Niyə erməni filmləri beynəlxalq mükafatlar qazanır?
Kino ilk yarandığı dövrdə əsasən əyləncə vasitəsi kimi nəzərdə tutulsa da, zaman keçdikcə dövlətlərin mədəni və ideoloji təsir alətlərindən birinə çevrilib. Bu gün kino təkcə incəsənət sahəsi deyil, həm də ölkələrin beynəlxalq imicinin formalaşdırılmasında mühüm rol oynayan “yumşaq güc” vasitəsidir. Bir çox ölkələr bu sahəyə ciddi investisiya qoyur, beynəlxalq əməkdaşlıqlar qurur və kino vasitəsilə öz tarixlərini, mədəniyyətlərini və baxışlarını dünyaya təqdim etməyə çalışırlar. Çox uzağa getmədən qonşu Ermənistanın təcrübəsinə nəzər salmaq kifayətdir. Ermənistanın ən böyük kino platforması olan Qızıl Ərik İrəvan Beynəlxalq Film Festivalı artıq A kateqoriyalı festivala çevrilib. Mövcud inkişaf tempini nəzərə alsaq, yaxın illərdə onun nəinki regionun, hətta Asyanın ən nüfuzlu kino tədbirinə çevriləcəyini proqnozlaşdırmaq şübhəsiz çətin deyil. Ermənistan yalnız ölkə daxilində festival keçirməklə kifayətlənməyib. Xaricdə erməni mədəniyyətini, tarixini və kino sahəsində çalışan gənc mütəxəssisləri tanıtmaq, beynəlxalq əlaqələr qurmaq və yeni əməkdaşlıqlar yaratmaq məqsədilə müxtəlif festivallar təsis edilib.
Bunlardan biri Kanadanın Toronto şəhərində keçirilən Pomegranate Film Festivaldır (POM). Festival əsasən erməni mövzulu, erməni rejissorlarının və prodüserlərinin filmlərinin nümayişinə həsr olunub. Festivalın məqsədi Ermənistan və ermənilər haqqında filmləri tanıtmaq, erməni kino xadimləri üçün platforma yaratmaq, diaspor icmasını kino vasitəsilə bir araya gətirmək və yeni istedadları dəstəkləməkdir.
Digər platforma isə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Arpa International Film Festivalıdır. Bu festival da erməni diasporasının ən tanınmış kino tədbirlərindən hesab olunur və erməni kino istehsalının beynəlxalq auditoriyaya çıxarılmasına xidmət edir.
Bundan başqa, Ermənistanda keçirilən yerli film festivalları da erməni kinosunun və tarixinin dünyanın diqqət mərkəzində olması üçün xeyli çalışır. Misal olaraq Qızıl Ərik İrəvan Beynəlxalq Film Festivalına dəvət olunan, öz üslublarıyla tanınan dünya şöhrətli rejissorları və digər kino mütəxssislərini göstərmək olar. Festivalın keçirildiyi ildən etibarən bu ilə qədər dəvət olunan qonaqların arasında Marko Bellokkio (Marco Bellocchio), Vim Venders (Wim Wenders), Klaudiya Kardinale (Claudia Cardinale), Nikita Mixalkov (Nikita Mikhalkov), Cəfər Pənahi (Jafar Panahi), Fatih Akın (Fatih Akin), Semih Kaplanoğlu (Semih Kaplanoglu), Kim Ki Duk (Kim Ki Duk), Əsgər Fərhadi (Asghar Farhadi), İştvan Sabo (István Szabó) və sair rejissorlar yer alıb. Bundan başqa, Ermənistanda 2003-cü ildən bəri fəaliyyət göstərən Beynəlxalq Qadın Film Festivalı (KIN International Women’s Film Festival) var və qadın rejissorların yaradıcılığının təşviqinə həsr olunan bu festival, qısametrajlı, sənədli və animasiya filmləri qəbul edir. Həmçinin, 2008-ci ildə yaradılan ReAnimania Beynəlxalq Animasiya Film Festivalı (ReAnimania International Animation Film Festival) da Ermənistanın ən nüfuzlu festivallarından biridir ki, animasiya sahəsində işləyən professionaları dəvət edib ustad dərsləri təşkil edir. Beləliklə, animasiya sahəsində karyera qurmaq istəyən yaradıcı gənclərin inkişafına yönəlik təlimlər, tədbirlər təşkil edirlər. Digər erməni film festivallarından Sosse Beynəlxalq Film Festivalı (Sosse International Film Festival) və Fresco Müasir İncəsənət və Mənəvi Filmlər Festivalını (Fresco International Festival of Modern Art and Spiritual Films) misal göstərmək olar. Sosse Beynəlxalq Film Festivalı mənəvi, humanitar və sosial mövzulu filmlərə fokuslanır. Fresco Müasir İncəsənət və Mənəvi Filmlər Festivalı isə gənc və müstəqil rejissorların işlərinə diqqət ayıraraq qısametrajlı və eksperimental filmlər üçün platforma rolunu oynayır.
