Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə “Mozg Media Group” tərəfindən istehsal olunan “Qeyb olma” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Filmin quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Daniel Quliyev, ssenari müəllifləri Nərgiz Bağırzadə və Emin Əfəndiyev, prodüseri isə Zaur Mirzəzadədir. Ekran əsərinin baş rollarında Hikmət Rəhimov və Günəş Tegin çıxış edirlər.
“Qeyb olma” – bir qadının yoxa çıxması fonunda bir kişinin iç dünyasının çatlayıb dağıldığı, sükutun qışqırığa çevrildiyi bir ailə dramıdır. 35 yaşlı bank işçisi Fərhad üçün İlahənin yoxluğu sınağa çevrilir. Fərhad axtarışa çıxdıqca, həm İlahənin, həm də özünün bilinməyən tərəflərini kəşf etməyə başlayır.
Qeyd edək ki, “Qeyb olma” layihəsi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən biridir. Filmin 2027-ci ildə tamamlanması gözlənilir.



