıq şəkildə əks etdirirdi. Məsələn, “Müsəlman qadını” (1925) və “İkinci arvad” (1927) filmlərində “Şərq qadınının azadlığı” mövzusu əsas yer tuturdu. Bu mövzu sovet respublikalarının ilk illərində önəmli ideoloji xətlərdən biri idi.

İkinci Dünya Müharibəsi – Özbək kinosunun yeni dövrü

Müharibə illərində Sovet rəhbərliyi strateji sənayeləri yenidən yerləşdirməyə məcbur oldu və Mərkəzi Asiya SSRİ-nin əsas kino istehsalı mərkəzinə çevrildi. Lakin bu dövrdə çəkilən filmlərin çoxu Avropa hissəsində gedən müharibə və qəhrəmanlıq motivlərini əks etdirdiyi halda, Özbəkistanda çəkilən filmlər fərqlənirdi. Bu filmlər daha çox inqilabdan öncəki bədii əsərlərin motivlərinə əsaslanırdı. Bu cür filmlər arasında ən məşhuru “Tahir və Zöhrə” (1945) hesab olunur. Bu film “Romeo və Cülyetta”nın özbək versiyası kimi tanınır.

1950–60-cı illər – Özbək kinosunda mövzu dəyişikliyi

1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində Özbəkistan və digər Mərkəzi Asiya respublikalarında kino sahəsi daha formal və institusional xarakter aldı. Hər bir respublikada Kinorejissorlar İttifaqları yaradıldı. Lakin Türkmənistan, Tacikistan və Qırğızıstandan fərqli olaraq – bu ölkələrdə ildə təxminən bir film çəkilirdi – Özbəkistan və Qazaxıstanda film istehsalı daha çox və müxtəlif mövzularla zəngin idi. Özbəkistanın bir çox filmləri tarixi mövzulara həsr olunsa da, bu dövrdə adi insanların gündəlik həyatını əks etdirən filmlər də çəkilməyə başladı.

1960–70-ci illərin sürətli inkişafı

1960 və 1970-ci illər Sovet İttifaqının bütün respublikalarında kino sənayesinin çiçəklənmə dövrü oldu. Qərb ölkələri ilə əlaqələrin genişlənməsi sayəsində bir çox Mərkəzi Asiyalı rejissor ilk dəfə ölkə xaricində işləməyə başladılar. Eyni zamanda, avropalı rejissorlar Mərkəzi Asiyaya gələrək bu bölgənin mövzularını işıqlandıran filmlər çəkdilər. Bu dövr Özbək kinosunda “Yeni Dalğa” və ya “Qızıl Dövr” kimi tanınır. Həmçinin bu illərdə Daşkənd Sovet İttifaqının əsas bədii və mədəni mərkəzlərindən birinə çevrildi – burada həm SSRİ-nin əsas film festivalları, həm də Asiya və Afrika ölkələrinin Beynəlxalq Film Festivalı keçirilirdi.

Hindistanla əməkdaşlıq

Sovet dövründə Özbəkistan və Hindistan arasında bir neçə uğurlu ortaq film layihəsi gerçəkləşmişdi ki, bunların içində ən məşhuru 1980-ci ildə çəkilmiş “Əlibaba və qırx quldurun sərgüzəştləri” filmidir. Bu film özbək rejissor Latif Faiziyev və hindistanlı Umeş Mehra tərəfindən birgə ərsəyə gətirilib və yalnız SSRİ-də 52.8 milyon tamaşaçı toplayaraq həmin ilin ən çox baxılan filmlərindən biri olub; bu göstərici ilə təxminən 35 milyon sovet rublu (təqribən 40 milyon ABŞ dolları) dəyərində gəlir əldə etmişdir. Lakin, bu da Özbəkistanla Hindistanın ilk ortaq filmi deyildi. 1957-ci ildə istehsal olunun “Pardesi”  Mosfilm və Hindistanın “Naya Sansar” studiyası tərəfindən çəkilmişdi; hərçənd, bu filmin kommersiya rəqəmləri o qədər də dəqiq deyil, lakin SSRİ-də geniş yayımlanaraq mədəniyyətlərarası dialoqa töhfə verib. Sonrakı dövrdə isə 1990-cı ildə çəkilən “Ajooba” filmi, Shaşi Kapur və sovet rejissoru Gennadi Vasilyevin ortaq işi olaraq çıxıb; bu film Hindistanda kassada uğursuz olsa da, SSRİ-də daha müsbət qarşılanmış, təxminən 1.1 milyon ABŞ dolları büdcəsi ilə diqqət çəkmişdi. Bu əməkdaşlıqlar təkcə texniki və yaradıcı təcrübə mübadiləsi deyil, həm də Özbəkistan film mühitində hind musiqisi, rəqs və melodram üslubunun yayılmasına səbəb olub.