Yuxarıda qeyd etdiyim kimi, bir çox ölkələr, eləcə də Ermənistan son illərdə kinoya investisiya qoyaraq film sektorunun inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməyə çalışır. Ölkədə ənənəvi qrant maliyyələşdirməsi ilə yanaşı, xarici investisiyaların cəlb edilməsinə və beynəlxalq koproduksiyaların artırılmasına yönəlmiş yeni mexanizmlər tətbiq olunur. 2025-ci ildə Ermənistan hökuməti film istehsalına yatırılan investisiyaların qismən geri qaytarılması (cash rebate) mexanizmini təsdiqləyib. Yeni qaydalara əsasən, film istehsalı ilə bağlı xərclərin 25%-ə qədəri dövlət tərəfindən geri ödənilə bilər. Əgər layihə Ermənistanın turizm potensialının, mədəniyyətinin və ya ölkə imicinin təbliğinə xidmət edirsə, əlavə 10% güzəşt tətbiq olunur və ümumi geri ödəniş 35%-ə qədər yüksələ bilir. Bu sistemdən həm Ermənistan, həm də xarici prodüserlər yararlana bilərlər. Şərtlərdən biri odur ki, film istehsalı zamanı istifadə olunan mallar və xidmətlər Ermənistan rezidenti olan və vergi ödəyən şirkətlərdən alınmalıdır. Bununla hökumət həm kino sektorunu, həm də yerli iqtisadiyyatı stimullaşdırmağı hədəfləyir.
Ermənistan hökumətinin açıqlamalarına görə, bu mexanizmin əsas məqsədi xarici investisiyaların cəlb edilməsi, beynəlxalq ortaq istehsalların artırılması, yerli kino mütəxəssislərinin rəqabət qabiliyyətinin yüksəldilməsi və ölkənin beynəlxalq kino bazarına inteqrasiyasının gücləndirilməsidir. Baş nazir Nikol Paşinyan və mədəniyyət naziri Janna Andreasyan bu mexanizmin Ermənistanın kino sənayesinin beynəlmiləlləşməsinə xidmət edəcəyini bildiriblər. Nazirliyin məlumatına görə, 2019–2024-cü illərdə dövlət tərəfindən kino sektoruna hər il orta hesabla 309 milyon dram vəsait ayrılıb. Eyni dövrdə özəl sektor və prodüserlər tərəfindən orta hesabla 655 milyon dram investisiya qoyulub. Rəsmi qurumlar hesab edirlər ki, investisiyaların geri qaytarılma (cash rebate) sistemi bu göstəriciləri daha da artıracaq. Bununla yanaşı, Ermənistan 2026-cı ildən etibarən kino sektoru üçün yeni “endowment” tipli (əsas kapitalı qorumağa yönəlmiş) maliyyə fondu yaratmağı planlaşdırır. Bu fond mövcud qrant proqramlarını tamamlamalı və xüsusilə gənc rejissorların debüt layihələrinin, uzunmüddətli proqramların və davamlı maliyyələşməyə ehtiyac duyan təşəbbüslərin dəstəklənməsinə xidmət etməlidir. Rəsmi açıqlamalara görə, məqsəd kino sektorunun maliyyə baxımından daha dayanıqlı və özünü təmin edən sistemə çevrilməsidir. Ermənistan hökuməti həmçinin beynəlxalq platformalarla əməkdaşlığı genişləndirməyə çalışır. Rəsmi şəxslərin açıqlamalarında bir sıra beynəlxalq şirkətlər və platformalarla, o cümlədən Netflix ilə memorandumların imzalandığı və yeni təşviq mexanizmlərinin bu əməkdaşlıqların praktik layihələrə çevrilməsinə kömək edəcəyi qeyd olunur. Beləliklə Ermənistanın kino siyasəti hazırda dövlət qrantları, investisiyaların qismən geri qaytarılması (cash rebate), beynəlxalq koproduksiyaların təşviqi və uzunmüddətli maliyyələşmə fondu olmaqla dörd əsas istiqamət üzərində qurulur. Bu yanaşma Ermənistan hakimiyyətinin kinoya yalnız mədəniyyət sahəsi kimi deyil, həm də iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq aləti kimi yanaşdığını göstərir.
Bu festivalların və Ermənistanın kino institutlarına yaratdığı imkanlar nəticəsində İkinci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı filmlər ərsəyə gəlib. 2020-ci ildən etibarən mövzu ilə bağlı tammetrajlı, qısametrajlı, bədii və sənədli olmaqla ümumilikdə 24 film istehsal olunub. (Həmin filmlərin siyahısı cədvəldə qeyd olunub.) Bu filmlərin əhəmiyyətli hissəsi beynəlxalq festivallarda uğur qazanıb və müxtəlif ölkələrlə ortaq istehsal formatında həyata keçirilib.
Məsələn, erməni rejissor Shoghakat Vardanyanın çəkdiyi “1489” (2023) sənədli filmi İkinci Qarabağ müharibəsində itkin düşmüş qardaşını axtaran ailənin hekayəsini təqdim edir. Film IDFA-da “Ən yaxşı sənədli film” və FIPRESCI mükafatlarını qazanıb, həmçinin Trieste, Sofiya, Los-Anceles və Buenos Ayresdə keçirilən festivallarda mükafatlara layiq görülüb.
ABŞ, Fransa, İordaniya və İrlandiyanın birgə istehsalı olan Sareen Hairabedianın “My sweet land” (2024) sənədli filmi müharibənin uşaqların həyatına təsirindən bəhs edir. Film IDA Awards, Sheffield DocFest, FIPA və digər nüfuzlu festivallarda mükafatlar əldə edib.
Emily Mkrtichianın çəkdiyi “There was, there was not” (2024) filmi müharibədən sonrakı dövrdə “Artsax”dan olan dörd qadının həyatını izləyir. Film Golden Apricot Festivalında FIPRESCI mükafatını, Tacoma Film Festivalında isə “Ən yaxşı sənədli film” mükafatını qazanıb.
Garin Hovannisianın “Invisible republic” (2022) sənədli filmi 44 günlük müharibəni jurnalist Likanın qeydləri vasitəsilə təqdim edir. Film Pomegranate Film Festivalında “Ən yaxşı sənədli film” seçilib.
Gor Arushanyanın “Motherland” (2025) qısametrajlı filmi Qarabağ ermənilərinin bölgəni tərk etməsi fonunda bir ailənin hekayəsini danışır. Film Krakow Film Festivalında Qran-Pri və Golden Apricot Festivalında “Apricot Stone” mükafatını qazanıb.