Bu əməkdaşlıqlar müasir dövrdə də davam etməkdədir. 2018-ci ildə Özbəkistan prezidentinin Yeni Dehli səfəri zamanı Özbəkistan–Hindistan arasında film sektoru da daxil olmaqla 20-dən çox sahədə əməkdaşlıq memorandumu imzalanıb. “Hoichoi Unlimited” (2018) adlı hind filmində çəkilişlər Daşkənd, Xivə və Özbəkistanın digər şəhərlərində aparılıb. 2019-cu ildə Panorama Studios “Khuda Haafiz” filmi üçün Özbəkistanda – Daşkənd və Xiva şəhərlərində 1 milyon dollar büdcəli çəkilişlər həyata keçiribr. 2023-cü ildə Daşkənd Beynəlxalq Film Festivalında Hindistan qonaq ölkə olub, “The Star”, “Ali‑Baba” və “Khiva langari” adlı üç yeni özbək-hind ortaq istehsal layihələri təqdim edilib.

SSRİ-nin tənəzzülü və “Özbəkfilm”in dirçəlişi

SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın kino sənayesi zəifləməyə başladı. Müstəqillik əldə olunduqdan sonrakı on ildə ölkənin film studiyaları cəmi 25 film istehsal edib. Son illərdə isə rəqəmsal texnologiyaların geniş yayılması və “Bollywood” üslubunda məzmunun artması bu sahəni daha da hərəkətə gətirib. Bu filmlər ölkədəki sabit tamaşaçı auditoriyasını nəzərə alaraq çəkilirdi. Hazırda “Özbəkfilm”in məlumatına görə, ölkədə təxminən 700 film studiyası fəaliyyət göstərir və bunlar hər il təxminən 50 rəqəmsal film istehsal edir.

Son illərdə Özbəkistanın kinoteatr infrastrukturu və beynəlxalq əməkdaşlıqları əhəmiyyətli inkişaf göstərib. 2022-ci ildə 99 kinoteatrda 9,588 film nümayiş etdirilmişdi ki, bunlardan 7,778-i yerli istehsal, 1,808-i isə xarici film idi.

2021-ci ildə prezidentin fərmanı ilə Özbəkistan Milli Kinematoqrafiya İnkişafı Mərkəzi yaradıldı. Bu mərkəzin əsas məqsədi milli kinonun inkişafını dəstəkləmək, xarici investorları cəlb etmək və beynəlxalq festivallarda iştirakını təmin etməkdir. Mərkəz, həmçinin milli filmlərin xarici dillərə tərcüməsi və dublyajı ilə də məşğuldur .

2020-2024-cü illər arasında hər il orta hesabla 15-20 arası film istehsal olunur ki, bunlar arasında bəziləri beynəlxalq festivallarda iştirak edib. Məsələn, 2022-ci ildə rejissor Elkin Tuyçiyevin “Fəridənin 2000 nəğməsi” filmi “Berlinale”da yarışaraq müsbət rəylər almış və ölkənin kino sahəsində yeni üfüqlər açmışdır.

Özbəkistanın öz milli kino festivalları mövcuddur. Ən məşhuru “Tashkent International Film Festival” (TİFF) sayılır. Bu festival regionda mühüm hadisə kimi qəbul edilir və Özbəkistanın kino sənayesini təbliğ etmək, yerli və xarici kino işçilərini bir araya gətirmək məqsədi daşıyır. Festivalda MDB ölkələrinin, eləcə də Türkiyə, İran, Hindistan kimi qonşu regionların filmləri nümayiş olunur.

Dövlət dəstəyi çərçivəsində milli kino sənayesi üçün maliyyə vəsaitləri ayrılır, kinorejissorlar üçün təqaüdlər və təlim proqramları təşkil edilir. Bununla yanaşı, “Uzbekfilm” studiyası ilə yanaşı yeni müstəqil kinostudiyalar da inkişaf edir və xarici tərəfdaşlarla koproduksiya layihələri həyata keçirilir.

2020-ci illərdə yeni kinoteatr şəbəkələri yaradılıb, mövcud kinoteatrlar modernləşdirilir. Hazırda ölkədə 100-dən çox kinoteatr fəaliyyət göstərir və ümumi kinoteatr auditoriyası 2 milyondan çox insana çatır. Bu da yerli filmlərin və xarici əsərlərin geniş kütləyə çatmasına imkan yaradır. Qeyd etmək lazımdır ki, bu rəqəm Özbəkistan kimi böyük potensiala sahib ölkə üçün olduqca aşağı, kino sahəsinin parallel inkişaf ediyi digər Mərkəzi Asiya dövlətləri ilə müqayisədə olduqca yüksəkdir.

Seymur Elyazlı

Qeyd: Araşdırma Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aparılıb.

Əlaqədar Yazılar