Hasmik Movsisyanın “250 km” (2023) filmi müharibə zamanı ailəsini xilas etməyə çalışan yeniyetmənin hekayəsini ekranlaşdırır. Film Arpa International Film Festivalı da daxil olmaqla bir sıra beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Arman Ayvazyanın “Stones” (2022) sənədli filmi müharibədən sonra Laçın bölgəsində qalan erməni xaçdaşlarının taleyindən bəhs edir. Film Golden Apricot Festivalında Gümüş Ərik mükafatını qazanıb.
Christine Haroutounianın “After dreaming” (2025) filmi müharibədən sonrakı Ermənistanı sürrealist yol filmi formatında təqdim edir. Film Berlin Beynəlxalq Film Festivalında FIPRESCI mükafatına layiq görülüb.
Anna Mkrtumyanın “Armat” (2024) filmi torpaq, yaddaş və identiklik mövzularını araşdırır. Ermənistan, Belçika və Portuqaliyanın birgə istehsalı olan film Golden Apricot Festivalında Gümüş Ərik mükafatı qazanıb.
Hrant Varzhapetyanın “Home” (2024) filmi isə müharibəyə yollanan gənc əsgərin və ailəsinin psixoloji vəziyyətini əks etdirir və Golden Apricot Festivalında mükafat əldə edib.
Müharibə mövzusu dünya kinosunda ən çox işlənən mövzulardan biridir. Müxtəlif ölkələr bu mövzuya fərqli rakurslardan yanaşaraq ön cəbhə, arxa cəbhə, qadınlar, uşaqlar və müharibənin sosial nəticələri haqqında filmlər çəkirlər. Məsələn, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ukrayna kinematoqrafçıları çoxsaylı layihələr hazırlayaraq onları beynəlxalq festivallara və inkişaf proqramlarına təqdim etdilər. Nəticədə bu filmlər beynəlxalq kino mühitində geniş görünürlük qazandı.
Azərbaycanda isə Qarabağ müharibələri ilə bağlı çəkilmiş filmlər arasında beynəlxalq festivallarda göstərilən, geniş mükafatlar qazanan və bir sıra ölkələrin birgə əməkdaşlığıyla istehsal olunan layihələr səviyyəsinə yüksələn nümunələrin sayı olduqca azdır. Xaricdə fəaliyyət göstərən Azərbaycan kino festivalları ümumiyyətlə yoxdur. Ölkə daxilində Bakı Beynəlxalq Film Festivalı, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Animafilm Beynəlxalq Animasiya Festivalı və Sevil Beynəlxalq Qadın Film Festivalı mühüm işlər görsələr də, görünür ki, bu, hələlik beynəlxalq səviyyədə rəqabət apara biləcək Azərbaycan film layihələrinin formalaşması üçün kifayət etmir. Düzdür, Azərbaycan kinosunda da istisnalar yox deyil. Məsələn, “Sükut içində addımlar” filmi Krakov Beynəlxalq Film Festivalında mükafat qazanıb. Qarabağ müharibələri ilə bağlı çəkilən bir sıra filmlər də müxtəlif beynəlxalq festivalların proqramlarına daxil edilib və müəyyən uğurlar əldə edib. Lakin bu nümunələrin sayı və beynəlxalq təsir dairəsi Ermənistanın son illərdə yaratdığı film layihələri ilə müqayisədə kifayət qədər məhduddur. Nəticədə Azərbaycanın yaxın tarixini, müharibə təcrübəsini və ölkənin reallıqlarını beynəlxalq auditoriyaya sistemli şəkildə çatdıran, dünya kino mühitində davamlı görünürlük qazanan ekran əsərlərinin sayı az olaraq qalır. Problem ayrı-ayrı uğurlu filmlərin olmaması deyil, bu uğurların davamlı bir tendensiyaya çevrilə bilməməsidir. Burada ortaya vacib suallar çıxır. Birinci Qarabağ müharibəsində zərər çəkmiş, İkinci Qarabağ müharibəsində isə qalib gəlmiş bir ölkə olaraq niyə müharibə tariximizi beynəlxalq auditoriyaya çatdıran daha çox film istehsal edə bilmirik? Niyə yaxın tariximizlə bağlı güclü ekran əsərləri yaratmaq əvəzinə tez-tez daha uzaq tarixi dövrlərə müraciət edirik?
Azərbaycan kinosunun beynəlxalq arenada daha görünən olması üçün sistemli və uzunmüddətli strategiyaya ehtiyac var. Xarici kino mütəxəssislərinin iştirakı turistik proqramlarla yekunlaşmamalıdır. Onların təcrübəsindən faydalanmaq, yerli kino mütəxəssisləri və tələbələr üçün ustad dərsləri, təlimlər və peşəkar görüşlər təşkil etmək daha faydalı olardı. Məsələn, film festivallarına ciddi dəstək olsa, onlar da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrini prosesə daha fəal şəkildə cəlb edə, tələbələr və gənc kino işçiləri üçün ustad dərsləri, pitçinq sessiyaları, ssenari inkişaf laboratoriyaları və digər təlim proqramları təşkil edə bilər. Eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsi üçün kino sənayesi günləri (Industry Days), koproduksiya bazarları, marketinq və distribusiya üzrə təlimlər keçirilməlidir. Son illərdə film festivalları və Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən müxtəlif ustad dərsləri, təlimlər və pitçinq sessiyaları keçirilsə də, bu fəaliyyətlər hələlik davamlı kino ekosistemi formalaşdıracaq miqyasda deyil. Gənc kino mütəxəssislərinin beynəlxalq bazara çıxış imkanlarının artırılmasına və peşəkar əlaqələr qurmasına daha çox ehtiyac var.
Festivalların əsas məqsədi yalnız film nümayiş etdirmək deyil, tamaşaçı formalaşdırmaqdır. Buna görə də nümayişlər şəhər sakinlərinin rahat iştirak edə biləcəyi saatlarda təşkil edilməli, festivallar daha geniş auditoriyaya çatdırılmalıdır. Hazırda bir çox mədəniyyət tədbirlərindən ictimaiyyətin xəbəri olmur. Kino festivalları və onların proqramları daha effektiv şəkildə reklam edilməli, tamaşaçı ilə əlaqə gücləndirilməlidir.
Azərbaycan filmləri yalnız paytaxt auditoriyası üçün deyil, ölkənin bütün regionları üçün əlçatan olmalıdır. Bunun üçün regionlarda kinoteatr şəbəkəsinin inkişafı, mövcud mədəniyyət evlərinin müasir texniki avadanlıqlarla təchiz olunması və müntəzəm film nümayişlərinin təşkili vacibdir (Azərbaycan Kinematoqrafçıları İttifaqı, Animafilm Beynəlxalq Animasiya Festivalının və Sevil Beynəlxalq Qadın Film Festivalının komandası bu barədə hər il davamlı olaraq əlindən gələni edir). Qonşu ölkələrin öz kino sektorlarının inkişaf üçün istifadə etdikləri və faydalandlandıqları metodlardan istifadə olunsa, ya da yeni effektiv yollar tapılsa, Azərbaycan kinosu da dünyada tanınar.
Qısacası, həll yolları kifayət qədərdir. Əsas məsələ bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atılmasıdır.
Qeyd: Araşdırma Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aparılıb.
| Rejissor | Filmin adı | Film haqqında | Növü | İl, xr. | İstehsalçı ölkə | Link / Uğurları |
| Armen Dallakian | My brother and me | Film 44 günlük müharibədə ön cəbhədə xidmət edən iki qardaşın həyatından və müharibə təcrübəsindən bəhs edir. | sənədli | 2021, 27` | Ermənistan | https://www.themoviedb.org/movie/1472344 |
| Jivan Avetisyan | Revival | Film 2020-ci ildə Qarabağa gedən fransalı robototexnika tələbəsinin hekayəsini təqdim edir. Müharibənin içində qalan gənc həyatını xilas etmək və ailə sirrini açmaq üçün yaratdığı süni intellekt sisteminin imkanlarından istifadə edir. | bədii | 2026 | Ermənistan, Kipr, Litva | https://revivalthefilm.com/title-item/revival/ |
| Merri Mkrtchyan | A story of home | İkinci Qarabağ müharibəsindən sonra Laçın dəhlizi boyunca yeni yolun çəkilməsi səbəbindən bir kənd Azərbaycanın nəzarətinə verilməlidir. Narinenin ailəsi yaşayış yerini tərk edərək yeni məskən axtarmaq qərarına gəlir. | sənədli | 2022, 23` | Ermənistan | https://www.themoviedb.org/movie/1257144-tun |
| Emile Ghessen | 45 days: The fight for a nation | 2020-ci il müharibəsindən bəhs edən film hadisələri erməni tərəfinin baxış bucağından təqdim edərək müharibənin humanitar nəticələrinə və erməni diasporasına təsirinə diqqət yetirir. | sənədli | 2021 | B.Britaniya | https://kinodaran.com/en/title/45_days_the_fight_for_a_nation.html |
| Hrant Varzhapetyan | Home | Film müharibəyə yola salınan gənc oğul və onun böyük erməni ailəsindən bəhs edir. Hamı onu vətən borcunu yerinə yetirən qəhrəman kimi görsə də, 20 yaşlı gəncin daxili hissləri və reallığı daha mürəkkəbdir | bədii | 2024, 14` | Ermənistan, Rusiya | https://www.instagram.com/p/C9c0fXBMyEp/ Golden Apricot award in Short Film Competition |
| Arthur Sukiasyan | Lumen Naturae | 2020-ci il Qarabağ müharibəsində həlak olan oğulları Vardanın ölümündən sonra Roza və həyat yoldaşı Aksel onun xatirəsini yaşatmaq üçün yenidən oğul sahibi olmağa qərar verirlər. Lakin yeniyetmə qızları Ani qardaşının itkisini fərqli şəkildə yaşadığı üçün bu qərarla razılaşmır. | bədii | 2024, 20` | Ermənistan | https://www.imdb.com/title/tt30971392/ |
| Paruyr Nersisyan | Come back | Film müharibənin reallıqlarını yerli mülki əhalinin və döyüş iştirakçılarının gözü ilə təqdim edir. | sənədli | 2021 | Ermənistan | https://en.aravot.am/2021/11/20/293656/ |
| Arnold Ghazaryan | Bad dream | Film müharibədə yaralanmış gənc əsgər və rejissorun hekayəsinə həsr olunub. | sənədli | 2021 | Ermənistan | https://www.instagram.com/p/CXedYwogJZV/ |
| Anahid Yahjian, Garegin Papoyan | Bon Voyage | Film yadlaşma və xatirələrin yükü haqqında poetik bir düşüncədir. | sənədli | 2021 | Ermənistan | https://filmhuisdenhaag.nl/films/hishe-bon-voyage |
| Shoghakat Vardanyan | 1489 | Rejissor 2020-ci ilin sentyabrında hərbi xidmətini başa vurmağa yaxın olan 21 yaşlı tələbə və musiqiçi qardaşı Soqomonun taleyini araşdırmaq cəhdlərini lentə alır. Döyüşlər zamanı itkin düşən Soqomon sonradan yalnız 1489 nömrəsi ilə tanınır. | sənədli | 2023 | Ermənistan | https://www.imdb.com/it/news/ni64327929/ IDFA-da Ən Yaxşı Sənədli Film və FIPRESCI mükafatları (2023), Trieste Film Festivalında Alpe Adria Cinema Award, Sofia Beynəlxalq Film Festivalı, Doc LA və Buenos Aires Beynəlxalq Sənədli Filmlər Festivalında Ən Yaxşı Sənədli Film mükafatları |
| Hakob Melkonyan | Blockade | Film Qarabağdakı erməni yaşayış məntəqəsi olan Çinarinin sakinlərinin həyatından bəhs edir. | sənədli | 2020 | Ermənistan | https://letterboxd.com/film/blockade-2020/crew/ Trieste Film Festivalının Alpe Adria Cinema Award mükafatı ‘Ən Yaxşı Sənədli Film’ namizədi (2021) |
| Vic Gerami | Motherland | Film 2020-ci il müharibəsinin nəticələrini və onun erməni cəmiyyətinə təsirini əks etdirir. | sənədli | 2022 | ABŞ | https://www.imdb.com/title/tt14648264/ Cannes World Film Festivalında Ən Yaxşı Tammetrajlı Sənədli Film mükafatı, Documentaries Without Borders Film Festivalında Excellence Award və rejissorluğa görə Exceptional Merit mükafatı, Pure Magic International Film Festivalı, Florence Film Awards və mükafatları |
| Gor Arushanyan | Motherland | Film Qarabağdakı erməni separatçı qurumunun fəaliyyətinin sona çatdığı günlərdə baş verən hadisələrdən bəhs edir. | bədii | 2025, 21` | Polşa | https://www.krakowfilmfestival.pl/en/movie/4616-motherland/. https://letterboxd.com/film/motherland-2025-1/genres/. https://www.imdb.com/title/tt28628125/awards/?ref_=tt_awd Qızıl Ərik İrəvan Beynəlxalq Film Festivalında Apricot Stone mükafatı Krakov Film Festivalında Ən Yaxşı Qısametrajlı Film üzrə Qran-pri |
| Sareen Hairabedian | My sweet land | Film Qarabağda yaşayan 11 yaşlı Vrejin hekayəsindən bəhs edir. Onun üçün vətəni cənnəti xatırlatsa da, müharibə başlayanda balaca Vrej xalqının ümidlərini çiyinlərində daşımaq məcburiyyətində qalır. | sənədli | 2024 | ABŞ, Fransa İordaniya, İrlandiya | https://www.mysweetlandfilm.com/screenings IDA Awards-da operator işi, montaj və musiqi üzrə mükafatlar qazanıb, FIPA Qran-prisinə, Boston Independent Film Festivalının Böyük Mükafatına və Sheffield DocFest-in Beynəlxalq Debüt Tammetrajlı Film mükafatına layiq görülüb. |
| Hasmik Movsisyan | 250 km | Müharibə qəfil başlayanda 14 yaşlı bir oğlan ailəsi ilə birgə 250 kilometrlik bir səfərə çıxır. | bədii | 2023, 23` | Ermənistan | https://www.krakowfilmfestival.pl/en/film/4174-250-km/ Arpa Beynəlxalq Film Festivalı – Ən yaxşı qısa film, One Shot Beynəlxalq Qısa Film Festivalı – Ən yaxşı erməni qısa filmi, KinoProba Film Festivalı –Grand Prix, Gənc Jüri Mükafatı, Amnesty International – Ən yaxşı qısa film, Gənc Jüri Mükafatı, Corto Dorico Film Festivalı – Ən yaxşı hekayə filmi, São Paulo Film Festivalı – Jürinin “Stellar” mükafatı, Thomas Edison Film Festivalı – Ən yaxşı qısa film, Pomegranate Film Festivalı –Ən yaxşı aktrisa mükafatı, Hasmik Movsisyan üçün Women Film Critics Circle Mükafatı, SR Socially Relevant Film Festival New York – 1-ci mükafat, 51-ci Afina Beynəlxalq Film və Video Festivalı. |
| Arman Ayvazyan | Stones | İkinci Qarabağ müharibəsindən sonra, əraziləri təslim etmə üçün son tarixdən bir neçə gün əvvəl bir qrup könüllü Laçın bölgəsinə daxil olur və “xaçkar” kimi tanınan erməni daş yazılarını tapmağa çalışır. | sənədli | 2022, 17` | Ermənistan | https://artdocfest.com/en/movie/qar_2022_17/ GIK Beynəlxalq Tələbə Film Festivalı (Rusiya) – Qeyri-bədii filmlər üçün ən yaxşı kinematoqrafiya mükafatı, “Соль Земли” (Rusiya) – Nominasiya qalibi, “Окно в Европу” (Rusiya) – münsiflərin xüsusi qeyd mükafatı, “Саратовские страдания” (Rusiya) – münsiflər heyətinin xüsusi mükafatı, “Флаэртиана” (Rusiya) – xüsusi qeyd, Qızıl Ərik Yerevan Beynəlxalq Film Festivalı Apricot ston, Yerevan Qısa Film Festivalı – Ən yaxşı sənədli film |
| Mariam Avetisyan | The desire to live | Film müharibənin Qarabağda yaşayan ermənilərin həyatlarına təsirini göstərir. | sənədli serial | 2021 | Ermənistan | https://thedesiretolivedoc.com/ https://www.youtube.com/playlist?list=PLWvAzO2gNW-sE_NIVxmDzAQ7EsNSAnG75 |
| Christine Haroutounian | After dreaming | Müharibədən sonrakı Ermənistanda bir quyu qazıcısı kəndlilər tərəfindən düşmən zənn edilərək öldürülür. Onlar arıq bir əsgər olan Atomdan, dəfn mərasimi bitənə qədər Claudetti yol səfərinə aparmasını xahiş edirlər. Yol boyu bu ikisi arasında bir bağ yaranır və ölkənin vəziyyəti haqqında söhbət edirlər. | bədii | 2025 | Ermənistan, ABŞ, Meksika | https://www.imdb.com/title/tt35437028/ 75-ci Berlin Beynəlxalq Film Festivalı FIPRESCI Mükafatı – Forum bölməsi, 22-ci Yerevan Beynəlxalq Film Festivalı “Qızıl Ərik |
| Emily Mkrtichian | There was, there was not | Qarabağdan olan dörd erməni qadın müharibənin nəticələri ilə üzləşir, qeyri-müəyyənlik içində həyatlarını qururlar, lakin yeni bir müharibə hər şeyi yarımçıq qoyur; bəziləri silah götürür, digərləri isə qaçır. | sənədl | 2024 | Ermənistan, ABŞ | https://www.therewastherewasnot.com/ Golden Apricot Beynəlxalq Film Festivalı – FIPRESCI Mükafatı, TACOMA Film Festivalı – Ən Yaxşı Tammetrajlı Sənədli Film və bir çox mükafatlar |
| Garin Hovannisian | Invisible Republic | Qarabağ müharibəsi zamanı reportyor Lika bunkerə sığınır və gündəlik yazmağa başlayır. | sənədli | 2022 | Ermənistan, ABŞ | https://www.imdb.com/title/tt22180554/ |
| Anna Mkrtumyan | Armat | Professor Kristina ilə bir səyahətə çıxaraq aparılan araşdırma torpağın sirrlərinin açılmasına yönəlir — onun mahiyyətini öyrənir və torpaq ilə onun sakinləri arasında yaddaşın və ya əlaqənin olub-olmamasını sual edir. | sənədli | 2024 | Ermənistan, Belçika, Portuqaliya | https://letterboxd.com/film/armat-2024/ Qızıl Ərik İrəvan Beynəlxalq film festivalında Gümüşü Ərik mükafatı |
| Frédéric Tonolli & Niagara Tonolli | Nagorno-Karabakh: How the storks fly | Film mübahisəli anklavda Azərbaycanın 2023-cü il hərbi əməliyyatının nəticələrini araşdırır | sənədli | 2025, 26` | Ermənistan | https://www.youtube.com/watch?v=T4k5zTtyO2g |
Aynur Kazımova









